İnsan hüquqları qoruyucu təbəqə kimidir: onlar sizi mühafizə edir; onlar qaydalar kimidir, çünki sizə necə davranmalı olduğunuzu deyirlər; və onlar hakimlər kimidir, çünki onlara müraciət edə bilərsiniz. Onlar mücərrəddir – hislər kimi; həmçinin, hislər kimi onlar hamıya məxsusdur və nəyin baş verməsindən asılı olmayaraq mövcuddur. Onlar təbiət kimidir, çünki onlar pozula bilər; həmçinin, ruh kimidir, çünki onlar məhv edilə bilməz. Zaman kimi onlar hamımızla eyni cür rəftar edirlər – varlı və kasıb, qoca və cavan, ağ və qara, hündür və alçaqboylu olmağımızdan asılı olmayaraq. Onlar bizə hörməti təklif edir və bizdən başqalarına hörmətlə yanaşmağı tələb edir. Yaxşılıq, həqiqət və ədalət kimi biz bəzən onların tərifi ilə razılaşmaya bilərik, lakin onlar pozulduqda biz bunu başa düşürük.

Sual: İnsan hüquqlarına necə tərif verərdiniz? Onların nə olduğunu necə izah edərdiniz?

Biz nəyəsə insan hüququ dedikdə, cəmiyyətdən bu hüququ hüquqi vasitələr, eləcə də təhsil və ictimai fikir vasitəsilə qorumağı tələb edə bilməyimiz nəzərdə tutulur.
Con Stüart Mil

Hüquq bizim haqlı olaraq irəli sürdüyümüz tələbdir. Əgər bazarlıq səbətimdəki məhsullar üçün ödəniş etmişəmsə, onlara hüququm çatır. Əgər ölkənin konstitusiyasında nəzərdə tutulubsa, vətəndaşların prezidenti seçmək hüququ var və əgər uşağın valideynləri ona söz veriblərsə, onun zooparka aparılmaq hüququ var. Bütün bunlar qarşı tərəf vəd etdikdə və ya zəmanət verdikdə insanların gözləyə biləcəyi təminatlardır. İnsan hüquqları isə daha fərqli və üstün tələblərdir. Onlar qarşı tərəfin vədləri və ya zəmanətlərindən asılı deyillər. Şəxsin yaşamaq hüququ başqasının onu öldürməmək vədindən asılı deyil: onların həyatı ola bilər, yaşamaq hüquqları deyil. Onların yaşamaq hüququ yalnız bir məsələdən asılıdır: onların insan olmasından

İnsan hüquqlarını qəbul etmək hər kəsin bu iddiaları irəli sürə bilməsini qəbul etmək deməkdir: Sizin nə deməyinizdən və ya nə etməyinizdən asılı olmayaraq mənim hüquqlarım var, çünki mən də sizin kimi insanam. İnsan hüquqları bütün insanların doğuşdan malik olduğu hüquqlardır. Nəyə görə bu tələbin hər hansı xüsusi davranışla dəstəklənməsinə ehtiyac yoxdur? Nəyə görə insanlardan öz hüquqlarına layiq olmasını tələb etməməliyik? İnsan hüquqları iddiası özlüyündə mənəvi bir tələbdir və mənəvi dəyərlərə əsaslanır. Mənim yaşamaq hüququm heç kəsin mənim həyatımı mənim əlimdən almamalı olduğu deməkdir; bunu etmək yanlışdır. Belə ifadə edildikdə tələbin dəstəyə ehtiyacı qalmır. Çox güman ki, hər bir oxucu bununla razılaşar, çünki bizim hamımız həyatımızın və mövcudluğumuzun özümüzlə bağlı müəyyən aspektlərinin bizim kim-liyimiz və şəxsiyyətimiz üçün mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq onların toxunulmaz olmalı olduğunu və başqaları tərəfindən pozulmamalı olduğunu başa düşürük; onlar bizim insanlığımız və ləyaqətimiz üçün önəmlidir. İnsan hüquqları olmadan biz öz potensialımızı tam reallaşdıra bilmərik. İnsan hüquqları sadəcə bu anlayışı fərdi səviyyədə planetdəki hər bir insana şamil edir. Əgər mən bu tələbləri irəli sürə bilirəmsə, ondan hər kəs bunu edə bilər.

Hər dəfə ədalət öldükdə, sanki o, heç vaxt mövcud olmayıb.
Joze Saramaqo

Sual: Başqasının yaşamaq hüququnu pozmaq niyə yanlışdır? Onların həyatını almaq niyə yanlışdır? Bunlar eyni suallardır?

Əsas dəyərlər

Mən ölüm hökmünü cəmiyyətin mənəvi və hüquqi əsaslarını təhlükə altında qoyan qəddar və mənəviyyatsız bir addım hesab edirəm. Mən inanıram ki, ... qəddarlıq yalnız qəddarlığa təkan verir.
Andrey Saxrov

İnsan hüquqları ideyasının əsasında dayanan iki başlıca dəyər insan ləyaqəti və bərabərlikdir. İnsan hüquqları layiqli həyat üçün vacib olan əsas standartlar kimi başa düşülə bilər; onların universallığı isə, ən azından bu sahədə, bütün insanların bərabər olması ilə bağlıdır. Biz onlar arasında ayrı-seçkilik etməməliyik və edə bilmərik. Bu iki inam və ya dəyər, həqiqətən də, özünü insan hüquqları ideyasına həsr etmək üçün tələb olunan hər şeyi əhatə edir və onlar mübahisəli deyil. Buna görə də, insan hüquqları dünyadakı hər mədəniyyət, hər sivil hökumət və hər əsas dindən dəstək alır. Demək olar ki, universal olaraq dövlət gücünü məhdudiyyət qoyulmadan və ya birtərəfli qaydada tətbiq edilə bilməz; dövlətin yurisdikasiyası altında olan bütün insanların müəyyən minimum insan ləyaqəti tələblərinə uyğun şəkildə yaşaya bilməsi üçün dövlətin gücünə müvafiq səviyyədə məhdudiyyət qoyulmalıdır.

Bu iki fundamental dəyərdən bir çox digər dəyərlər çıxarıla və onlar insanlar və cəmiyyətlərin praktikada necə birgə mövcud olmasını daha dəqiq şəkildə müəyyən etməyə kömək ola bilər. Məsələn: Azadlıq: çünki insan iradəsi insan ləyaqətinin mühüm hissəsidir. İradəmizin əksinə nəyisə etməyə məcbur olunmaq bizi ruhdan salır. Digərlərinə hörmət: çünki istənilən şəxsə qarşı hörmətin çatışmazlığı onun fərdiliyi və ləyaqətinin dəyərləndirilməməsinə səbəb olur. Ayrı-seçkiliyə yol verilməməsi: çünki insan ləyaqəti ilə bağlı bərabərlik o deməkdir ki, biz digər insanların hüquq və imkanlarını onların xüsusiyyətləri əsasında mühakimə etməməliyik. Dözümlülük: çünki dözümsüzlük fərqliliyə hörmətin çatışmaması deməkdir; bərabərlik eynilik demək deyil. Ədalət: çünki bərabər insanlar ədalətli rəftara layiqdir. Məsuliyyət: çünki digərlərinin hüquqlarına hörmət şəxsin hərəkətlərində bütün hüquqların təmin edilməsinə səy göstərilməsi ilə bağlı məsuliyyət doğurur.

İnsan hüquqlarının xüsusiyyətləri

Ağrı sizin üçün olduğu kimi başqaları üçün də xoşagəlməz haldır. Bu bərabərlik prinsipindən xəbərdar olaraq başqalarına hörmət və şəfqətlə yanaşın.
Suman Suttam

Filosoflar insan hüquqlarının təbiəti barəsində müzakirələrinə davam edə bilərlər, lak-in beynəlxalq ictimaiyyət 1948-ci ildə Ümumdünya İnsan Hüquqları Bəyannaməsini qəbul etməklə insan hüquqlarının təmin olunması üzrə diqqətəlayiq öhdəlik götürməyə başlamışdır. Həmin vaxtdan bəri beynəlxalq ictimaiyyət bir çox beynəlxalq, regional və ölkədaxili hüqu-qi vasitələrə ÜİHB-in güclü anlayışlarının daxil edilməsinə nail olmuşdur. ÜİHB-in hüquqi cəhətdən öhdəlik yaratması nəzərdə tutulmamışdı, lakin sonradan bir çox hüquqi öhdəlik yaradan müqavilələrdə (digər adı ilə “konvensiyalar” və ya “paktlar”) ÜİHB normalarının əks olunması hazırda onun malik olduğu hüquqi qüvvəni danılmaz edir. Aşağıdakı prinsiplər əsas götürülür:

İnsan hüquqları alına bilməz.                                                                   

Bu, o deməkdir ki, siz onları itirə bilməzsiniz, çünki onlar sizin insan olmağınız faktı ilə yaxından bağlıdır və anadangəlmə bütün insanlara xasdır. Fövqəladə hallarda on-lardan bəziləri – hamısı deyil – dayandırıla və ya məhdudlaşdırıla bilər. Məsələn, bir şəxs cinayət törətməkdə təqsirli bilinərsə, onun azadlıq hüququ əlindən alına bilər; yaxud milli fövqəladə halla bağlı hökumət ictimai şəkildə bəyan etməklə müəyyən hüquqların təmin olunmasını dayandıra bilər, məsələn, komendant saatı tətbiq etməklə hərəkət azadlığını məhdudlaşdırmaq.

İnsan hüquqları bölünməz, qarşılıqlı asılı və əlaqəlidir.

Bu, o deməkdir ki, müxtəlif insan hüquqları daxilən bir-biri ilə əlaqəlidir və bir-birindən ayrı nəzərdən keçirilə bilməz. Bir hüququn təmin olunması bir çox digər hüquqlardan asılıdır və heç bir insan hüququ digərlərindən daha əhəmiyyətli deyil.

İnsan hüquqları universaldır.

O deməkdir ki, onlar dünyadakı bütün insanlara vaxt məhdudiyyəti qoyulmadan bərabər şəkildə şamil olunur. Hər bir insanın “irqi” və ya etnik mənşəyi, dərisinin rəngi, cinsi, əlilliyi, dili, dini, siyasi və ya digər baxışları, milli və ya sosial mənşəyi, anad-anolma və ya digər statusuna görə fərq qoyulmadan öz hüquqlarından istifadə etmək haqqı vardır.

Dövlət suveren-liyi məsuliyyət yaradır və vətəndaşlarının qorunması üzrə ilkin məsuliyyət dövlətin üzərinə düşür. Müdaxilə və Dövlət Su-verenliyi üzrə Beynəlxalq Komissiyanın Hesabatı, 2001

Qeyd etməliyik ki, insan hüquqlarının universallığı heç bir halda fərdlərin zəngin fərqliliyini və ya müxtəlif mədəniyyətləri təhlükə altına almır. Universallıq eynilik demək deyil. Fərqlilik hamının bərabər olduğu və hörmət olunduğu dünyada mümkündür. İnsan hüquqları bütün insanlara tətbiq olunan minimum standartlar kimi xidmət edir; hər bir dövlət və cəmiyyət daha yüksək və daha spesifik standartları müəyyən etməkdə və tətbiq etməkdə azaddır. Məsələn, iqtisadi, sosial və mədəni hüquqlar sahəsində bizim bu hüquqların tam reallaşmasını tədricən təmin etmək üçün addımlar atmaq öhdəliyimiz var, lakin buna nail olmaq üçün vergiləri qaldırmaqla bağlı qəti mövqe mövcud deyil. Hər bir dövlət və cəmiyyət öz şərtlərinə uyğun olaraq belə siyasətləri qəbul etməlidir.

Tarixi çərçivə

İnsanların anadangəlmə müəyyən hüquqlara malik olması fikri bir çox mədəniyyətlər və ənənələrdə kök salmışdır. Biz bir çox möhtərəm liderlərin və mühüm təsirə malik davranış kodekslərinin nümunəsində insan hüquqları dəyərlərinin nə “Qərb tərəfindən yaradılmadığını”, nə də 20-ci əsrin ixtirası olmadığını görürük. Onlar universal insan ehtiyaclarına və ədalət axtarışlarına cavabdır. Bütün insan cəmiyyətlərinin öz şifahi və ya yazılı ənənələrində əks olunan idealları və ədaləti təmin etmək üçün sistemləri olub, lakin heç də onların hamısı günümüzə qədər gəlib çatmayıb.

Qədim Tarix

  • Babildə Hammurapi Qanunları (İraq, e.ə. 2000) Babil kralı tərəfindən hazırlanmış ilk yazılı hüquqi qanun idi. Burada “krallıqda ədalətin hökm sürməsini təmin etmək, pislik və zorakılığı aradan qaldırmaq, güclünün zəifi istismar etməsinin qarşısını almaq, ... ölkəni maarifləndirmək və insan rifahını yaxşılaşdırmaq” vəd olunurdu.
  • Qədim Misir Fironu (e.ə. 2000), deyilənə görə, onun əmri altında olanlara göstəriş vermişdir ki, “Yuxarı və ya Aşağı Misirdən şikayətçi gəldikdə ... hər şeyin qanuna uyğun olaraq edilməsi təmin olunsun, qaydalara əməl edilsin və hər kəsin hüququ-na hörmət edilsin.”
  • Kirin Qanunları (İran, e.ə. 539) İran kralı tərəfindən öz krallığındakı insanlar üçün hazırlanmışdı və azadlıq, təhlükəsizlik, dini dözümlülük hüquqlarını, hərəkət azadlığını, köləliyə məruz qalmamaq hüququnu və bəzi sosial və iqtisadi hüquqları əhatə edirdi.Konfutsinin nəzəriyyəsində (e.ə. 500) şəfqət anlayışı və digərlərini sevmək mərkəzi yer tutur. Konfutsi demişdir ki, “Özün üçün arzulamadığını başqalarına da arzulama”. ÜİHB-nin hazırlanmasında fəal rol oynamış,
  • Konfutsianizm üzrə çinli mütəxəssis Dr. Penq-çun Çanq Konfutsianizmin insan hüquqları ideyalarının əsasında dayandığına inanırdı. İmam Əli İbn Əl Hüseyn eramızın 8-ci əsrində Hüquqlar üzrə Məktub yazmışdı.
  • Malik olduğumuz məlumatlara əsasən, bu məktub həmin dövrdə qəbul edilən əsas hüquqları əks etdirən ilk sənəd və hüquqlar anlayışına mənfi tərəfdən yanaşmayan ilk cəhd idi. Məktub metodoloji olaraq 50 hüququ sıralayırdı. Həmin hüquqlar İslamın ilk öyüdlərinin ruhunda özünü göstərir.
  • Charte du Mande (b.e. 1222) və Charte de Kurukan Fuga (b.e. 1236), Qərbi Afrikanın şifahi ənənələrinin kodifikasiyasına əsaslanaraq desentralizasiya, ətraf mühitin qorunması, insan hüquqları və mədəni müxtəliflik prinsiplərini rəhbər tutur.

İnsan digərləri vasitəsilə insan olur.

  • Afrika yanaşması olan “ubuntu” insan olmağın əsasında nəyin dayandığını əhatə edir. Ubuntu icmanın bütün üzvlərinə münasibətdə hörməti, qonaqpərvərlik və əliaçıqlığı vurğulayır. Ubuntu anlayışı qısa şəkildə belə ifadə oluna bilər: “İnsan digər insanlar vasitəsilə insandır”. Bu anlayışın insan hüquqları üçün dərin nəticələri var. Əgər biz digərləri vasitəsilə insanıqsa, onda digər bir şəxsi insanlıqdan çıxardıqda biz də insanlıqdan çıxırıq – digərlərinin hüquqlarını təmin etmək ehtiyacı, bağışlamaq və bağışlanmaq, digərlərinin insan hüquqlarına hörmətlə yanaşmaq məsələləri də burada əhatə olunur.

Sual: Sizin ölkənizin tarixində hansı məhşur şəxslər (siyasi, ədəbi və dini) insan hüquqları dəyərləri uğrunda mübarizə aparıb və ya bu mübarizəyə öndərlik edib?

13-cü əsrdən 18-ci əsrə qədər

"Tarixin hər bir mərhələsində istismara qarşı etiraz səsləri eşidilib; həmçinin, hər dövrdə insanların azad olunması ilə bağlı baxışlar qarşıdurmaya məruz qalıb. Müasir dövrə gəldikdə bu səslər və baxışlar sosial fəaliyyət proqramlarına çevrilib, bəzi hallarda isə dövlətlərin konstitusiyalarına daxil edilib".  Micheline R. Ishay

"Azadlıq özümüz üzərində olan gücümüzdür." Hüqo Qrotsi

Universal insan hüquqları ideyası əsrlər boyu dünyadakı sivilizasiyaların malik olduğu ləyaqət və hörmət anlayışları əsasında formalaşmışdır. Buna baxmayaraq, bu hörmətin qanunda əks olunması fikrinin ortaya çıxması bir çox nəsillərin keçdiyi inkişaf prosesi nəticəsində mümkün olmuşdur. Biz hüquqlar anlayışını leqallaşdırmaqla bağlı qətiyyəti müəyyən tarixi təcrübələrdən aldıq. Bildiklərimiz, əlbəttə ki, tam siyahı deyil. Digər mədəniyyətlərin tarixi üzrə biliklərimiz artdıqca, şübhəsiz, digər mədəniyyətlərdə də hüquqları qanuniləşdirmək üzrə tarixi stimulu aşkarlayacağıq.

  • 1215-ci ildə İngiltərə zadəganları və ruhani təbəqənin üzvləri Azadlıqların Böyük Xartiyasını (Maqna Karta) hazırlamaqla İngiltərə Kralını qanuna əməl etməyə məcbur etdilər. Maqna Karta yalnız imtiyazlı təbəqənin (zadəganlar) hüquqlarını qoruyurdu, buna görə də, özlüyündə insan hüquqları barəsində deyildi. Bu sənəd kralın gücünə məhdudiyyət qoyduğundan və digər insanların hüquq və azadlıqlarını tanıdığından azadlıqların müdafiəsi zamanı geniş şəkildə istinad edilən mənbəyə çevrildi

 Hüquqlar billi insanların dünyadakı hər bir hökumətə qarşı malik olduğu ümumi və ya xüsusi hüquqları əhatə edir. Hər bir ədalətli hökumət onları təmin etməlidir. Tomas Cefferson, 1787

  • 1689-cu ildə İngiltərə parlamenti daha kralın onun işlərinə müdaxiləsinə dözməyəcəyinə dair bill qəbul etdi. Hüquqlar Billi kimi tanınan bu sənəd monarxın Parlamentin razılığı olmadan qanunu ləğv etməsini qadağan etdi, Parlament üzvlərinin azad seçkilərlə seçiləcəyini müəyyən etdi, eləcə də Parlamentdə, məhkəmələrdə və ya digər yerlərdə söz azadlığının sual altına alına bilməyəcəyini bəyan etdi.
  • Hüqo Qrotsi (1583–1645) beynəlxalq hüququ ixtira edən şəxs kimi tanınır. Onun Müharibə və sülh qanunları kitabında yerli qanun və ya ənənələrindən asılı olma-yaraq bütün xalqların əməl etməli olduğuna inandığı, “təbii qanun”a əsaslanan ümumi prinsiplər sistemi təqdim edilir. 17-ci və 18-ci əsrlərdə Avropada bir çox filosoflar “təbii hüquqlar” anlayışını daha da inkişaf etdirdilər.
  • Con Lok (1689) hər bir insanın, hökumət və ya qanunlardan deyil, öz təbiətindən irəli gələn müəyyən hüquqları olduğu barədə nəzəriyyəni inkişaf etdirdi. Əslində, hökumətin legitimliyi onun bu təbii hüquqlara qoyduğu hörmətdən asılı idi. Bu təbii hüquqların insanların müəyyən hüquqi təminatlara malik olmasına təkan verməsi fikri daha geniş şəkildə qəbul olunmağa başladı və bəzi ölkələrin konstitusiyalarına daxil edildi. İnsan hüquqları bu fikiri yenidən formalaşdırdı və hökumətlərlə vətəndaşlar arasındakı əlaqəyə tətbiq etdi.
  • 1776-cı ildə Şimali Amerikadakı əksər Britaniya müstəmləkələri Birləşmiş Ştatlar Azadlıq Bəyannaməsində Britaniya İmperiyasından öz müstəqilliklərini elan etdilər. Bu, əsasən, Lok və Monteskyönün “təbii hüquq” nəzəriyyələrinə əsaslanırdı. Bəyannamədə hökumət gücünün saxlanması və azadlığın qorunmasının vacibliyi inamına əsaslanmaqla müvafiq anlayışların inkişaf etdirilməsi təmin olundu: ayrılmaz hüquqlar; fərdi hüquqların qorunması; söz, mətbuat, petisiya və toplaşmaq azadlığı; şəxsilik; lazımi qanuni proses; qanun qarşısında bərabərlik və din azadlığı.

İstənilən assosiasiyanın məqsədi insanların təbii və ayrılmaz hüquqlarını qorumaqdır. Buraya azadlıq, mülkiyyət, təhlükəsizlik hüquqları və istismara qarşı müqavimət daxildir. İnsan və vətəndaş hüquqları Bəyannaməsi, 1789. Fransa

  • 1789-cu ildə fransız xalqı monarxiyanı devirdi və birinci Fransa Respublikasını yaratdılar. İnsan və Vətəndaş Hüquqları üzrə Fransa Bəyannaməsi inqilabın nəticəsi idi və ruhanilər, zadəganlar və sadə xalqın nümayəndələri tərəfindən yazılmışdı. Burada Maarifçilik hərəkatı xadimlərindən Volter, Monteskyö, Ensiklopediyaçılar və Russonun fikirləri əks olunmuşdu. Bəyannamə monarxiyanın siyasi və hüquqi sistemini hədəf alırdı və insanın təbii hüquqları kimi “azadlıq, mülkiyyət, təhlükəsizlik və istismara qarşı müqavimət hüquqları”nı müəyyən edirdi. Bu bəyannamə monarxiya dövründə mövcud olmuş aristokratik imtiyazlar sistemini qanun qarşısında bərabərlik prinsipi ilə əvəz etdi. Buradakı eqalitar anlayışların və bərabər hüquqlar nəzəri fikrinin reallığa tətbiqi isə müəyyən qədər vaxt aldı. Cəmiyyətdəki bərabərsizlik dərin köklərə malik idi və onun aradan qaldırılması nəsillərin fəaliyyəti nəticəsində mümkün oldu.

İnsan olmaq...təbiətən tam azad, bərabər və müstəqil olmaqdır, heç kim razılığı olmadan digərinin siyasi gücünə tabe olmağa məcbur edilə bilməz. Con Lok

Erkən beynəlxalq razılaşmalar: köləlik və əmək

19-cu və 20-ci əsrlərdə bir sıra insan hüquqları məsələləri önə çıxdı və onların beynəlxalq səviyyədə baxılmasına başlandı, buraya köləlik, təhkimçilik, zalım iş şəraiti və uşaq əməyi daxil idi. Bu dövrlərdə insan hüquqları üzrə ilk beynəlxalq müqavilələr qəbul olundu. Bu müqavilələr faydalı mühafizələr təmin etsələr də, onların əsasında dövlətlər arasındakı qarşılıqlı öhdəliklər dururdu. Bu isə müasir insan hüquqları müqavilələrinə tam ziddir, çünki onlarda öhdəliklər birbaşa fərdi hüquq sahibləri qarşısındadır.

  • 19-cu əsrə keçildiyi bir vaxtda köləlik İngiltərə və Fransada qeyri-leqal elan edildi və 1814-cü ildə Britaniya və Fransa hökumətləri Paris Müqaviləsini imzalayaraq kölə ticarətinə qarşı mübarizədə əməkdaşlıq etməyə başladılar. 1890-cı il Brüssel Konfransında köləlik əleyhinə Akt imzalandı və sonradan on səkkiz dövlət tərəfindən ratifikasiya olundu. Burada Afrikada kölə ticarətinə son qoyulması niyyəti bəyan olunmuşdu.

Azad olub ac qalmaq kök bir kölə olmaqdan daha yaxşıdır. Ezop

  • Lakin burada məcburi əmək və davam etməkdə olan qəddar iş şərtləri əhatə olunmamışdı. Hətta 1926-cı il Beynəlxalq Köləlik Konvensiyası köləliyin bütün formalarının ləğvini nəzərdə tutsa da, 1940-cı illərə qədər məcburi əmək üzrə ümumi praktikaya təsir göstərməmişdi.
  • 1919-cu ildə Beynəlxalq Əmək Təşkilatının (ILO) yaradılması universal və davamlı sülhə yalnız sosial ədalət əsasında nail oluna biləcəyi inamını əks et-dirdi. ILO layiqli və məhsuldar iş, azadlıq, bərabərlik, təhlükəsizlik və ləyaqəti əhatə edən beynəlxalq əmək standartları sistemini inkişaf etdirdi.
  • ILO-nun fəaliyyət sahələrindən biri uşaq əməyi ilə, xüsusilə onun ən pis formaları ilə mübarizə üzrə görülən işlərdir. Hazırda bu sahədə bir çox addımlar atılır, o cümlədən uşaq əməyi məsələri beynəlxalq müqavilələrdə öz əksini tapır, məsələn, Uşaq Əməyinin Ən pis Formaları üzrə 182 saylı ILO Konvensiyası və Minimum İşəgötürmə Yaşı üzrə 138 saylı ILO Konvensiyası.
  • 1899-1977-ci illər arasında beynəlxalq humanitar hüquq sahəsində bir sıra əsas müqavilələr qəbul olundu. Beləliklə, xalqlar arasında erkən əməkdaşlığın başqa bir sahəsi ortaya çıxdı. Beynəlxalq humanitar hüquq silahlı münaqişə zamanı davranışı tənzimləyir. Beynəlxalq humanitar hüququn müxtəlif sahələrində insan hüquqları tətbiq oluna bilər, məsələn, məhbuslarla rəftarla bağlı. Buna baxma-yaraq, beynəlxalq humanitar hüquq münaqişə zamanı bir çox digər məsələlərlə bağlı daha çox ixtisaslaşmışdır və detalları əhatə edir, məsələn, istifadəsinə icazə verilən silahlar və hərbi taktikalarla əlaqədar.

Sual: Sizin fikrinizcə, nəyə görə ayrı-ayrı ölkələrin öz standartlarını müəyyən etməsi yerinə beynəlxalq müqavilələrin imzalanmasına ehtiyac yarandı?

20-ci əsr

İnsanlar dünyanın harasında olmağımızdan asılı olmayaraq insan təbiətinin bənzər olduğunu başa düşə bilmədiyi müddətcə müharibələrə pul xərclənəcək. Pyer Dako

Hökumətin səlahiyyətli qurumlarının istismarına qarşı insanların hüquqlarının qa-nunla qorunması fikri 20-ci əsrdə daha geniş şəkildə qəbul olunmağa başlandı, xüsusilə Millətlər Liqası və Beynəlxalq Əmək Təşkilatının yaradılması, eləcə də onların azlıqların hüquqları, əmək və digər məsələlər üzrə fəaliyyəti buna təkan verdi. Bu hüquqların yazılı formada kodifikasiyasının əhəmiyyəti artıq dövlətlər tərəfindən tanınmışdı. Belə ki, yuxarıda qeyd olunmuş sənədlər günümüzün bir çox insan hüquqları müqavilələri üçün öncül mənbələrə çevrildilər. Buna baxmayaraq, məhz II Dünya Müharibəsi nəticəsində insan hüquqları beynəlxalq səhnəyə çıxarıldı. Bu müharibədə törədilmiş dəhşətli cinayətlər – o cümlədən holokost və kütləvi müharibə cinayətləri – beynəlxalq hüquq orqanının yaradılmasının və insan hüquqlarının hazırda bildiyimiz səviyyədə tanıdılmasının əhəmiyyətini anlamağımıza səbəb oldu. 1945-ci il iyunun 26-da imzalanmış BMT Nizamnaməsi bu inamı əks etdir-di. Nizamnamə BMT-nin bu fundamental məqsədinin “gələcək nəsilləri müharibə bəlasından qorumaq” və “fundamental insan hüquqları, insan ləyaqəti və dəyəri, kişi və qadınların bərabər hüquqlarına olan inamı yenidən təsdiqləmək” olduğunu bəyan edir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi (ÜİHB) BMT qurumlarından biri olan İnsan Hüquqları Komissiyası tərəfindən hazırlanmış və 1948-ci il dekabrın 10-da Baş Assambleya tərəfindən qəbul olunmuşdur. ÜİHB şübhəsiz inqilabi bir sənəddir və ən vacib insan hüquqları vasitəsi olmağa davm edir. Hüquqi cəhətdən öhdəlik yaratma-sa da, ÜİHB milli, regional və ya beynəlxalq səviyyədə insan hüquqları üzrə çoxsaylı öhdəliklər üçün ilham qaynağı olmuşdur. O vaxtdan bəri onun prinsiplərini qorumaq üçün bir sıra əsas vasitələr hazırlanmış və beynəlxalq ictimaiyyət tərəfindən razılaşdırılmışdır. Həmin beynəlxalq müqavilələrin bəziləri haqqında daha geniş məlumat bu fəsilin sonrakı hissələrində verilmişdir.

Dünya üzrə insan hüquqları

Ümumdünya İnsan Hüquqları Bəyannaməsi qəbul edildikdən sonra dünyanın bəzi regionları insan hüquqlarının qorunması üçün BMT ilə yanaşı mövcud olan sistemlər yaratmışlar. Hazırda Avropa, Amerika və Afrikada regional insan hüquqları institutları vardır. Eyni zamanda, Ərəb dünyası və ASEAN regionunda (Cənub-şərqi Asiya Xalqları Assosiasiyası) regional insan hüquqları standartlarının instutisionallaşdırılması üzrə müəyyən addımlar atılmaqdadır. Buna baxmayaraq, dünyanın bu hissəsindən olan ölkələrin əksəriyyəti əsas BMT müqavilələri və konvensiyalarını ratifikasiya etmişdir – bununla da, ümumi prinsiplərə razılıqlarını bildirmiş və könüllü şəkildə beynəlxalq insan hüquqları hüququ üzrə öhdəlik götürmüşlər. Avropada müxtəlif insan hüquqları standartları və mexanizmləri qitənin insan hüquqları üzrə nəzarətçisi olan Avropa Şurası tərəfindən təmin edilir. Onun Avropa Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsi üzrə rolu aşağıda daha geniş şəkildə izah olunacaqdır. Avropa Şurası ilə yanaşı Avropa İttifaqı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) da mühüm rol oynayır. presumption of innocence.

Avropa İttifaqı

Avropa İttifaqının insan hüquqlarının qorunması üzrə öhdəliyi 2009-cu il dekabrın 1-də qüvvəyə minmiş və Avropa İttifaqı Fundamental Hüquqlar Xartiyasına tam hüquqi qüvvə vermiş Lissabon Müqaviləsi ilə geniş vüsət aldı. Mülki, siyasi, sosial və iqtisadi hüquqları əhatə edən Xartiya həm üzv dövlətlərin, həm də Avropa İttifaqının bu hüquqlara əməl etməsini tələb edir. Avropa İttifaqının Ədalət Məhkəməsi Xarti-yaya zidd olan Aİ qanunvericiliyini ləğv edəcək və üzv dövlətlərin Aİ hüququna əməl etməsinə nəzarət edəcəkdir. Lakin gündəlik icra ilə bağlı məsələlərə dövlətlərin daxili məhkəmələrində baxılacaqdır. Xartiya hüquqları altı “sərlövhə” və ya başlıq altında təqdim edir: ləyaqət, azadlıq, bərabərlik, həmrəylik, vətəndaşların hüquqları və ədalət. “Ləyaqət” başlığı yaşamaq hüququnu təmin edir və işgəncə, köləlik və ölüm hökmünü qadağan edir; “azadlıq” başlığı altında şəxsilik, evlilik, düşüncə, ifadə, toplaşmaq, təhsil, əmək, mülkiyyət və sığınacaq hüquqları verilir; “bərabərlik” başlığı uşaqların və yaşlıların hüquqlarını əhatə edir; “həmrəylik” sosial və işçi hüquqlarını, ədalətli iş şəraiti, əsaslandırılmamış işdən çıxarılmaya qarşı qorunma və səhiyyə xidmətlərinə çıxışı müdafiə edir; “vətəndaşların hüquqları” başlığı səs vermək hüququnu və hərəkət azadlığını əhatə edir və “ədalət” başlığında təsirli vasitə, ədalətli mühakimə hüququ və təqsirsizlik prezumpsiyası əks olunur. Fundamental Hüquqlar Agentliyi (FRA) Avropa İttifaqı ərazisində fundamental hüquqlar üzrə vəziyyətlə bağlı dəlilləri toplayan ixtisaslaşmış orqandır və mövcud vəziyyəti yaxşılaşdırmaq üçün məlumat və məsləhəti təmin edir. Bu Agentlik nəzarətçi rolu oynamır, əksinə fundamental hüquqlarla bağlı vəziyyətin yaxşılaşdırılması üçün lazımi məsləhətləri verərək müvafiq institutlarla əməkdaşlıq edir.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Avropa, Mərkəzi Asiya və Şimali Amerikadan 56 dövləti bir araya gətirir. Bu təşkilat məhz insan hüquqlarının qorunması ilə məşğul olmasa da, onun təhlükəsizliyə dolğun yanaşması geniş həcmdə məsələləri, o cümlədən insan hüquqları, milli azlıqlar, demokratikləşmə, asayiş strategiyaları, terrorizm əleyhinə mübarizə, iqtisadi və ətraf mühit məsələlərini nəzərdən keçirməyə imkan verir. ATƏT-in insan hüquqları sahəsində fəaliyyəti Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Büro vasitəsilə həyata keçirilir. Varşavada yerləşən Büro (ODIHR) ATƏT çərçivəsində seçkilərə nəzarət, demokratik inkişaf, insan hüquqları, dözümlülük, ayrı-seçkiliyin qarşısının alınması və qanunun aliliyi sahələrində fəaldır. Onun gənclərlə bağlı fəaliyyətinə insan hüquqları təhsili, antisemitizmə və İslamafobiyaya qarşı mübarizə daxildir.

Amerika Dövlətləri Təşkilatı

Amerika regionunda insan hüquqları standartları və mexanizmləri 1948-ci il İnsan Hüquqları və Öhdəlikləri üzrə Amerika Bəyannaməsində və 1969-cu il İnsan Hüquqları üzrə Amerika Konvensiyasında öz əksini tapmışdır. Eyni zamanda, qaçqınlar, işgəncənin qarşısının alınması və cəzalandırılması, ölüm hökmünün ləğvi, itkin düşmələr, qadınlara qarşı zorakılıq, ətraf mühit və digər məsələlərlə bağlı spesi-fik vasitələr qəbul olunmuşdur.

Afrika İttifaqı

İnsan və Xalqların Hüquqları üzrə Afrika Xartiyası 1986-cı ilin oktyabrında qüvvəyə minmiş və 2007-ci ilədək 53 dövlət tərəfindən ratifikasiya olunmuşdur. Xartiya dünyanın digər hissələrində qəbul olunmuş müqavilələrdən bir sıra xüsusiyyətlərinə görə fərqlənir:

Hər kəsin onun şəxsiyyətinin azad və tam şəkildə reallaşmasının mümkün olduğu icmaya münasibətdə öhdəlikləri var. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi

  • Avropa və ya Amerika Konvensiyalarından fərqli olaraq Afrika Xartiyası so-sial, iqtisadi və mədəni, eləcə də mülki və siyasi hüquqları eyni müqavilədə əhatə edir.
  • Afrika Xartiyası fərdi hüquqlardan daha irəli gedir və xalqların kollektiv hüquqlarını da təmin edir.
  • Xartiya fərdlərin hüquqlarla yanaşı öhdəlikləri olduğunu tanıyır və fərdin öz ailəsinə, cəmiyyətinə, Dövlətə və beynəlxalq ictimaiyyətə münasibətdə daşıdığı spesifik öhdəlikləri sadalayır.

Sual: Sizin fikrinizcə, nəyə görə insan hüquqları xartiyasında öhdəliklərə də istinad olunmuşdur? Fikrinizcə, onlar bütün insan hüquqları sənədlərində sadalanmalıdır?

İnsan Hüquqları üzrə Ərəb Xartiyası

İnsan Hüquqları üzrə regional Ərəb Komissiyası 1968-ci ildən bəri fəaliyyət göstərir, lakin onun insan hüquqlarının təmin olunması ilə əlaqədar səlahiyyətləri olduqca məhdud və seçmədir. İnsan Hüquqları üzrə Ərəb Xartiyasının yenilənmiş forması Ərəb Dövlətləri Liqası tərəfindən 2004-cü ildə qəbul olunuş və 2008-ci ildə qüvvəyə minmişdir.

Bu sənəddə həm sosial-iqtisadi, həm də mülki-siyasi hüquqlar əks olunur, eləcə də Ərəb Dövlətlərinin bölüşdüyü “ümumi sivilizasiya”ya istinad edilir. Xartiyanın qüvvəyə minməsi və onun nəzarət mexanizmləri – Ərəb İnsan Hüquqları Komitəsi və İnsan Hüquqları üzrə Ərəb Sub-Komissiyası - regionda insan hüquqlarının inkişafı üçün ümidverici addımlar kimi qarşılanmışdır. Buna baxmayaraq, Xartiya ciddi tənqidə məruz qalmışdır, məsələn, qəddar rəftarın qadağan olunmaması, yalnız vətəndaşlar üçün iqtisadi və sosial hüquqlara zəmanət verilməsi, bəzi hüquqların İslam Şəriəti ilə şərtləndirilməsi, milli qanun icazə verdiyi halda uşaqlara ölüm cəzasının tətbiq olunmasına icazə verməsi, qanun icazə verdikdə düşüncə, vicdan və din azadlığına məhdudiyyət gətirilməsinə icazə verməsi ilə əlaqədar.

ASEAN

ASEAN regionunda bu regional təşkilatın 2009-cu ildə götürdüyü İnsan Hüquqları üzrə Hökumətlərarası Komissiyanın yaradılması ilə bağlı öhdəliyini yerinə yetirməsi üçün cəhdlər edilmişdir. 2009-cu ilin İstinad Şərtləri bu Komissiya üçün müəyyən etmişdir ki, Komissiya “Beynəlxalq insan hüquqları prinsiplərinə, o cümlədən bütün insan hüquqları və fundamental azadlıqlarının universallığı, bölünməzliyi, qarşılıqlı asılılığı və əlaqəsi, eləcə də ayrılmazlığı və obyektivliyinə, qeyri-seçicilik, ayrı seçkili-yin olmaması, ikili standartlar və siyasiləşdirmənin qarşısının alınmasına hörməti” təmin edəcəkdir.

Hüquqlarımızdan necə istifadə edə bilərik?

İnsan hüquqları hamımız üçün mövcuddur. Bu halda, biz onlardan necə istifadə edə bilərik? Aydındır ki, onların sadəcə mövcudluğu insan hüquqları pozuntularına son qoymaq üçün kifayət deyil, çünki biz hamımız bu halların dünyanın hər yerində, hər gün baş verdiyini bilirik. Beləliklə, onlar, həqiqətən, fərq yarada bilir? Biz on-lardan necə istifadə edə bilərik?

Sual: İnsan hüquqlarınız pozulduğu halda, nə etməli olduğunuzu bilirsiniz?

Hüquqlarınızı tanımaq

Dəyərlər külək kimi görünməzdir. Yarpaqların dalğalanmasından küləyin əsdiyini müəyyən edirsiniz. Dəyərləri isə insanların hərəkətlərindən anlayırsınız. Eva Anksel

Növbəti bölmədə biz beynəlxalq hüquqla qorunan müxtəlif hüquq növlərini nəzərdən keçirəcəyik. Əgər biz insanların mövcudluğunun hansı sahələrinin in-san hüquqları hüququ ilə bağlı olduğunu bilsək və hökumətlərin bu hüquq qurumu altında hansı öhdəlikləri daşıdığından xəbərdar olsaq, onda başqa yollarla təzyiq göstərməyə başlaya bilərik. Həmin bölmə ədalətsizliyin, demək olar ki, bütün sahələrinin insan hüquqları ilə bağlı olduğunu nümayiş etdirir: kiçik miqyasda yox-sulluqdan tutmuş ətraf mühitə vurulan ziyan, sağlamlıq, iş şəraiti, siyasi repressiya, səs vermək hüquqları, gen mühəndisliyi, azlıqların hüquqları, münaqişə, soyqırım və digərlərinə qədər. Hazırda belə məsələlərin sayı daha da artmaqdadır. İnsan hüquqları üzrə qanunvericiliyin tətbiqi ilə bağlı bəzi məsələlərə birbaşa “Suallar və Cavablar” bölməsində toxunulmuşdur. Burada insan hüquqları ilə bağlı tez-tez soruşulan bəzi ümumi suallara qısa cavablar verilmişdir. Əgər siz hər hansı xüsusi məsələnin – məsələn, sağlamlıq, təhsil və ya ədalətli iş şəraiti hüququ - necə daha yaxşı qoruna biləcəyi ilə bağlı məlumat almaq istəsəniz, www.coe.int/compass saytında həmin məsələ üzrə ümumi məlumat hissəsinə baxa bilərsiniz.

Hüquqi mexanizmlərdən istifadə

Biz insan maraqlarının müxtəlif sahələrinin qorunması üzrə mövcud olan hüquqi mexanizmləri nəzərdən keçirəcəyik. Avropada – lakin eləcə də Afrika və Amerika-da – hüquq pozuntuları ilə bağlı şikayətlərə baxan məhkəmə var – Avropa İnsan Hüquqları Məhkəməsi. Hətta şikayətlər Avropa Məhkəməsinin yurisdiksiyası altına düşməsə də, biz dövlətləri öz fəaliyyətlərinə görə hesabat verməyə vadar etmək və onların insan hüquqları hüququna əməl etməsini təmin etmək üçün başqa mexanizmlərin olduğunu görəcəyik. Bu, qanunun hər zaman – hətta dövlətlərin ona əməl etməsini təmin etmək üçün hüquqi vasitələr olmasa belə - yerində olmasına imkan verir.

Lobbiçilik, kampaniya aparmaq və aktivizm

Dövlətlərə təzyiq göstərməkdə assosiasiyalar, qeyri-hökumət təşkilatları, xeyriyyə və digər vətəndaş təşəbbüsü qrupları mühüm rol oynayır. Bu, aktivizm və QHT-lərin rolu üzrə bölmədə əhatə olunan məsələdir. Belə assosiasiyaların rolu xüsusən küçədəki sadə kişi və qadın üçün önəmlidir, çünki sözügedən assosiasiyalar adətən fərdi məsələlər uğrunda mübarizə aparmaqla yanaşı sadə insanların başqalarının insan hüquqlarının qorunmasına cəlb edilməsi üçün vasitələri təmin edirlər. Belə assosiasiyalar özləri də sadə insanlar tərəfindən yaradılmışdır! Biz onların insan hüquqları ilə bağlı vəziyyəti yaxşılaşdırmaq üçün necə çalışdığını və bir neçə uğurlu fəaliyyət nümunəsini nəzərdən keçirəcəyik.

Sual:  Siz nə vaxtsa hər hansı kampaniyaya və ya insan hüquqları aktivizminə cəlb olunmusunuz?

Cəlb olunmaq

Hər bir insan öz huquq və azadlıqlarını həyata keçirərkən, mustəsna olaraq, başqalarının huquq və azadlıqlarının lazımi qaydada tanınması və onlara hörmət edilməsinin təmin edilməsi və demokratik cəmiyyətdə əxlaq qaydalarının, ictimai asayişin və umumi rifahın ədalətli tələblərinin ödənilməsi naminə qanunla muəyyən edilmiş məhdudiyyətlərə məruz qala bilər. ÜİHB, Maddə 29 (2)

3-cü fəsil, Hərəkətə keçmək, belə fəaliyyət növlərini gündəlik həyat səviyyəsinə gətirir və sizin cəlb oluna biləcəyiniz bir sıra fəaliyyət növlərini təklif edir. Gənclər qrupları dövlətlər və ya beynəlxalq qurumlara təzyiq göstərmək və insan hüquqları pozuntularının qarşısının alınmasını və ya ictimaiyyətin diqqətinə çatdırılmasını təmin etmək üçün böyük potensiala malikdirlər. Bu bölmədəki nümunələr sizin qru-pun və ya digər qrupların görə biləcəyi konkret tədbirləri təqdim edir və qeyri-hökumət təşkilatlarının gündəlik həyatda rolu ilə bağlı daha dərin məlumat verir.

İnsan Hüquqları Dilemmalar

Hüquqları reallaşdırmaq çoxsaylı maneələrlə üzləşmək deməkdir. İlk növbədə, bəzi hökumətlər, siyasi partiyalar və namizədlər, sosial və iqtisadi oyunçular və vətəndaş cəmiyyəti aktyorları insan hüquqları məqsədləri üzrə öhdəlik götürmədən insan hüquqları dilindən istifadə edirlər. Bəzi hallarda, bu insan hüquqları standartları üzrə çağırışın məhdud şəkildə başa düşülməsi ilə bağlı olur. Digər hallarda isə, bu, məqsədli şəkildə edilən sui-istifadənin, özlərini insan hüquqlarına hörmət edən şəxslər kimi göstərərək ictimaiyyətin gözündə yaxşı görünmək arzusunun nəticəsi olur. İkinci cəhət bundan ibarətdir ki, siyasi partiyalar, namizədlər və ya vətəndaş cəmiyyəti digərləri tərəfindən insan hüquqlarının pozulmasını tənqid edə, lakin özləri həmin standartlara əməl etməyə bilərlər. Bu, çox vaxt ikili standartlar kimi tənqid olunur. Üçüncü məsələ, insan hüquqlarının digərlərinin hüquqlarını qoru-maq adı altında məhdudlaşdırılması hallarıdır. Bu hallar, əlbəttə, legitim ola bilər. İnsan hüquqları sərhədsiz deyil və öz hüquqlarınızı reallaşdırarkən digərlərinin hüquqları ilə toqquşmamalısınız. Bununla belə, biz “digərlərinin insan hüquqlarının qorunması”nın məhdudiyyətlər gətirmək üçün boş bəhanə kimi istifadə olunmasına qarşı diqqətli olmalıyıq. Belə hallara nəzarət etmək üçün fəal vətəndaş cəmiyyəti və müstəqil məhkəmə sisteminin olması vacibdir. Dördüncü olaraq, bəzi hallarda bir qrup insanın hüquqlarının qorunması üçün digərlərinin hüquqlarının məhdudlaşdırılması labüddür. Bu hal hüquqların məhdudlaşdırılması üzrə yuxarıda qeyd olunan haldan fərqləndirilməlidir. Belə hallarla bağlı mühakimə yürütmək heç də həmişə asan olmur.

Hüquqlar toqquşması

Hüquqlar özləri də ziddiyyətdə ola bilərlər. “Hüquqların toqquşması” dedikdə müxtəlif insan hüquqları və ya ayrı-ayrı insanların eyni insan hüququ arasında ortaya çıxan toqquşmalar nəzərdə tutulur. Bir nümunə kimi sağ qalmaq üçün yeni ürəyə ehtiyacı olan iki xəstəni göstərmək olar; lakin transplantasiya üçün yalnız bir ürək var. Bu halda, bir şəxsin yaşamaq hüququ digərinin eyni insan hüququ ilə ziddiyyətdədir. Digər nümunə isə eftanaziyadır, bir şəxsin yaşamaq hüququ onun ölmək hüququ ilə və ya alçaldıcı rəftara məruz qalmamaq hüququ ilə toqquşa bilər. Bu şəkildə bir şəxsin müxtəlif insan hüquqları toqquşa bilər. Üçüncü halda isə müxtəlif insanların fərqli in-san hüquqları toqquşur. Belə halın bir nümunəsi İrqi Ayrı-seçkiliyin Ləğvi üzrə BMT Komitəsinə çıxarılmış məhkəmə işi – Oslonun Yəhudi icması və digərləri Norveçə qarşı işində əks olunmuşdur. 2000-ci ildə “Bootboys” adlanan qrup nasist lider Rudolf Hess xatirəsinə yürüş keçirmişdir. İştirakçılar “yarım-hərbi” formalar geyinmişdilər və yürüşün lideri cənab Terje Sjoli antisemitik nitq söyləmiş, bundan sonra, kütlə bir neçə dəfə nasist salamı vermiş və “Sieg Heil” çığırmışdı. Burada toqquşma cənab Sjolinin söz azadlığı və Yəhudi icmasının ayrı-seçkiliyə məruz qalmamaq hüququ arasında idi. BMT Komitəsi qərara aldı ki, cənab Sjoli tərəfindən edilmiş bəyanatlarda irqi hökmranlıq və nifrət ideyaları əks olunmuşdur, buna görə də, istisna şəkildə belə təhqiredici nitq söz azadlığı hüququ ilə qorunmur.

Mədəni ənənələr

Getdikcə daha çox aydın olur ki, qadınların sünnəti, namus cinayətləri, məcburi evliliklər və digər bənzər halların qarşısının alınması üçün qadınların öz cəmiyyətlərinin sosial, iqtisadi, mədəni və siyasi həyatında tam-hüquqlu və bərabər üzvlər hesab olunması labüddür. Halima Embarek Varzazi1

Ənənəvi mədəni praktikalar adətən icmanın üzvləri tərəfindən nəsillərlə əməl olu-nan dəyərləri və inamları əks etdirir. Dünyadakı hər bir sosial qrupun spesifik mədəni inamları və ənənələri vardır, onların bəziləri bütün üzvlər üçün faydalı olsa da, digərləri spesifik qrup, məsələn, qadınlar üçün zərərlidir. Belə zərərli ənənəvi təcrübələrə göstərilənlər aiddir: qadınların sünnəti (FGM); qadınların qidalamdırmağa məcbur edilməsi; erkən evlilik; qadınların nəsil verməklə bağlı öz qərarlarını qəbul etməsinə mane olan müxtəlif tabular və ya təcrübələr; qidalanma ilə bağlı tabular və ənənəvi doğum təcrübələri; oğlan uşaqlarının üstün tutulması və onun qız uşağının vəziyyətinə təsirləri; qız uşaqlarının qətlə yetirilməsi; erkən hamiləlik; və başlıq pulu. Qeyd olunanların zərərli xarakterinə və onların beynəlxalq insan hüquqları sənədlərinə zidd olmasına baxmayaraq, belə təcrübələr davam edir, çünki heç kim onları sual altında qoymur və onlar tətbiq olunduqları cəmiyyətlərdə şəxslər tərəfindən mentalitetin bir hissəsi kimi qəbul olunurlar. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Ofisi

Zərərli Ənənənəvi Təcrübələr

Qadınların və uşaqların sağlamlığına mənfi təsir edən və beynəlxalq insan hüquqları standartlarını pozan bir çox təcrübələr adətən “zərərli ənənəvi təcrübələr” adlandırılır. Bu, o demək deyil ki, bütün ənənəvi təcrübələr zərərlidir və insan hüquqlarını po-zur, lakin onlar belə nəticələr törətdikdə biz onları sual altında qoymalı və müzakirə obyektinə çevirməliyik. Ailələr tərəfindən razılaşdırılmış evliliklər bir çox mədəniyyətlərdə geniş yayılmış təcrübədir, bu halda, gənc qadınlar, eləcə də kişilər, adətən çox gənc yaşda, ailələri tərəfindən seçilmiş şəxslə evlənmək məcburiyyətində qalırlar (nəzərə alın ki, məcburi evliliklə planlaşdırılmış evlilik eyni anlayışlar deyil). Uşaqlar və gənclərin hüquqlarını müdafiə etmək üçün bu təcrübə qadağan olunmalıdır? Yoxsa bu, mədəni ənənəyə qarşı hörmətsizlik olar?

Digər nümunə kimi bir çox ölkələrdə hələ də tətbiq olunan qadınların sünnətini  göstərmək olar. Minlərlə insan bu təcrübələrin nəticələrindən əziyyət çəkir və əksər insanlar onları insan hüquqlarının ciddi pozuntusu hesab edirlər. Qadınların sünnəti mədəni xüsusiyyət saylıb ona “dözülməlidir” yoxsa bədənin bütövlüyü və sağlamlıqla bağlı insan hüququnun pozuntusu hesab olunmalıdır?

" Milli və regional xüsusiyyətlərin və fərqli tarixi, mədəni və dini köklərin əhəmiyyətini nəzərə almaq vacib olsa da, Dövlətlərin öhdəliyi, siyasi, iqtisadi və mədəni sistemlərindən asılı olma-yaraq, bütün insanların hüquqlarını və fundamental azadlıqlarını təmin etmək və qorumaqdır". Vyana Bəyannaməsi (1993)

Hamının bütün insan hüquqlarının qorunması zərərli ənənəvi təcrübələrdən imtina olunmasını nəzərdə tutur. Heç kimin hüquqları və ləyaqəti ənənələr və mədəniyyətin xüsusiyyətləri əsasında inkar oluna bilməz, çünki ənənələr və mədəniyyətlər də daşların üzərində yazılmamışdır: onlar dəyişir və inkişaf edir; iyirmi il əvvəl həqiqət kimi qəbul edilən bir yanaşma bugünkü nəsil üçün məna kəsb etmir. Zərərli ənənəvi təcrübələr insan hüquqlarının təmin olunmasının təhsil proqramları və səylərinə əsaslandığını xatırladır. Bir çox zərərli ənənəvi təcrübələrin qarşısı yalnız repressiya və töhmətlə alına bilməz: bu mübarizənin effektiv olması üçün təhsil və bütün maraqlı tərəflərin iştirakı vacibdir. Dövlətlərin beynəlxalq insan hüquqları müqavilələrinə imza atan tərəflər kimi əsas öhdəlikləri olsa da, bu təcrübələrin qorunub saxlanmasında ailələri və icmaları tərəfindən dəstəklənən fərdlərin fəaliyyətləri mühüm rol oynayır. Onları “yuxarıdan” təsir göstərməklə dəyişmək mümkün deyil, bunun üçün həmin ailələr və icmalarla müntəzəm tədris işi aparılmalıdır, yalnız bu üsulla insan hüquqlarının təbliği spesifik mədəni hüquqlar və təcrübələr sayılan xüsusiyyətlərlə uyğunlaşdırıla bilər.

Sual: Mədəni təcrübələr insan hüquqları universallığından üstün olmalıdır?

Yaxşı bir səbəb uğrunda

Beynəlxalq ictimaiyyət bəzən insan hüquqlarını sistematik şəkildə pozan rejimləri cəzalandırmaq üçün sanksiyalardan istifadə edir. Sanksiyalar hökumətin hərəkətlərini dəyişməsi üçün təzyiq göstərmək məqsədilə hüquqları pozan ölkə ilə ticarəti qadağan edə bilər. Belə addımlar bəzən birtərəfli qaydada bir dövlət tərəfindən atılır, bəzi hal-larda isə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunur. Bəzi ölkələr beynəlxalq ictimaiyyətdən tamamilə təcrid olunmuşdurlar: Cənubi Afrika özünün mənfur aparteid sisteminə görə illərlə təcrid olunmuşdur, eləcə də onillərlə İraq, Şimali Koreya, İran və başqalarına qarşı sanksiyalar tətbiq olunmuşdur. Şübhəsiz, bu sanksiyaların təsiri normal insanlar tərəfindən də hiss olunur, lakin onlar xüsusilə cəmiyyətin ən həssas sektorlarına təsir göstərir. Müəyyən ölkələrin insan hüquqları pozuntularına son qoy-maq üçün beynəlxalq ictimaiyyət tərəfindən bu vasitədən istifadə olunması qəbul olunandır?

Müdaxilə və Dövlət Suverenliyi üzrə Beynəlxalq Komissiya özünün “Müdafiə etmək Məsuliyyəti” hesabatında reaksiya göstərilməsi əvəzinə müdaxilə olunmasının əhəmiyyətini vurğuladı və xəbərdarlıq etdi. Buna baxmayaraq, beynəlxalq ictimaiyyət “müstəsna və fövqəladə üsul” kimi “insanların qorunması məqsədilə hərbi müdaxilə”ni tətbiq etməli olduqda böyük miqyasda həyat itkisi və ya etnik təmizləmənin olması hədd kimi müəyyən edilir. Hətta, bu halda belə, aşağıdakı “Ehtiyat Prinsipləri”ni bəyan edirlər:

  • Düzgün niyyət: Müdaxilənin əsas məqsədi, müdaxilə edən dövlətlərin digər motivlərindən asılı olmayaraq, insanların əzab çəkməsini dayandırmaq və ya önləmək olmalıdır. Düzgün niyyət regional rəy və pozuntuların qurbanları tərəfindən aydın şəkildə dəstəklənən çoxtərəfli əməliyyatlarla daha yaxşı təmin olunur.

Ədalət daha zəif olanın hüququdur. Jozef Jubert

  • Son çarə: Hərbi müdaxilə yalnız böhranın sülh yolu ilə həlli və ya qarşısının alınması üçün bütün qeyri-hərbi yolların tükənməsi, daha aşağı tədbirlərin təsir göstərə bilməyəcəyinə inama söykənən məntiqi əsaslarla sübuta yetirildikdən sonra əsaslandırıla bilər.
  • Məntiqi hədəflər: Müdaxiləni əsaslandırmaq üçün istifadə olunmuş əziyyətin qarşısının alınması və ya dayandırılması üçün məntiqi imkan mövcud olmalı, aparılan fəaliyyətin nəticələri hərəkətsizliyin nəticələrindən daha betər olmamalıdır.

Keçmişə nəzər salmaqla, sizin fikrinizcə, bu ehtiyat prinsipləri, məsələn, beynəlxalq ictimaiyyətin 1995-ci ildə Srebrenika qırğınına verdiyi cavab, 1999-cu ildə NATO tərəfindən Kosovanın bombalanması və ya 2001-ci ildə Əfqanıstana müdaxilə ilə nə qədər əlaqəlidir? Bu əməliyyatlar böyük sayda qurbanlar verilməsi ilə nəticələnsə də, onlara son nəticələri ilə bəraət qazandırıla bilər?

Sual:İnsan hüquqlarının müdafiəsi hərbi əməliyyatlara bəraət qazandırmaq üçün istifadə oluna bilər?

Əhali daxili müharibə, qiyam, repressiya və ya dövlətin uğursuzluğu nəticəsində ciddi zərərdən əziyyət çəkirsə və müvafiq dövlət bunun qarşısını almağa və ya dayandırmağa qadir deyilsə, daxili işlərə müdaxilə etməmək prin-sipi müdafiə etmək üzrə beynəlxalq məsuliyyət qarşısında geri çəkilir. Müdaxilə və Dövlət Su-verenliyi üzrə Beynəlxalq Komissiyanın Hesabatı, 2001

2001-ci ilin aprelində BMT-nin İnsan Hüquqları üzrə Komissiyasının qətnaməsi terrorizmlə mübarizə üçün insan hüquqlarının qorunmasının qurban verilməsi yanaşmasını rədd etdi. 2001/24 saylı qətnamədə Rusiya Federasiyasının Çeçenistan Respublikasındakı münaqişə ilə bağlı silahlı hücumlar və Çeçen döyüşçülər tərəfindən humanitar hüququn pozulması halları, eləcə də Rusiya federal qüvvələrinin Çeçeni-standa istifadə etdiyi müəyyən metodlar pisləndi. Bu qətnamədə Rusiya Federasiyası pozuntu hallarının araşdırılması üçün beynəlxalq səviyyədə qəbul olunmuş standartlara uyğun şəkildə müstəqil milli təhqiqat komissiyasının yaradılmasına çağrıldı.

İnsan Hüquqları: Həmişə dəyişir, həmişə inkişaf edir

Əvvəlki bölmədə qeyd edilmiş sualların hamısının dəqiq cavabları yoxdur: onlar bu gün də kəskin debat mövzusu olaraq qalırlar. Belə debatlar, müəyyən dərəcədə əhəmiyyətlidir. Onlar həm insan hüquqları anlayışı üçün fundamental olan plüralist yanaşmanın, həm də insan hüquqlarının elm sahəsi, dəyişməz “ideologiya” deyil, mənəvi və hüquqi düşüncənin inkişaf etməkdə olan sahəsi olduğunun göstəricisidirlər. Biz heç də həmişə ağ və qara cavablar gözləməməliyik. Bu məsələlər mürəkkəbdir və onlar yalnız ayrı-ayrı hallar əsasında balanslaşdırıla bilərlər.

 

Buna baxmayaraq, müəyyən cavablar və razılığın olduğu müəyyən sahələr mövcuddur. Onların sayı çoxdur və onlar, demək olar ki, hər gün artırlar. Köləlik məsələsi bir vaxtlar müzakirə olunurdu, lakin artıq belə halların olmasına dözül-mür: köləliyə məruz qalmamaq hüququ hazırda universal şəkildə fundamental in-san hüququ kimi qəbul olunur. Qadınların sünnəti, bəziləri tərəfindən mədəniyyət adı altında müdafiə olunsa da, geniş şəkildə insan hüquqları pozuntusu kimi ittiham olunur. Ölüm hökmü də bənzər məsələdir - ən azından Avropa Şurası üzvlərinin ölüm cəzasını ləğv etdiyi və ya edamlarla bağlı moratorium elan etdiyi Avropada. Əslində, ölüm hökmünün ləğvi hazırda Avropa Şurasına üzv olmaq üçün qoyulmuş şərtdir. Beynəlxalq Amnistiya Təşkilatına görə, dünyadakı ölkələrin üçdə ikisindən çoxu ölüm cəzasını qanunla və ya təcrübədə ləğv etmişdir. 2009-cu ildə 58 ölkə ölüm cəzasını saxlasa da, əksəriyyəti onu istifadə etmirdi.

Beləliklə, biz inanmalıyıq ki, hazırda müzakirə obyekti olan məsələlərin bir çoxu öz həllini tapacaq. Bununla yanaşı, biz debata kömək edə və iki fundamental dəyərə istinad edərək daha mübahisəli məsələlərlə bağlı öz fikirlərimizi irəli sürə bilərik: bərabərlik və insan ləyaqəti. Əgər hər hansı bir fəaliyyət fərdlə rəftarda onun insan ləyaqətini nəzərə almırsa, bu halda, insan hüquqları pozulur.

Qeydlər


1Qadınların və qız uşaqlarının sağlamlığına təsir edən ənənəvi təcrübələr üzrə BMT-nin xüsusi məruzəçisi