Sual: İnsan hüquqları nədir?

İnsan hüquqları dünyadakı hər bir fərdin sadəcə insan olması faktına görə malik olduğu mənəvi hüquqlardır. Öz insan hüquqlarımızı biz, adətən, öz hökumətimizə mənəvi tələb irəli sürməklə bildiririk: siz bunu edə bilməzsiniz, çünki bu, mənim mənəvi sahəm və şəxsi ləyaqətimin pozulmasıdır. Heç bir kəs – heç bir şəxs, heç bir hökumət – bizim insan hüquqlarımızı əlimizdən ala bilməz.

Sual: Onlar haradan gəlir?

İnsan hüquqları bizim sadəcə fiziki varlıqlar deyil, həmçinin, mənəviyyata və hislərə malik insan olmağımız faktına əsasən bizə verilmişdir. İnsan hüquqları hər bir fərdin insanlığını qorumaq və müdafiə etmək, hər bir şəxsin ləyaqətlə dolu və insan olmağa dəyəcək həyat yaşadığını təmin etmək üçün lazımdır.

Sual: Nəyə görə hər kəs onlara hörmət “etməlidir”?

Başlıca olaraq ona görə ki, hər kəs insandır və buna görə də mənəvi varlıqdır. Fərdlərin əksəriyyəti başqa bir şəxsin şəxsi ləyaqətinə toxunduqlarını onlara göstərdikdə bundan çəkinməyə çalışacaqdır. Ümumilikdə, insanlar digər insanları incitmək istəmir. Lakin insanların vicdanına mənəvi qadağalardan əlavə, dünyanın bir çox ölkələrində hökumətləri, bunu etmək istəmədikdə belə, öz vətəndaşlarının insan hüquqlarına hörmət etməyə vadar edən yeni qanunvericilik mövcuddur.

Sual:  İnsan hüquqlarına kim sahibdir?

Tamamilə hər kəs. Cinayətkarlar, ölkə başçıları, uşaqlar, kişilər, qadınlar, Afrikalılar, Amerikalılar, Avropalılar, qaçqınlar, ölkəsiz insanlar, işsizlər, məşğullar, bank sahibləri, terrorizm aktı törətməkdə ittiham olunmuş şəxslər, xeyriyyə işçiləri, müəllimlər, rəqqaslar, kosmonavtlar …

Sual: Cinayətkarlar və dövlət başçıları belə?

Tamamilə hər kəs. Cinayətkarlar və dövlət başçıları da insandır. İnsan hüquqlarının gücü hər kəsin insan ləyaqətinə sahib olduğundan onlara bərabər münasibət göstərilməsi faktına söykənir. Bəzi insanlar digərlərinin hüquqlarını poza və ya cəmiyyətə təhlükə yarada bilərlər, buna görə də, digərlərini qorumaq məqsədilə, bəzi yollarla, lakin xüsusi hədlər çərçivəsində onların hüquqlarına məhdudiyyət qoyula bilər. Bu məhdudiyyətlər insan ləyaqətinin təmin olunması üçün vacib olan minimum səviyyə olaraq müəyyənləşdirilə bilər.

Sual: Nə üçün bəzi qrupların xüsusi insan hüquqlarına ehtiyacı var? Bu, onların digərləri ilə müqayisədə daha çox hüquqa sahib olması deməkdir?

Xeyr, Avropada Roma insanları və ya Dalitlər və Hindistanda qeydə alınmış kastalar kimi bəzi qruplar bizim cəmiyyətlərdə uzun müddət elə bir ayrı-seçkiliyə məruz qalmışlar ki, onların insan hüquqları standartlarına digərləri ilə eyni səviyyədə çıxış əldə etməsi üçün xüsusi tədbirlərə ehtiyac duyulur. İllərlə davam edən ayrı-seçkilik və stereotiplər, açıq nifrət və maneələrlə üzləşmələri nəticəsində onlara ümumi qaydada qəbul olunmuş hüquqları elan etmək və bunun bərabərliyin təmin olunması üçün kifayət olmasını gözləmək gülməli olacaqdır.

Sual: Nə üçün biz insan hüquqları haqqında danışırıq, lakin insan öhdəlikləri barədə danışmırıq?

Bəzi mütəfəkkirlər və QHT-lərin insan öhdəliklərinə ehtiyacla bağlı qüvvətli arqumentlər, hətta onları aydın ifadə etmək üçün kodlar və ya bəyanatlar ortaya qoysalar da, in-san hüquqları cəmiyyəti ümumiyyətlə bu müzakirə mövzusuna təmkinlə yanaşır. Bu-nun səbəbi bir çox hökumətlərin insan hüquqlarını dövlət və ya idarəçi tərəfindən irəli sürülən “vəzifələr”in yerinə yetirilməsindən asılı olaraq təmin etməsi və bununla da, anadangəlmə insan hüquqları ideyasını bütünlüklə hüquq olaraq mənasızlaşdırmasıdır. Buna baxmayaraq, fərdlərin və qruplar olaraq bizim başqalarının hüquqlarına hörmət etmək, insan hüquqlarını pozmamaq və başqalarının hüquqları ilə yanaşı öz hüquqlarımızı da inkişaf etdirməyimizlə bağlı heç nə deyilmir. Əslində, ÜİHB-in 29-cu maddəsində “1. Hər kəsin özünün azad və tam inkişafının mümkün olduğu cəmiyyət qarşısında vəzifəsi var. 2. Hər kəs öz hüquq və azadlıqlarının həyata keçirilməsi zamanı yalnız lazımi tanınmanın təmin edilməsi, başqalarının hüquq və azadlıqlarına hörmət edilməsi və mənəviyyatın, demokratik cəmiyyətdə ümumi rifah və ictimai qaydanın əsas tələblərinə cavab vermək məqsədilə qanunla müəyyən edilmiş məhdudiyyətlərə tabedir”.

Sual: İnsan hüquqlarının qeydinə kim qalır?

Biz hamımız bunu etməliyik. Həm dövlət, həm də beynəlxalq səviyyədə hökumətlərin öz vətəndaşlarına nəyi edə biləcəyi ilə bağlı məhdudiyyət qoyan qanunvericilik mövcud-dur, lakin əgər heç kəs onların hərəkətlərinin beynəlxalq normalara zidd olduğunu bildirməsə, hökumətlər cəzasız qalaraq onları pozmağa davam edəcəkdir. Fərdlər olaraq, biz yalnız öz gündəlik həyatımızda digərlərinin hüquqlarına hörmət etməyə çalışmamalı, həmçinin, öz hökumətlərimiz və digərlərinə nəzarət etməliyik. Buna görə də, onlardan istifadə etməyimiz üçün qoruyucu sistemlər mövcuddur.

Sual: Mən öz hüquqlarımı necə müdafiə edə bilərəm?

Onların pozulduğunu vurğulamağa çalışın; hüquqlarınızı tələb edin. Digər insana bildirin ki, onların sizə bu üsulla münasibət göstərməyə haqqı olmadığını bilirsiniz. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və Avropa İnsan Hüquqları Konvensiyası və ya digər beynəlxalq sənədlərin müvafiq maddələrinə istinad edin. Sizin ölkənizdə bununla əlaqədar qanunvericilik varsa, ona da istinad edin. Digərlərinə də bunun barəsində danışın: kütləvi informasiya vasitələrinə bildirin, parlament nümayəndənizə və ölkə başçısına yazın, insan hüquqları aktivizmi ilə məşğul olan hər hansı QHT-ni məlumatlandırın. Onların məsləhətini alın. Əgər imkanınız varsa, hüquqşünasla danışın. Əmin olun ki, hökumətiniz hansı addımı atmağınızdan xəbərdardır. Onlara göstərin ki, siz təslim olmağı düşünmürsünüz. Onlara arxalandığınız dəstəyi göstərin. Son təhlildə və əgər hər şey uğursuzluğa düçar olsa, siz məhkəmələrə müraciət edə bilərsiniz.

Sual: Avropa İnsan Hüquqları Məhkəməsinə necə gedə bilərəm?

Avropa İnsan Hüquqları və Fundamental Azadlıqları Konvensiyası fərdi şikayətlər üçün proseduru özündə birləşdirir. Lakin məhkəmə işinin başladılması üçün çox ciddi qəbuledilmə tələbləri mövcuddur. Məsələn, siz əmin olmalısınız ki, sizin şikayətiniz ölkənizin dövlət məhkəmələrində (ən yüksək məhkəməyə qədər!) artıq qaldırılmışdır. Əgər cəhd etmək istəsəniz və qəbuledilmə tələblərini qarşıladığınızı düşünsəniz, o halda siz şikayət qaldıra bilərsiniz. Lakin iddianızın uğur qazanacağından əmin olmaq məqsədilə hüquqi məsləhət və ya bu sahə üzrə məşğul olan hər hansı bir QHT-nin məsləhətini almağınız qəti şəkildə məsləhət görülür. Məlumatınız olsun ki, yekun qərar verilənə qədər bu çox uzun və çətin poses ola bilər!

Sual: Kimlərdən öz hüquqlarımı tələb edə bilərəm?

Bütün beynəlxalq sənədlərdə öz əksini tapan adi insan hüquqlarının, demək olar ki, hamısı sizin hökumətiniz və ya dövlət rəsmilərinə qarşı olan iddialardır. İnsan hüquqları dövlətə qarşı sizin maraqlarınızı müdafiə edir və beləliklə, siz in-san hüquqlarınızı dövlət və ya onun nümayəndəsindən tələb etməlisiniz. Əgər siz hüquqlarınızın, məsələn, sizi işəgötürən şəxs və ya qonşunuz tərəfindən pozulduğunu görürsünüzsə, ölkənin hökumətinin sizi işəgötürən şəxslər və ya qonşularınıza qarşı görməli olduğu hər hansı bir tədbir olduğu təqdirdə, siz birbaşa beynəlxalq insan hüquqları qanunvericiliyinə müraciət edə bilməzsiniz.

Sual: Hər hansı bir şəxs hüquqlarımı müdafiə etməklə bağlı məsuliyyət daşıyır?

Bəli. Hər hansı digər bir şəxsin müvafiq məsuliyyəti və ya öhdəliyi olmadan hüququn heç bir mənası yoxdur. Hər bir şəxsin sizin şəxsi ləyaqətinizi pozmamaqla bağlı mənəvi öhdəliyi var, hökumətinizin isə beynəlxalq müqavilələrə imza atmaqla, bu-nunla bağlı yalnız mənəvi deyil, həmçinin, hüquqi öhdəliyi var.

Sual: İnsan hüquqları yalnız qeyri-demokratik ölkələrdə problemdir?

Hətta bu gün belə dünyada heç bir ölkədə insan hüquqlarına tam şəkildə riayət edilmir. Bəzi ölkələrdə digər ölkələrə nisbətən daha tez-tez baş verən hüquq po-zuntusu halları ola bilər, lakin hər bir hüquq pozuntusu baş verməməli olan bir prob-lemdir və onunla mütləq məşğul olmaq lazımdır. Demokratiyanın ən çox bərqərar olduğu ölkələrdə hüquqları pozulmuş bir fərd yalnız bir faktla rahatlıq tapa bilər ki, onun ölkəsi dünyadakı digər ölkələrlə müqayisədə insan hüquqları ilə bağlı daha “yaxşı” göstəriciyə malikdir!

Sual: İnsan hüquqları pozuntusu hallarının azaldılması ilə bağlı hər hansı irəliləyiş əldə etmişik?

Bəzən okeandakı kiçik bir damcı kimi görünsə belə - böyük irəliləyiş əldə etmişik. Quldarlığın ləğv olunması, qadınların səsvermə hüququ, ölüm hökmünü ləğv edən ölkələr, beynəlxalq təzyiq nəticəsində vicdan məhbuslarının azad olunması, Cənubi Afrikada aparteid rejiminin dağılması, Avropa Məhkəməsi qarşısında qaldırılan işlər və bunun nəticəsində dəyişdirilməli olan qanunları nəzərə alın. Nəzərə alın ki, beynəlxalq mədəniyyətdə tədricən baş verən dəyişiklik o deməkdir ki, hətta ən avtoritar rejimlər belə beynəlxalq səviyyədə qəbul olunmaq məqsədilə insan hüquqları məsələsini nəzərə almalıdır. Xüsusilə son 50 il ərzində bir çox müsbət nəticələr əldə olunmuşdur, lakin hələ bundan daha çox iş görülməlidir.