Bu izahlı lüğətin təqdim olunmasında məqsəd Kompas istifadəçilərinə təlimat vəsaitində istifadə olunmuş əsas anlayışlar, konvensiyalar və terminlərin qısa tərifini və ya izahını təmin etməkdir. Daha ətraflı məlumat üçün oxucu 5-ci fəsildəki mövzular üzrə ümumi məlumatın bölmələrinə baxmalı və İnternetdən istifadə etməlidir.

Qoşulma: Müqavilələrin imzalanması və ratifikasiya olunması üzrə hazırda qüvvədə olan ənənəvi iki mərhələli prosesi əvəzləyir. Dövlət müqaviləyə qoşulmaqla dərhal öhdəliklər götürür. Qoşulmanın müzakirə mövzusu olduğu məsələlərdən biri Avropa İttifaqının ECHR-a qoşulmasıdır.

Hesabatlılıq: hökumətin əhali qarşısında öhdəliklərini necə yerinə yet-irdiyini göstərməsi, izah etməsi və əsaslandırmasını tələb edən proses.

Vəkillik: fikri, inkişafı və ya nəyinsə edilmə tərzini ictimai şəkildə dəstəkləmək və ya irəli sürmək.

Müsbət fəaliyyət: hökumət və ya özəl biznes nümayəndələri tərəfindən keçmişdə edilmiş ayrı-seçkiliyin (məsələn, qadınlar, müəyyən irqlər, etnik qruplar, dinlər və əlillik qruplarından olan şəxslərə qarşı təhsil və işlə bağlı) aradan qaldırılması üçün atılan addımlardır. Bu fəaliyyət çətin vəziyyətdə olan qruplara substantiv bərabərliyi təmin etməyin bir yolu-dur. Müsbət fəaliyyət bərabərliyə nail olunana qədər müvəqqəti addım sayılmalıdır.

İnsan və Xalqların Hüquqları üzrə Afrika Xartiyası: (Afrika Xartiyası, bəzən Banjul Xartiyası adlandırılır); 1981-ci ildə Afrika Birliyi Təşkilatı (OAU) tərəfindən qəbul olunmuş Afrika qitəsi üçün regional insan hüquqları müqaviləsi.

Amerika İnsan Hüquqları Konvensiyası: (Amerika Konvensiyası); 1969-cu ildə Amerika Dövlətləri Təşkilatı (OAS) tərəfindən qəbul olunmuş insan hüquqları müqaviləsi. Bu müqavilə Şimali, Mərkəzi və Cənubi Amerikanı əhatə edir.

Antisemitizm: Yəhudi əsilli və ya İudaizmə sitayiş edən şəxslərə qarşı qorxu, nifrət, kin, şübhə, qərəz, ayrı-seçkilik və ya ədalətsiz rəftar. Anti-semitizmin müasir forması Holokostun inkar olunmasıdır.

Aparteid: institutlaşmış sistematik istismar rejimi və bir irqi qrupun digər irqi qrup üzərində hökmranlığı şəraitində, rejimi saxlamaq məqsədilə törədilmiş qətl, təcavüz, işgəncə, köləlik və ya digər insanlıq əleyhinə cinayətlər.

Ərəb İnsan Hüquqları Xartiyası: 22 may 2004-cü ildə Ərəb Ölkələri Liqasının Şurası tərəfindən qəbul olunmuş bu sənəd ÜİHB, İnsan Hüquqları üzrə Beynəlxalq Paktlar və İslamda İnsan Hüquqları üzrə Qahirə Bəyannaməsində əks olunmuş prinsipləri təsdiqləyir.

Arbitraj: mübahisə edən tərəflərin məhkəməyə getmək yerinə, öz arqumentlərini üçüncü şəxsə səsləndirmə və onun qəbul etdiyi qərara əməl etmə prosesi.

Assosiasiya: müəyyən olunmuş məqsədə nail olmaq üçün bir qrup şəxs tərəfindən yaradılmış təşkilat. Belə təşkilatlar, həmçinin, könüllü təşkilatlar, könüllü assosiasiyalar və səhmdar cəmiyyəti olmayan as-sosiasiyalar adlandırıla bilər. Qeyri-hökumət təşkilatları (QHT-lər) də assosiasiyalardır. Assosiasiyalar “vətəndaş cəmiyyəti” üçün əsası formalaşdırır.

Sığınacaq axtaran: beynəlxalq mühafizə axtaran və rəsmi qaçqın statusu üzrə iddiaları təsdiqlənməli olan şəxs.

Mütləqiyyət: sərhədsiz güc və ya səlahiyyətə malik olan bir nəfər və ya kiçik qrupun idarəçiliyi yaxud həmin şəxs və ya qrupun gücü və ya səlahiyyəti.

Hüquqlar billi: insan və ya mülki hüquqlar konstitusiyasında hökumətin müdaxiləsi əleyhinə qoruyucu vasitələri sadalayan bəyanat. Həmçinin, Beynəlxalq İnsan Hüquqları Billinə baxın.

Nizamnamə: hüquq və üstünlüklərin verilməsini nəzərdə tutan sənəd.

BMT Nizamnaməsi: BMT-nin əsasını qoyan müqavilə. 25 iyun 1945-ci ildə yekdilliklə qəbul olunmuşdur, üzv dövlətlərin hüquq və öhdəliklərini müəyyən etməklə yanaşı, BMT-nin orqan və prosedurlarını əks etdirir.

Vətəndaşlıq: a) şəxs və dövlət arasında qarşılıqlı hüquq və öhdəlikləri yaradan hüquqi əlaqə və ya b) şəxslər və dövlətin “bağlı olduğu” ümumi əlaqəni, o cümlədən onlardan gözlənilən davranış formaları və yanaşmaları təsvir etmək üçün istifadə olunur,

Kodifikasiya, Kodifikasiya etmək: Qanun və ya hüquqları yazılı vasitələrlə rəsmiləşdirmək prosesi.

Əsas Hüquqlar Xartiyası: Avropa İttifaqı vətəndaşları üçün siyasi, iqtisadi və sosial hüquqları əhatə edən müqavilə. Aİ üzvü dövlətlər Aİ hüququnu tətbiq edərkən bu müqaviləyə əməl etməlidirlər.

Mülki hüquqlar: (bəzən mülki azadlıqlar kimi tanınır); şəxsləri gözlənilməyən hökumət tədbirlərindən qoruyan və onların ayrı-seçkilik və repressiyaya məruz qalmadan dövlətin həyatında iştirakını təmin edən hüquqlar və azadlıqlar kateqoriyası

Vətəndaş cəmiyyəti: fəaliyyətdə olan demokratik cəmiyyətin əsasını təşkil edən, kollektiv şəkildə yaradılmış könüllü mülki və sosial təşkilatlar, assosiasiyalar və institutları, məsələn, qeydə alınmış xeyriyyə cəmiyyətləri, qeyri-hökumət təşkilatları, icma qrupları, qadın təşkilatları, etibara əsaslanan təşkilatlar, peşəkar assosiasiyalar, həmkarlar ittifaqları, özünəyardım qrupları və vəkillik qruplarını əhatə edir. Vətəndaş cəmiyyəti dövlət və bazarın kommersiya institutlarından fərqlənir.

Kollektiv hüquqlar: qrupların öz maraqlarını və kimliklərini qorumaq hüquqları; bəzən, ‘üçüncü nəsil hüquqlar’ adlandırılır. Bu hüquqlar fərdi hüquqlara əlavə olaraq mövcuddur.

İnsan Hüquqları Komissiyası: İndi, İnsan Hüquqları Şurası adlandırılan BMT qurumu.

İnsan Hüquqları Komissarı: Avropa Şurası üzvü olan dövlətlərdə insan hüquqları barəsində məlumatlılığı və onlara hörməti təbliğ etmək üçün yaradılmış AŞ daxilində müstəqil qurum. Həmçinin, İnsan Hüquqları üzrə Ali Komissara baxın.

Bacarıq: işi və ya tapşırığı yerinə yetirmək bacarığı. İnsan hüquqlarının müdafiəsi kontekstində, insan hüquqları məsələlərini daha dərindən başa düşməkdən ötrü gənclər üçün vacib olan bilik və anlayış, eləcə də insan hüquqlarının qorunması üçün tələb olunan bacarıq, yanaşma və dəyərlər.

Münaqişənin transformasiyası: müharibə, millətlər və dinlər arasında zorakılıqla müşayiət olunan münaqişələrin dinc nəticələrlə yekunlaşması və ya tranformasiya olunması prosesi. Uzun müddət davam edən bu proses münaqişənin əsas səbəblərini, eləcə də münaqişə tərəflərinin davranış və yanaşmalarını əhatə edir.

Konstitusiya: ölkə və ya təşkilatın idarə olunduğu qanunlar toplusu. Əksər ölkələrdə konstitusiya yazılı şəkildə hazırlanır və ölkənin ali qa-nunu sayılır; konstitusiya dövlətin və onun siyasi sisteminin əsasını təşkil edir. Təqribən dörd dövlətin yazılı konstitusiyası yoxdur; həmin ölkələrdə qanun hüquqi hökmlər və presedentlər əsasında formalaşır.

Münaqişənin qarşısının alınması: gərginliyin açıq şəkildə göstərilməsinin və/və ya zorakı münaqişənin baş verməsi yaxud yenidən canlanmasının qarşısını almaq üçün qısa müddətdə atılan addımlar.

Münaqişələrin idarə olunması: əsasən mövcud zorakı münaqişələrin şaquli (zorakılığın güclənməsi) və ya üfüqi (daha geniş əraziyə yayılması) eskalasiyasının qarşısını almaq məqsədilə atılan addımlar.

Münaqişələrin həlli: zorakı münaqişənin sonlandırılması üçün qısa müddətdə atılan addımlar.

Pakt: dövlətlər arasında məcburi razılaşma; müqavilə və konvensiya terminləri ilə sinonim kimi işlədilir. Başlıca insan hüquqları paktları 1966-cı ildə qəbul olunmuşdur, Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt (ICCPR) və İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq pakt (ICESCR).

Konvensiya: dövlətlər arasında icbari razılaşma; müqavilə və pakt terminləri ilə sinonim kimi işlədilir. Konvensiya bəyannamədən daha gü-clüdür, çünki onu ratifikasiya edən tərəflər konvensiyanın müddəalarına əməl etmək üzrə hüquqi öhdəlik daşıyırlar.

Avropa Şurası: insan hüquqları, demokratiya və qanunun aliliyini qo-rumaq və təşviq etmək məqsədilə 1949-cu ildə yaradılıb. Hazırda, təşkilatın 47 üzv dövləti faktiki olaraq bütün Avropa qitəsini əhatə edir. Baş qərargahı Strazburqda yerləşir.

İnsanlığa qarşı cinayətlər: istənilən mülki əhaliyə qarşı yönəlmiş genişmiqyaslı və ya sistematik zorakılıq aktları. Məsələn, qətl; kütləvi qırğın; köləlilk, işgəncə; təcavüz; cinsi köləlik; zorla hamiləlik; qrupun irqi, etnik, gender və ya digər əsasda təqibi; şəxslərin itkin düşməyə məcbur edilməsi; aparteid cinayəti, bədən, mənəvi və ya fiziki sağlamlığa ciddi zədə və ya böyük əzab doğuran bənzər məqsədli qeyri-insani digər aktlar.

Sülh əleyhinə cinayətlər: beynəlxalq hüquqda (i) aqressiv müharibə və ya beynəlxalq müqavilələr, razılaşmalar və zəmanətləri po-zan müharibənin planlaşdırılması, hazırlanması, başlanması və ya aparılması; (ii) əvvəlki bənddə qeyd olunmuş istənilən aktla bağlı ümumi plan və ya məxfi tədbirlərdə iştirak nəzərdə tutulur. Nürmberq prinsipləri kimi tanınır.

Mədəniyyət: adətən qurum, təşkilat və ya qrupun tarixi ənənələrinə əsaslanan ortaq yanaşma, dəyər, məqsəd və təcrübə toplusu.

Mədəni hüquqlar: şəxsin mədəni kimliyi və inkişafını qoruyub saxlamaq hüququ.

Beynəlxalq adət hüququ: hüquqda adət və ənənə kimi qəbul edilən təcrübə. Beynəlxalq adət hüququnun tərkib hissəsinə çevrilmək üçün təcrübə iki elementi ehtiva etməlidir: zaman ərzində vahid və davamlı dövlət təcrübəsi və bu təcrübənin məcburi xarakter daşıdığına inam (opinio juris). Bu hüquq beynəlxalq hüququn mühüm və faydalı tərkib hissəsidir, çünki müqavilələrə razılıq vermələrindən asılı olmayaraq bütün xalqlar adət hüququna əməl etmək öhdəliyi daşıyırlar.

Ölüm cəzası: cinayət törətdiyinə görə dövlət tərəfindən şəxsin həyatına son verilməsi sanksiyası. Əvvəllər, Avropa İnsan Hüquqları Konvensiyası ölüm cəzasına icazə verirdi, indi isə, Konvensiyanın tətbiq olunduğu ərazi daxilində (6-cı protokol), hətta müharibə vaxtı (13-cü protokol), bu cəza qadağan olunub. Dünyadakı bir çox ölkələr ölüm cəzasını ləğv edib.

Təhlil: fasilitatorlar və iştirakçılar arasında təcrübə keçirilməsi və iştirakı nəzərdə tutan məşğələni müzakirə etmək məqsədilə aparılan strukturlaşdırılmış söhbət; nə baş verdiyi və insanların özlərini necə hiss etdiyi barəsində danışmaq. Məqsəd iştirakçılara təhlükəsiz mühitdə öz fikir və hislərini aydınlaşdırmağa kömək etməkdir.

Bəyannamə: razılaşdırılmış prinsip və standartları göstərən, lakin hüquqi cəhətdən öhdəlik yaratmayan sənəd. BMT konfranslarında, məsələn, Vyanada 1993-cü ildə keçirilmiş İnsan Hüquqları Konfransı və Pekində 1995-ci ildə keçirilmiş Qadınlar üçün Dünya Konfransında olduğu kimi, adətən iki bəyannamə qəbul olunur: hökumət nümayəndələri tərəfindən və qeyri-hökumət təşkilatları (QHT-lər) tərəfindən hazırlanan bəyannamələr. BMT Baş Assambleyası adətən təsirli, lakin hüquqi qüvvəyə malik olmayan bəyannamələr qəbul edir.

Uşaq Hüquqları Bəyannaməsi: 1959-cu ildə BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş bu sənəd on ümumi prinsipi irəli sürən, hüquqi qüvvəyə malik olmayan vasitə idi. Onun əsasında 1989-cu ildə Uşaq Hüquqları Konvensiyası qəbul olunub.

Demokratiya: idarəçilik səlahiyyətinin insanlardan birbaşa referendum və ya səs vermə hüququ olan insanların seçdiyi nümayəndələr vasitəsilə alındığı idarəçilik forması.

İstisna: müqavilə tərəfi olan dövlətin müəyyən hüquqları dayandırmasına və ya məhdudlaşdırmasına imkan verən bəyanat, məsələn, müharibə vaxtı. Bəzi hüquqlar həmişə təmin olunmalıdır, məsələn, işgəncəyə məruz qalmamaq hüququ.

İnkişaf: bütün əhalinin və fərdlərin inkişafda və onun yaratdığı faydaların ədalətli bölgüsündə fəal, azad və anlamlı şəkildə iştirakına əsaslanmaqla, onların rifah halının davamlı yaxşılaşdırılması məqsədi daşıyan hərtərəfli iqtisadi, sosial, mədəni və siyasi proses. Həmçinin, inkişaf hüququna baxın.

Əlillərə qarşı ayrı-seçkilik: əlilliyi olan insanların digərlərindən daha aşağı olduğu inamına əsaslanan ayrı-seçkilik, istismar və ya alçaldıcı davranış.

İtkin düşmə: şəxslərin hökumət və ya digər təşkilatlar tərəfindən öldürülməsi və ya gizli şəkildə həbs olunması nəticəsində itkin düşməsini təsvir edən ifadə. Onlar ədalətsiz rejimə və ya təşkilatların doktrinalarına qarşı apardıqları fəaliyyətə və ya öz siyasi fikirlərinə görə yoxa çıxırlar.

Ayrı-seçkilik: irqi, mədəni, etnik mənsubiyyət, milliyyət, din, fiziki çatışmazlıq və ya sözügedən məsələ ilə bağlı olmayan istənilən digər əsasda törədilən fərqləndirmə, təcrid və ya məhdudlaşdırma.

İqtisadi: Maddi sərvətin istehsalı, inkişaf etdirilməsi və ya menecmenti ilə əlaqədar faktorlarla bağlı.

İqtisadi hüquqlar: həyati ehtiyaclar üçün materialların istehsalı, inkişaf etdirilməsi və menecmenti ilə bağlı hüquqlar. Bu hüquqlar ÜİHB-də bəyan olunub, ICESCR və Avropa Sosial Xartiyası ilə qorunur.

Səlahiyyət vermə: fərdlər və icmaların mənəvi, siyasi, sosial və iqtisadi gücünü artırmaq. Burada təcrid olunmuş fərdlər və qruplara cəmiyyətin həyatında tam şəkildə iştirak etmək hüquqlarını qanunvericilik, müsbət fəaliyyət və təlim vasitəsilə həyata keçirmək bacarığını aşılamaq nəzərdə tutulur.

Qüvvəyə minmə: müqavilənin onu ratifikasiya edən dövlətlər üçün tam şəkildə hüquqi qüvvə alması prosesi. Müqavilənin qüvvəyə minməsi üçün minimum sayda ratifikasiya əldə olunduqda baş verir.

Ətraf mühit hüquqları: adətən fərdlərin təhlükəsiz, sağlam və ekoloji cəhətdən təmiz ətraf mühitdə yaşamaq hüququnu təsvir etmək üçün istifadə olunur. Bəzən, ətraf mühitin özünün malik olduğu “hüquqlara”, o cümlədən heyvanlar, bitkilər və ekosistemlərin insan fəaliyyətinin təsirindən xilas olmaq hüquqlarına şamil oluna bilər.

Avropa Sosial Hüquqlar Komitəsi: Dövlətlərin Avropa Sosial Xartiyası-na riayət etməsinə nəzarət edən məsul qurum. 15 müstəqil və qərəzsiz mütəxəssisdən ibarət olan bu komitə Sosial Xartiyaya tərəf olan dövlətlərin təqdim etdiyi hesabatları nəzərdən keçirmək üçün müntəzəm olaraq görüşür.

İşgəncə, Alçaldıcı Rəftar və Cəzaların Qarşısının alınması üzrə Avropa Konvensiyası: dövlət orqanı tərəfindən həbs, azyaşlıların islah mərkəzləri, polis məntəqələri, qaçqın düşərgələri və ya psixi xəstəxanalarda saxlanılan şəxslərə qarşı müxtəlif hüquq pozuntularının qarşısını almaq məqsədilə 1987-ci ildə Avropa Şurası tərəfindən qəbul olunmuş regional insan hüquqları müqaviləsi.

İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyası (ECHR): (Avropa Konvensiyası, Avropa İnsan HüquqlarıKonvensiyası), Avropa Şurası tərəfindən 1950-ci ildə qəbul olunmuş re-gional insan hüquqları müqaviləsi. Bütün Avropa Şurası üzvləri Konven-siyaya tərəfdir, yeni üzvlərin də ən tez vatxda konvensiyanı ratifikasiya etməsi gözlənilir.

Avropa İnsan Hüquqları Məhkəməsi: Strazburqda yerləşən bu fövqəlmilli məhkəmə Avropa İnsan Hüquqları Konvensiyası ilə yaradılmışdır. Fərdlər Konvensiyaya qoşulmuş tərəfin onların insan hüquqlarını pozduğunu hiss edərlərsə, hüquqi prosesdə son çarə kimi bu məhkəməyə müraciət edə bilərlər.

Avropa İcmalarının Ədalət Məhkəməsi: (adətən sadəcə “Məhkəmə” adlandırılır); 1952-ci ildə yaradılıb. Lüksemburqda yerləşən bu məhkəmə hüququn hamı üçün bərabərliyini təmin etmək məqsədilə bütün Aİ ölkələrində Aİ qanunvericiliyinin eyni şəkildə şərhini və tətbiqini təmin edir. Məsələn, Məhkəmə milli məhkəmələrin eyni məsələ ilə bağlı fərqli hökmlər verməsinin qarşısını alır.

Avropa Mədəni Konvensiyası: (Avropa Şurası tərəfindən 1954-cü ildə qəbul olunub; 1955-ci ildə qüvvəyə minib); Avropa Şurasının təhsil, mədəniyyət, mədəni irs, gənclər və idman sahələrindəki fəaliyyəti üçün rəsmi çərçivəni təmin edən regional müqavilə. Avropa Konvensiyasına əlavə olaraq, Konvensiya Avropa mədəniyyətini qorumaq, müxtəlif xalqlar arasında mədəni fərqlərin qarşılıqlı şəkildə başa düşülməsi və dəyərləndirilməsini inkişaf etdirməyə çalışır.

Avropa Parlamenti: Avropa İttifaqının birbaşa seçkilərlə seçilən parla-ment qurumudur. Parlamentin Strazburq və Brüsseldə olmaqla iki görüş yeri var. AP-nin 736 parlament üzvü (MEP-lər) var.

Avropa Sosial Xartiyası: (Avropa Şurası tərəfindən 1962-ci ildə qəbul olunub; 1996-cı ildə yenidən baxılıb); sosial və iqtisadi hüquqlara zəmanət verən regional müqavilə; mülki və siyasi hüquqları əhatə edən Avropa Konvensiyasını tamamlayır.

Avropa İttifaqı (Aİ): Avropada yerləşən dövlətlərin iqtisadi və siyasi birliyi olmaqla regional inteqrasiya və sosial əməkdaşlığa töhfə verir. Aİ 1993-cü ildə Maastrixt Müqaviləsi ilə yaradılıb.

Qiymətləndirmə: fasilitatorlar və iştirakçılar arasında iştirakçıların təcrübə və iştiraka əsaslanan məşğələdən öyrəndiklərini təhlil etməsi və dəyərləndirməsinə imkan vermək məqsədilə aparılan strukturlaşdırılmış söhbət. Proses gedişində, iştirakçılar öyrəndiklərinin onların öncədən bildikləri ilə əlaqəsini və gələcəkdə onlardan necə istifadə edə biləcəklərini müəyyən edirlər.

İnkişaf edən bacarıq: Uşaq Hüquqları Konvensiyasında (ÜHK) uşağın artan əqli və emosional yetkinliyi ilə bağlı onun hüquqlarının daha geniş şəkildə təmin olunmasını nəzərdə tutuan prinsip.

Fasilitator: Kompas məşğələlərini təqdim edən və koordinasiya edən şəxs. Fasilitator “nəyinsə baş verməsini təmin edir”, “kömək edir”, digərlərini öyrənməyə və öz potensiallarını inkişaf etdirməyə həvəsləndirir. Fasilitatorun rolu iştirakçıların təcrübə, araşdırma, vermə və alma ilə öyrəndiyi təhlükəsiz mühit yaratmaqdır. Fasilitator lider, “mütəxəssis”, kimi digərlərinə bilik ötürməli və monoloq aparmalı deyil. Həm fasilitator, həm də iştirakçılar öz təcrübələrini bölüşməklə inkişaf etməlidirlər.

Faşizm: Milli və ya iqri üstünlük, eləcə də siyasi, iqtisadi və mədəni həyatın bütün aspektlərinə nəzarətin vacibliyi ideologiyasına əsaslanan idarəçilik sistemi. Buraya müxalifət və tənqidçilərə güc yolu ilə təzyiq göstərilməsi, kütləvi informasiya vasitələrinə nəzarət, sənaye, kommer-siyaya dövlət nəzarəti və s., eləcə də aqressiv milliyyətçilik və əksər hal-larda, irqçilik aid edilə bilər.

Birinci nəsil hüquqlar: 17-18-ci əsrdən insan hüququ kimi qəbul olunan hüquqlar. Buraya bütün mülki və siyasi hüquqlar daxildir, məsələn, səs vermək hüququ, yaşamaq və azadlıq hüququ, ifadə, vicdan və toplaşmaq azadlığı. Mülki və siyasi hüquqlar üzrə beynəlxalq pakt (ICCPR) məhz bu hüquqları kodifikasiya edir. Bu termin mülki və siyasi hüquqların ikinci nəsil hüquqlar, iqtisadi və sosial hüquqlara münasibətdə iyerarxiyasını göstərdiyindən artıq sürətlə istifadədən çıxır.