Sizin yaxşı yaddaşınız var? Bunu sınamaq vaxtıdır!

Xülasə

Bu məşğələdə iştirakçılar dünya üzrə təhsilin təmin olunmasındakı uyğunsuzluqlar və “Hamı üçün Təhsil”ə necə nail olmaq barədə düşünərək kartları yerləşdirməli və cütlər şəklində seçməlidirlər.

Əlaqədar hüquqlar

• Təhsil hüququ
• Fiziki, əqli, ruhi, mənəvi və sosial cəhətdən inkişaf etmək hüququ 
• Bərabərlik hüququ

Məqsədlər

• Təhsil və onun həyatın bütün sahələrinə təsiri barəsində biliyi artırmaq
• Yaddaş və tənqidi təhlil bacarıqlarını inkişaf etdirmək
• Məsuliyyət, insan ləyaqəti və ədalət hislərini formalaşdırmaq

Materiallar

• hər üç və ya dörd iştirakçı üçün 1 oyun kartı dəsti
• 2-ci hissədəki qeydlər üçün kağız və qələmlər

Hazırlıq

• Bütün ifadə kartlarını oxuyun.
• Oyun kartlarının kağızda surətini çıxardın və dayanıqlı olması üçün sərt kağıza yapışdırın. 40 kart kəsin.

Key Date
  • 8 SentyabrBeynəlxalq Savad Günü

Təlimatlar

İştirakçılardan Dünya Təhsil Forumu (WEF) və “Hamı üçün Təhsil” (EFA) barəsində nə bildiklərini soruşun. Lazım gələrsə, qısa şəkildə EFA məqsədlərini və hər kəsin ibtidai təhsilinin olmasına nail olmağın Minilliyin İnkişaf Məqsədlərindən (MDG-lər) biri olduğunu izah edin.

Məşğələnin iki hissədən ibarət olduğunu izah edin: 1-ci hissə, yaddaş oyunu və 2-ci hissə, məsələlərlə bağlı hesabat vermə.

1-ci hissə. Yaddaş oyunu (10 dəqiqə)
İyirmi kart cütü olduğunu bildirin. Hər cütə bir ifadə kartı və bir şəkil kartı aiddir, bu iki kart cütləşdirilməlidir. Kartlardakı bütün ifadələr Hamı üçün Təhsil, insan hüquqları və təhsillə bağlı məsələlərə həsr olunmuşdur.
İştirakçılardan Fikrini cəmləmə, Yaddaş, Pelmanizm və ya Cütlər oyununu bilib-bilmədiklərini soruşun, çünki bu onların dörd nəfərlik kiçik qruplarla oynayacağı oyundur. Qaydaları nəzərdən keçirin: onlar kartları üzü aşağı olmaqla döşəmədə və ya stolun üstündə paylayırlar. Bir nəfər oyuna başlayır və iki kartı çevirir. Əgər kartlardan biri (və ya hər ikisi) ifadə kartıdırsa, oyunçu başlığı və ifadəni ucadan oxuyur (italiklərdə yazılmış sual ikinci hissə üçündür!). Kartlar cütdürsə, oyunçu onları saxlayır və oynamağa davam edir. Əgər kartlar cütləşmirsə, oyunçu onları yenidən arxası üstə çevirir və döşəmədə əvvəlki yerlərinə qoyur. Növbəti oyunçu öz növbəsində iki kart seçir. Bütün kartlar seçildikdən sonra oyun bitir. Ən çox cütlüyü tapa bilən oyunçu qalib gəlir.

2-ci hissə. Məsələlərlə bağlı hesabat vermə (60 dəqiqə)
1. Məsələləri flipçartda qeyd edin. Könüllülərdən siz yazarkən kartlardakı başlıqları oxumağı xahiş edin.
2. Qrupdan onlar üçün daha maraqlı olan dörd – altı məsələni seçməyi xahiş edin.
3. Qrupu 4 və ya 5 nəfərdən ibarət daha kiçik qruplara ayırın. Hər kiçik qrupdan müzakirə etmək istədikləri iki məsələni seçməyi xahiş edin.
4. Məsələlər razılaşdırılıb bölüşdürüldükdən sonra, qruplara seçdikləri iki məsələnin müzakirəsi üçün 20 dəqiqə vaxt verin. Müzakirələr üçün başlanğıc nöqtə kartlarda italiklərlə yazılan sual olmalıdır.
5. 20 dəqiqədən sonra ümumi qrupa hesabat vermək üçün iştirakçıları çağırın. Hər bir məsələyə sırayla toxunun. Hər bir qrupa məlumat vermək üçün 5 dəqiqə vaxt verin və digər iştirakçıların onlara suallarına 5 dəqiqədən artıq vaxt ayırmayın.
6. Bütün qruplar bütün məsələlərlə bağlı hesabat verdikdən sonra təhlilə başlayın.

Təhlil və qiymətləndirməGoto top

Sizin artıq məsələlərin müzakirəsi üçün kifayət qədər vaxtınız olub, ona görə də indi oyunun və iştirakçıların öyrəndiklərinin qiymətləndirilməsinə başlayın:
•    İştirakçılar yaddaş oyununu bəyəniblər?
•    Bu, təhsillə bağlı məsələlərin müzakirəsinə başlamaq üçün yaxşı metoddur?
•    Qruplarda müzakirələr necə gedib? Hər kəs müzakirələrdə iştirak edə bilib?
•    Maneələr həddən artıq çoxdur? “Hamı üçün təhsil” mümkündür?
•    Sizin fikrinizcə, nəyə görə təhsil Minilliyin İnkişaf Məqsədləri sırasındadır?
•    Sizin ölkəniz, icmanız və ya məktəbinizdə təhsil hüququna əsas maneələr hansılardır?
•    Siz, qrupunuz və icmanız ölkənizdə və/və ya inkişaf etməkdə olan ölkələrdə hamı üçün təhsilə nail olunması üçün nə edə bilər?
•    Savad üçün təhsilə diqqət ayrılmasına bu qədər ehtiyacın olduğu bir vaxtda insan hüquqları təhsilinin “unudulması” təhlükəsi var? Əgər belədirsə, bununla bağlı nə edilə bilər?

Fasilitator üçün məsləhətlərGoto top

Bu metoddan istifadə edilməsində məqsəd müzakirə üçün lazım olan məlumatın çatdırılması prosesinə əyləncə elementini gətirməkdir.

Bu məşğələnin aparılması olduqca asandır. Məşğələyə başlamazdan əvvəl, bütün kartları oxuyun. Hansı kartların cüt olduğunu öyrənin. Belə ki, siz oyuna nəzarət edə və cütlərin düzgünlüyünü təsdiqləyə bilərsiniz. Oyunun necə oynanmasını izah edərkən siz cütlərdən birini göstərərək təlimatları nümayiş etdirə bilərsiniz. İfadə və sual arasındakı fərqi izah edin.

Siz iştirakçılara oyunun “Yaddaş” adlandırılmasının səbəbini oyunçuların uyğun kart cütlərini seçmək üçün müxtəlif kartların olduqları yerləri yadda saxlamalı olmaları ilə izah edə bilərsiniz.

2-ci hissədə, siz eyni məsələni iki müxtəlif qrupun müzakirə etməsini təmin edə bilərsiniz. Bu yolla, daha çox fikir irəli sürüləcəkdir. Eyni zamanda, kiçik qruplar müzakirə edəcəkləri məsələlər barəsində müəyyən danışıqlar aparmalı olacaqlar.

Kartların surətini çıxararkən ölçünü artırmaqla onların oxunmasını asanlaşdırmaq yaxşı fikirdir. Əgər siz daha sonra vərəqləri bərk kağıza yapışdırsanız, bu tamamlanmış kartları daha dayanıqlı və tutulması asan edəcəkdir.

Bəzi kartlarda abbreviaturalar, məsələn, WEF (Dünya Təhsil Forumu) göstərilmişdir. Oyunu təqdim edərkən bu hərflərin nə demək olduğunu izah etməyi unutmayın (aşağıdakı “Əlavə məlumat”-a baxın).

Kartların üçdə birindəki ifadələrin 2000-ci ilin aprelində Seneqalın Dakar şəhərində Dün-ya Təhsil Forumunda (WEF) bəyan edilmiş hamı üçün təhsil məqsədlərinə həsr olunduğunu nəzərə alın. Kartların qalan hissəsi insan hüquqları və təhsil məsələlərinə və ya hamı üçün yüksək keyfiyyətli təhsilə nail olunması üçün vacib olan məsələlərə həsr olunmuşdur.

VariantlarGoto top

Əgər 2-ci hissə üçün kifayət qədər vaxtınız yoxdursa, siz “Bircə dəqiqə” məşğələsindəki metoddan istifadə edə bilərsiniz. Hər bir iştirakçıdan seçdikləri kartlardakı məsələlərdən biri barəsində bir dəqiqə ərzində tərəddüd etmədən və ya təkrarlama olmadan danışmağı xahiş edin. Əgər iştirakçıların şifahi təqdimat bacarıqlarını inkişaf etdirməyə ehti-yac duyduqlarını hiss edirsinizsə, bu, yaxşı seçimdir.

2-ci hissədə, siz əvvəlcədən müvafiq başlıqları yazdığınız böyüdülmüş şəkil kartlarını hazırlamaqla vaxta qənaət edə bilərsiniz. Bundan əlavə, xülasələri yazmaq yerinə, bu kartları yapışdıra bilərsiniz. Bu, vaxta qənaət etməyə imkan verəcək və cəlbedici görünəcəkdir.

Sonrakı fəaliyyət üçün təkliflərGoto top

Yaddaş oyununda qaldırılan bir sıra məsələlər sonrakı məşğələlərdə istifadə oluna bilər. Məsələn, əgər siz təhsil və digər sosial ehtiyaclar üçün ayrılan büdcəni hərbiyə istifadə edilən büdcə ilə müqayisə etmək istəsəniz, “Bizim nə qədərə ehtiyacımız var” məşğələsini edə bilərsiniz. Uşaq əməyi və təhsilə çıxışın olmaması kimi məsələlər 100-cü səhifədəki “Aşığın hekayəsi” məşğələsi ilə araşdırıla bilər.

Ideas for actionGoto top

Yaddaş kartları “Hamı üçün Təhsil” layihəsinə əngəl törədən bir sıra problemləri əks etdirir. Qrup tədqiqat aparmaq, həll yolları tapmaq və nəhayət, hərəkətə keçmək üçün hər hansı problemi seçə bilər. Bununla bağlı məsləhət almaq üçün 3-cü fəsildəki "Hərəkətə Keçmək" hissəsinə istinad edin.

Nəyə görə Parlamentinizin deputatlarına məktub yazıb onlardan ölkənizin Dünya Təhsil Forumunda qəbul edilmiş məqsədlərə nail olmaq üçün hansı addımları atdığını soruşmayasınız?

Əlavə məlumatGoto top

Təhsil hüququ ÜİHB-in 26-cı maddəsində əks olunmuşdur. Buna baxmayaraq, dövlətlər pulsuz əsas təhsili hamıya təmin etməyi ümumi şəkildə qəbul edib öhdəlik götürsələr də, real həyatda pulsuz təhsil hamı üçün deyil, yalnız azlıq üçündür.

Hamı üçün Təhsil məqsədi Tailandın Jomtien şəhərində 1990-cı ildə keçirilmiş Hamı üçün Təhsil üzrə Dünya Konfransında müəyyən edilmişdir. Daha sonra, 2000-ci ildə, beynəlxalq ictimaiyyət Seneqalın Dakar şəhərində Dünya Təhsil Forumunda (WEF) bir araya gələrək ibtidai təhsilin təmin olunmasında əldə edilmiş inkişafı nəzərdən keçirmiş və hamı üçün Təhsil öhdəliyinin əhəmiyyətini bir daha vurğulamışdır. 164 ölkədən 1100 iştirakçı Dakar Fəaliyyət Planını qəbul edərək 2015-ci ilə qədər hamı üçün keyfiyyətli ibtidai təhsilə nail olmaq öhdəliyi götürdülər. Bütün beynəlxalq aktorların fəaliyyətinin koordinasiya edilməsi və qlobal səviyyədə dəstəyin təmin edilməsi YUNESKO həvalə edildi. Fərqli ölkələrin müxtəlif maneələrlə üzləşdiyi qəbul edildi. Məsələn, bəzi ölkələrdə resurslar kifayət etmədiyi halda, digərlərində siyasi iradə lazımi səviyyədə nümayiş etdirilmir. Görüşün nəticələrindən biri Hamı üçün Təhsilin məqsədləri və hədəflərinə nail olunması üçün ölkələr daxilində (regional və beynəlxalq agentlik və qurumlarla əməkdaşlıqla dəstəklənən) genişmiqyaslı tərəfdaşlıqların yaradılmasının əhəmiyyətinin vurğulanması oldu. Görüş zamanı təhsilin iyirmi birinci əsrdə davamlı inkişaf, sülh, cəmiyyətin səmərəli iştirakı və dayanıqlı iqtisadiyyat üçün fundamental əhəmiyyəti qeyd olundu. WEF-in vacib nəticəsi spesifik məqsədlərin müəyyən edilməsi, həmin məqsədlərə nail olunması üçün vaxt məhdudiyyətlərinin qoyulması, eləcə də Hamı üçün Təhsilə nail olmaq üçün bütün səviyyələrdə görülməli olan işlərin təsvirinin verilməsi oldu. Bu məqsədlərə nail olunması və qeyd edilən işlərin görülməsi isə cəmiyyətin hər bir səviyyəsində hər kəsin Hamı üçün Təhsildən xəbərdar olması və onun uğrunda mübarizə aparması sayəsində mümkün ola bilər.

Mənbə
YUNESKO Hamı üçün Təhsil: Dünya Təhsil Forumu Yekun Hesabatı, 2000.

WEF təşəbbüsü Minilliyin İnkişaf Məqsədlərinin (MDG) qəbul edilməsi ilə üst-üstə düşdü. Dakar məqsədlərindən yalnız ikisi MDG-də öz əksini tapıb. Buraya 2015-ci ilə qədər bütün uşaqlar üçün ibtidai təhsilin təmin edilməsi və gender bərabərliyi daxildir. İki il sonra icra prosesini sürətləndirmək üçün Sürətləndirilmiş Hərəkət Təşəbbüsü (FTI) kimi tanınan maliyyələşdirmə mexanizmi yaradıldı; onun qurulmasında məqsəd iki MİM-i təbliğ etmək idi və burada ibtidai təhsilin “tamamlanmasına” ona “çıxışın təmin edilməsindən” daha çox diqqət ayrılır.

Beləliklə, EFA məqsədləri Minilliyin səkkiz İnkişaf Məqsədlərinə (MDG) qlobal səviyyədə nail olunmasına töhfə verir. Hamı üçün Təhsil və MİM-lər arasında əlaqə haqqında daha çox məlumat üçün baxın: www.norrag.org.

Siz aşağıdakı saytları oxuya bilərsiniz:
– Hamı üçün Təhsil üzrə Qlobal Nəzarət Hesabatı: www.unesco.org/en/efareport
– Təhsil üçün Qlobal Hərəkat: www.campaignforeducation.org
– Təhsil Hüququ Layihəsi: www.right-to-education.org

Paylanmalı materiallarGoto top

PDF kimi yüklə

 

Pul və Təhsil
Pul olmadan hökumətlər öz öhdəliklərini həyata keçirə bilməzlər. Bu, həmçinin, standartlarla bağlı məsələdir; az maaş alan müəllimlər və materialların çatışmazlığı keyifiyyətli təhsili təhlükə altında qoyur. Pul olmasa, təhsil də yoxdur! Razısınız?
 

Gender bərabərliyi və Təhsil
2015-ci ilə qədər bir çox ölkələr təhsildə gender bərabərliyi istiqamətində mühüm addımlar atıblar. Buna baxmayaraq, bəzi ölkələrdə qızlar və qadınların məktəbə getməsi qadağan olunub.
Sizin fikrinizcə, bu hal Hamı üçün Təhsilə olan inama xələl gətirir?

 

Ərzaq və Təhsil
Təhsil üçün Ərzaq (FFE) Proqramları məktəb yeməklərini və/və ya evə aparmaq üçün    porsiyalar təmin etməklə kasıb    uşaqların da sağlam olmasına və təhsil ala bilməsinə şərait yaradır. 
FFE proqramları EfA məqsədlərinə nail olmaq üçün əsasdır?    

Hamı üçün Təhsil
Hamı üçün qlobal Təhsil hərəkatı 2015-ci ilə qədər bütün uşaqlar, gənclər və böyüklərin öyrənmə ehtiyaclarını qarşılamağı hədəfləyir. Aydın şəkildə əldə edilməsi mümkün olmayan məqsədləri qarşıya qoymağın mənası var?
Narkotiklər və Təhsil 
Spirtli içki, siqaret və digər narkotik maddələrdən istifadə bir çox məktəblər/ universitetlərdə problemdir. Bu hallar, şagirdləri təhsildən uzaqlaşdırır və zorakılıq hallarını artırır.    
Məktəbin narkotiklərdən istifadəyə qarşı qatı siyasəti həll yoludur?    
Hərb və Təhsil
Bir çox ölkələrdə büdcənin böyük hissəsi hərbi xərclərə ayrılır və sosial sektor, xüsusilə təhsil üçün kifayət qədər vəsait saxlanmır. Təhlükəsizlik təhsildən daha əhəmiyyətlidir?
Müəllimlər və Təhsil
İxtisaslı müəllimlər olduqca vacibdir. Bununla belə, bir çox inkişaf etməkdə olan ölkələrdə treyninq minimal səviyyədədir.
Bütün məktəb müəllimləri üçün minimum tələb olaraq müəllimlik diplomunun olması qoyulmalıdır?    
Miqrasiya və Təhsil
Təhsil səviyyəsi nə qədər yüksəkdirsə, şəxsin miqrasiya etmək ehtimalı o qədər artır. İnkişaf etməkdə olan ölkələrdən
olan bir çox həkimlər, müəllimlər, mühəndislər və İT mütəxəssisləri Avropada işləyirlər. Bu insanlara öz ölkələrində ehtiyac olduğu halda, Avropanın beyin axınından faydalanmasına mənəvi cəhətdən haqq qazandırmaq olar?

Pulsuz Təhsil        
Hökumətlərin hamıya ibtidai təhsili təmin etmək öhdəliyi vardır. Reallıqda isə bir çox ölkələrdə kasıb ailələr məktəb ödənişlərini edə bilmirlər.

Məktəbin hamı üçün tamamilə pulsuz olması real görünür?

İnsan Hüquqları Təhsili (İHT)
“Hər bir şəxs və cəmiyyətin hər bir qurumu, ÜİHB müddəalarını xatırlayaraq, insan hüquq və azadlıqlarına hörmətin təbliği üçün təhsilə və öyrətməyə töhfə verəcəkdir.“ BMT Baş Assambleyası. Hansı “cəmiyyət qurumları” İHT sahəsində ən effektivdir?
Qloballaşma və Təhsil
Qlobal dəyər şəbəkələri inkişaf etməkdə olan ölkələrin firmalarını müəyyən funk siyalar üzrə ixtisaslaşmağa vadar edir,    məsələn, işin görülməsi üçün az treyninq və təhsil tələb olunan fabriklərdə paltar istehsalı. Qloballaşma təhsilin dəyərini aşağı salır?    
Sülh və Təhsil
Sülh təhsili rəsmi təhsil kurrikulumunun bir hissəsi olmalıdır.
Onun yalnız qeyri-rəsmi təhsil şəraitində öyrədilməsi kifayət deyil.
Sülh təhsilini rəsmi kurrikuluma necə daxil edərdiniz?
İnternet və Təhsil
Bir çox ölkələrdə, informasiya texnologiyası təhsil prosesinin əsas hissəsinə çevrilməklə tədqiqat və ev tapşırığı üçün vacib rol oynayır. Əgər dünyada hər bir uşağın kompyuteri olsa idi, hansı potensial üzə çıxarılardı? Hansı problemlər həll edilərdi?
İdman və Təhsil
İdman həmişə məktəb kurrikulumunda olmalıdır. O, digər fənlərdə öyrədilməyən bir çox məsələləri öyrədir. İdman
bədənin və ağlın tam inkişafı üçün əhəmiyyətlidir. Yuxarıda qeyd edilənlə razısınız yoxsa digər fənlər prioritetləşdirilməlidir, məsələn, texnologiya və bacarıqların treyninqi?
Universitet (ali və sonrakı)
Təhsili ÜİHB-də “hər kəsin təhsil hüququnun olduğu” bəyan edilir. Hamı üçün Təhsildə ibtidai təhsil, savadlılıq və riyazi biliklərə diqqət ayrılır. Təhsil hüququ ali və sonrakı təhsili əhatə etməlidir?
Sosial Təcrid və Təhsil
Bəzi Avropa ölkələrində roma uşaqları roma olduqlarına görə mexaniki şəkildə əqli cəhətdən çatışmazlığı olan siniflərə
salınırlar. Digərlərində onlar romalar üçün ayrılmış daha aşağı məktəblər və ya siniflərə yerləşdirilirlər.Roma uşaqlarını təhsil sisteminə inteqrasiya etməyin ən yaxşı yolu hansıdır?

Ətraf mühit və Təhsil
Avropada əksər insanların həyat tərzi dayanıqlı deyil. İnsanların öz həyat tərzlərini dəyişərək daha məlumatlı seçimlər etməsi üçün onlar ekoloji əlaqələri, iqtisadiyyat & siyasəti başa düşməlidirlər.

Dayanıqlı inkişaf təhsilini kurrikuluma necə daxil edərdiniz?

Ömürboyu Öyrənmək
Bir çox ölkələrdə böyüklərin savadsız olması mühüm problemdir. EfA məqsədlərindən biri 2015-ci ilə qədər böyüklərin savadlılıq səviyyəsinin 50% inkişaf etdirilməsidir.

Pulu ibtidai təhsilə ayırmaqla gələcəyə investisiya qoymaq yerinə onu böyüklərin savadlanması proqramlarına xərcləmək düzgündür?

Nizam-intizam və Təhsil
Müxtəlif ölkələrdəki məktəblər nizam-intizamı təmin etmək üçün fərqli metodlardan istifadə edir. Buraya fiziki cəzalar, uzaqlaşdırma, əlavə iş, qovulma, məktəb və ya kollec şurasında iştirak daxildir. Sizin fikrinizcə, nizam-intizamı təmin etmək üçün ən yaxşı yanaşma hansıdır?
QİÇS və Təhsil
“QİÇS-ə qarşı müharibədə qalib gəlinməli ilk döyüş onun ətrafında formalaşmış sükunət və utanma divarını yıxmaqdır”
(Kofi Annan).
QİÇS-lə mübarizədə təhsil qurumlarının rolu nə olmalıdır?