Kompas gənclər məsələləri və qeyri-formal təhsillə məşğul olan bir çox insan üçün istinad vəsaitinə çevrilmişdir. Hal-hazırda o, ərəb və yapon dilindən tutmuş island və bask dilinə qədər 30-dan çox dildə mövcuddur. Bəzi ölkələrdə Kompas məktəblərdə insan hüquqları təhsilinin mənbələrindən birinə çevrilmişdir, bəzilərində isə onu məktəblərdə istifadə etmək mümkün deyil. Kompasın Avropa ölkələrindəki “səyahəti” əsasən insan hüquqları təhsilinin ziddiyyətli reallığını əks etdirir: o, burada həm təbliğ edilir, həm də onunla mübarizə aparılır, bəziləri tərəfindən təqdir olunur, bəziləri tərəfindən isə nifrət edilir.

Kompasın uğuru onun balaca davamçısı Kompasito – uşaqlar üçün insan hüquqları üzrə təlimat vəsaiti – tərəfindən davam etdirilir. Hər iki nəşr Avropa Şurasının Demokratik Vətəndaşlıq və İnsan Hüquqları Təhsili Xartiyasının icrasını dəstəkləyir.

Kompas və onun müxtəlif dillərdə nəşri insan hüquqları təhsilinin gənclərlə işə və bir çox məktəbdə kurrikuluma əlavə olunmasına şərait yaratmış bir vasitədir. Bir çox ölkələrdə insan hüquqları təhsili üzrə milli şəbəkələr yaradılmışdır və bu şəbəkələr Avropada daha çox uşaq və gənclər üçün insan hüquqları təhsilini reallığa çevirmək məqsədilə insan hüquqları təşkilatları və təhsil üzrə mütəxəssislərin gördüyü işi daha da qüvvətləndirmişdir. 2009-cu ildə Budapeştdə keçirilmiş “İnsan Hüquqları uğrunda Yaşamaq, Öyrənmək və Davranmaq” başlıqlı insan hüquqları üzrə təhsil forumu insan hüquqları təhsilinin bu gün üçün əhəmiyyətini vurğulamışdır.[i]:

İnsan hüquqları yalnız hüquqi vasitələrlə qoruna və təbliğ edilə bilməz. İnsan hüquqları təhsili – insan hüquqları üçün, haqqında və vasitəsilə öyrənmək – insan hüquqlarının hər kəs tərəfindən başa düşülməsi, dəstəklənməsi və təbliğ edilməsi üçün vacibdir.

Kompas (gənclərlə insan hüquqları təhsili üzrə təlimat vəsaiti) vasitəsilə gənclər tərəfindən və gənclər üçün görülmüş işlər aydın şəkildə göstərir ki, Avropa Şurası insan hüquqları təhsilinin digər gənclər üçün reallığa çevrilməsi ilə bağlı gənclərin cəsarətlilik, qətiyyət və bacarığına güvənə bilər. […] Gənclərlə iş və qeyri-formal təhsil təcrübəsi, o cümlədən formal və qeyri-formal təhsilin qarşılıqlı olaraq birbirini tamamlaması hamı üçün həyata keçirilən insan hüquqları təhsili layihələrinin istifadəsinə təqdim olunmuşdur.

İnsan hüquqları üzrə təhsil üçün yalnız QHT və gənclər təşkilatları məsul ola bilməz. Həmçinin, bu, yalnız könüllülər vasitəsilə də həyata keçirilə bilməz. Dövlətlər insan hüquqları təhsilini həyata keçirməklə bağlı böyük məsuliyyət daşıyırlar. Bu, onlar tərəfindən formal və qeyri-formal təhsil sektorlarının rolunun öncədən məlum olduğu bir formada dəstəklənməli və müdafiə edilməlidir.

İnsan hüquqları üzrə təhsili tətbiq edənlər üçün Kompas insan hüquqları üzrə təhsilin sinoniminə çevrilmişdir. Lakin insan hüquqları üzrə təhsil Kompasın əhatə etdiyindən daha genişdir. Kompas insan hüquqları təhsilini təcrübədən keçirmək üçün yollar təklif edir, lakin istiqamət və metod seçimini fasilitatora və bu sahəni öyrənənlərin öhdəsinə buraxır.

Kompas insan hüququ deyil, insan hüququ təhsili isə insan hüququdur.

Kompasın 21-ci əsrin ikinci onilliyi üçün də uyğun olmasını təmin etmək

Mövcudluğunun ilk on ilində Kompas insan hüquqları və insan hüquqları təhsilinin bir sıra inkişaf məsələləri və problemləri ilə qarşılaşmışdır. Bunlar arasında qloballaşma proseslərinin sürətlənməsi, terrorizmin artması və terrorizmlə qlobal müharibəyə cavab, qlobal maliyyə böhranı, insan tərəfindən törədilmiş iqlim dəyişikliyinin təsirləri, Gürcüstan, Ukrayna və bir sıra Ərəb ölkələrində inqilablar, İnternetin geniş yayılması, İraq və Əfqanıstanda müharibələr, Fukusimada sunami və nüvə fəlakəti və başqaları qeyd oluna bilər. Kompas bu dövrdə bir böhrandan digərinə istinad edirdi, lakin bəzi sahələrdə geridə qalırdı. Bununla əlaqədar, yenilənmiş və yenidən hazırlanmış versiya – 2012-ci il nəşri – çap edilmişdir.

Bizim əsas məqsədimiz Kompasın 2012-ci il nəşrini 21-ci əsrin ikinci onilliyinə uyğun etmək idi. Biz onlayn və oflayn istifadəçilərin qiymətləndirmələrini, həmçinin, “tarixin sürətlənməsini” nəzərə aldıq; 2002-ci ildə əhəmiyyətli olan hər şey 10 il sonra əhəmiyyətli deyildi və bir çox başqa məsələlər meydana çıxmışdı. Kompasın 2012-ci il nəşri daha əvvəl görülmüş işlərin inkişaf etdirilmiş forması, köhnə və yeninin qarışığı idi. Oxucular və insan hüquqlarını tətbiq edənlər aktual məsələləri özündə birləşdirən fəaliyyət və məlumatı hələ də burada tapırdı, mübahisəli mövzuların müzakirəsi burada aparılırdı, əsas fikir hələ də oxuculara cəmlənir və uyğun tədbirlərin görülməsi gözlənilirdi.

Bu yeni çapda nə fərqlidir?

Bu 2015-ci il çapında 1-4-cü fəsillər 2012-ci il nəşrində olduğu kimidir. Yeganə fərq ondan ibarətdir ki, 5-ci Fəsildəki geniş məlumat bu çap versiyasında yoxdur. Bu o demək deyil ki, bu məlumat lazımsızdır; əksinə o çox vacibdir! 19 mövzu haqqında təfərrüatlı məlumat onlayn www.coe.int/compass ünvanında yerləşdirilmişdir və burada onu daim yeniləmək daha asandır. Bu 2015-ci il çapında 5-ci Fəslin daha qısa şəkildə məzmunu, məlumatın daimi əsasda yenilənməsi və mövzuya uyğun olması üçün oxucuların fikir bildirməsi ilə bağlı müraciət yerləşdirilmişdir.

Bizim niyyətimiz bu 2015-ci il çapının istifadəçilərin insan hüquqları təhsili üzrə kifayət qədər məlumatı əhatə edən və praktiki olacaq təlimat vəsaitinə olan ehtiyacını ödəməsidir. Avropa Şurasının vebsaytında məlumatın yerləşdirilməsi onun daimi olaraq yenilənməsinə şərait yaradacaq. Bununla yanaşı, biz 160 səhifəlik məlumatı çap etmədik və bununla, çəki olaraq daha yüngül, daha ucuz və kağıza qənaət etməklə ətraf mühitin qorunmasına kömək edən kitab hazırladıq.

Kompasın əsasında duran əsas dəyərlər və yanaşmalar eyni olaraq qalır. Kompas aşağıdakı kimi olmalıdır:

Kifayət qədər: İstifadəçilər gənclər üçün insan hüquqları təhsilinin araşdırılması və təqdim edilməsi üçün lazım olacaq hər şeyi burada tapacaqlar.

İstifadə üçün hazır: Təqdim olunan məşğələlər üçün əlavə mənbə axtarmaq və ya çox hazırlaşmaq lazım olmayacaq.

Gənclərlə ayaqlaşan: Məşğələlər və insan hüquqları məsələləri böyüklər və gənclərin problemləri və düşüncələrinə uyğundur.

Praktiki və təcrübə yönümlü: Bütün məşğələlər öyrəndiklərinizi yerinə yetirməyə kömək edəcək təklifləri özündə birləşdirir və bununla, iştirakçılar sadəcə dərketmə prosesi ilə kifayətlənmir.

Həm formal, həm də qeyri-formal təhsil üçün uyğundur: Məşğələlərin qeyri-formal təhsil imkanlarına uyğun şəkildə formalaşdırılmasına baxmayaraq, hər şey həmçinin məktəb otaqlarına da uyğunlaşdırıla bilər (məsələn, davamlılıqla bağlı).

Uyğunlaşa bilən: Bütün məşğələlər tətbiq olunduğu mühit, qrupa uyğunlaşdırıla bilər. Variantlar fasilitatora öz uyğunlaşdırmalarını aparmaq üçün kömək edir.

Başlanğıc nöqtəsi: Maraqlı olan fasilitator və müəllimlər insan hüquqları ilə bağlı daha çox öyrənmək və daha spesifik mövzuları dərindən araşdırmaq üçün bir çox təklif və mənbələrə rast gələcəklər.

Ümumi və vahid: Kompas insan hüquqları ilə bağlı hər bir mövzuda və hər cür bilik səviyyəsinə malik öyrənənlər üçün istifadə oluna bilər. Bu, dəyərləri, yanaşmaları, bacarıq və bilikləri vahid halda birləşdirən hərtərəfli və vahid tədris yanaşmasına əsaslanır.

Başlayaq!

Kompas İnsan Hüquqları təhsili almaq istəyən, insan hüquqları ilə maraqlanan hər kəs üçün yazılmışdır. Kompasdan ilk dəfə istifadə edənlər bilməlidirlər ki, biz insan hüquqları və insan hüquqları təhsili ilə bağlı, həmçinin, işləmək üçün seçdiyimiz mövzularla bağlı ilkin biliklərlə əlaqədar heç bir mühakimə irəli sürməmişik. Həmçinin, insanların öyrətmək və öyrənmək üzrə əvvəlki təcrübələri ilə bağlı da fərziyyələrimiz yoxdur. Məşğələlərin necə aparılması və onların öyrənənlərin ehtiyacları və praktiki vəziyyətlərə necə uyğunlaşdırılması və inkişaf etdirilməsi ilə bağlı çox böyük dəstək təmin olunmuşdur. Müəllimlər üçün məsləhətlərdən ibarət xüsusi bölmə vardır. Bəziləri üçün “icra etmək” ilk baxışdan problemli görünə bilər, buna görə də, biz 3-cü Fəsildə bu anlayışdan geniş bəhs edir və onun tədris prosesindəki rolunu izah edirik.

Kompas insan hüquqları təhsili üçün məlumat, vasitələr və məsləhətlər mənbəyidir. Bu səbəbdən, o, müxtəlif yollarla istifadə oluna bilər və bunun üçün xüsusi bir başlanğıc nöqtəsi yoxdur. Lakin biz sizə məsləhət görürük ki, əvvəlki səhifələrdəki mündəricata göz gəzdirməklə başlayasınız, vəsaiti nəzərdən keçirərək onun ümumi strukturu və məzmunu ilə tanış olasınız. Bir çox insan ilkin olaraq məşğələlərlə maraqlanır. Bu, yaxşıdır, lakin biz məsləhət görərdik ki, hər hansı məşğələni yerinə yetirməzdən əvvəl, 1.3-cü fəsildəki “Kompasdan İnsan Hüquqları
Təhsili üçün istifadə etmək” hissəsini oxuyasınız.

Ümid edirik ki, Kompasın bu 2015-ci il nəşrindən istifadə etməkdən zövq alacaqsınız. Sizə lazım olan məlumat və vasitələri bəxş etməyə müvəffəq olmuşuqsa, bizə məlumat verin və www.coe.int/compass ünvanında fikirlərinizi yerləşdirməklə inkişaf etməyimizə kömək olun.


[i] İnsan Hüquqları uğrunda Yaşamaq, Öyrənmək, Davranmaq forumunun iştirakçılarından mesaj, Gavan Titleyin hesabatı, Avropa Şurası 2010.