Demokratiya sizin inandığınız nə isə və ya papağınızı asa biləcəyiniz yer deyil, sizin nə etdiyinizdir. İştirak edin. Bunu etməsəniz, demokratiya məhv olacaqdır.

Abbi Hofman

Xülasə

Bu məşğələ demokratiyada vətəndaşların hüquq və öhdəlikləri, hökumət, QHT-lər və mətbuat haqqında danışıqları əhatə edir.

Əlaqədar hüquqlar

• İdarəçilikdə və azad seçkilərdə iştirak etmək hüququ
• Məlumat və ifadə azadlığı
• Hər kəsin cəmiyyət qarşısında öhdəliklərinin olması

Məqsədlər

• Hüquqlar və öhdəliklər arasında əlaqənin başa düşülməsini inkişaf etdirmək
• Müzakirə və əməkdaşlıq bacarıqlarını inkişaf etdirmək
• Vətəndaşlıq məsuliyyətini təbliğ etmək

Materiallar

• Qeydlər üçün hər qrupa A4 vərəqi və qələm
• 4 böyük vərəq (A3) və ya flipçart vərəqi (hər qrup üçün bir “qeyd vərəqi”)
• Hər qrup üçün 3 marker (biri qırmızı, biri yaşıl və biri göy)
• 4 sap və ya yun topu (hər qrup üçün fərqli rəngdə iplik)
• Hər qrup üçün bir skoç
• Qayçı
• Hər qrup üçün bir oyun qaydaları vərəqi

Hazırlıq

• Hər sap və ya yun topundan 6 ədəd hissə kəsin (1.5m uzunluğunda). (toplamda 24 sap alınacaq; hər rəngdən 6 ədəd, hər qrup üçün bir rəng).

Key Date
  • 15 SentyabrBeynəlxalq Demokratiya Günü

Təlimatlar

1. Məşğələnin məqsədinin demokratik (ideal) cəmiyyətdə dörd “aktyor” arasında münasibətlərin “xəritəsi”ini çəkmək olduğunu izah edin.
2. İştirakçıları demokratiyadakı dörd “aktyor”u təmsil etmək üçün bərabər ölçüdə dörd qrupa ayırın: hökumət, QHT sektoru, KİV və vətəndaşlar.
3. Hər qrupa qeydlər üçün bir A4 vərəqi və qələm verin və onlara öz “aktyorları”nın demokratik cəmiyyətdə rolu, yəni icra etdiyi əsas funksiyalar barəsində beyin fırtınası
aparmaq üçün on dəqiqə vaxt təmin edin. Vaxtın sonunda, onlar ən vacib beş funksiya üzrə razılığa gəlməlidirlər.
4. Növbəti mərhələdə onlar “qeyd vərəqləri”ni hazırlayacaqlar. Hər qrupa böyük ölçüdə kağız (A3 və ya flipçart vərəqi) və qırmızı marker verin və onlardan təmsil etdikləri “aktyor”u və aşağıda onun beş ən vacib funksiyasını yazmağı xahiş edin.
5. “Qeyd vərəqləri”nin təqdim olunması üçün qrupu bir yerə toplayın. Qrupların öz reaksiyalarını paylaşmasına icazə verin. Onlardan dörd “aktyor”un əsas funksiyaları ilə razılaşıb-razılaşmadıqlarını soruşun. Əgər istəsələr, qruplar səsləndirilən fikirlər əsasında siyahılarına dəyişiklik edə bilərlər.
6. İndi qrupları yenidən ayırın və onlara yaşıl qələm verin. Onlara funksiyalarını yerinə yetirmək üçün bir birindən nə tələb etdikləri barəsində beyin fırtınası aparmaq üçün on
beş dəqiqə vaxt verin. Vaxtın bitməsinə yaxın qruplardan digər hər bir “aktyor”dan iki ən vacib tələblərini prioritetləşdirməyi və yaşıl markerlə ayrıca başlıqlar altında yazmağı
xahiş edin.
7. ”Oyun qaydaları”nın nüsxələrini paylayın, onların üstündən keçin və hamının nə etməli olduğunu başa düşdüyündən əmin olun. Qruplardan “qeyd vərəqləri”ni otağın ortasına gətirməyi və 1 metr aralı olmaqla kvadrat şəkildə (diaqrama baxın) yerləşdirməyi xahiş edin. Hər qrupun üzvlərindən onlara yaxın olan ”künc”də dayanmağı xahiş edin.
8. Hər qrupa 6 sap, skoç və göy qələmi ötürün.
9. Danışıq turları indi başlayır. Hər tura 10 dəqiqə vaxt ayırın. İştirakçılara məqsədin müxtəlif “aktyorlar” arasında münasibətlərin xəritəsini çəkmək olduğunu xatırladın və tələb qəbul edildikdə məsuliyyətin götürüldüyünü vurğulamaq üçün sapın iki kağız arasına yapışdırılmalı olduğunu izah edin.
10. İştirakçılar xəritə ətrafında əyləşərkən təhlil və qiymətləndirməyə keçin.

Təhlil və qiymətləndirməGoto top

İştirakçılardan düzəltdikləri xəritəyə baxıb məşğələdən nə öyrəndikləri barəsində düşünməyi xahiş edin:
• Demokratiyada hökumət, QHT-lər, KİV və vətəndaşların funksiyaları haqqında düşünmək çətin idi?
• Qruplar daxilində hansı iddiaların qəbul edilməsi və ya rədd olunması ilə bağlı narazılıqlar var idi?
• Qruplar onlara qarşı edilən iddiaların hansılarını öhdəlik kimi qəbul etməyiblər? Niyə belə oldu? Sizin fikrinizcə, reallıqda belə hallar problem doğura bilər?
• Hər qrupun qəbul etdiyi, lakin əvvəlcədən haqqında düşünmədiyi öhdəliklər olub? Bununla bağlı özlərini necə hiss edirlər?
• Məşğələ iştirakçılara demokratik cəmiyyət barəsində bilmədikləri hər hansı yeni məlumat verib? Təəccübləndirici nəsə olub?
• Bu məşğələdə hansı insan hüquqlarına toxunulub?
• ÜİHB-in 29-cu maddəsində qeyd olunur: “Hər bir insan elə bir cəmiyyət qarşısında məsuliyyət daşıyır ki, onun şəxsiyyətinin azad və tam inkişafı yalnız o cəmiyyətdə mümkündür.” Həyatınızda hazırdakı ən vacib öhdəliklər hansılardır?
• Heç kimin hüquqlarının tapdanmadığını təmin etməkdə müxtəlif aktorların rolları nədir?
• Hər kəsin insan hüquqları təhsilinə çıxışının təmin olunmasında müxtəlif aktorların rolları nələrdir?

Fasilitatorlar üçün məsləhətlərGoto top

Dörd müxtəlif rəngdə (hər rəng bir “aktyor”la bağlıdır) sapdan istifadə etmək xəritəni daha cəlbedici edir və əlaqələri izləmək, məsələn, vətəndaşların tələbləri sarı, KİV-in tələbləri qara olmaqla, daha asan olur.

Təlimatların 5-ci addımında, qruplar funksiyalar siyahısını çəkdikdən sonra məsələni ümumi qrupda müzakirə etmək üçün çox vaxt sərf etməyin. Siz bundan qrupları növbəti kiçik qrup işinə yönəltmək üçün istifadə etməlisiniz. Qruplar digər qrupların funksiyaları ilə bağlı qeydlər götürmək istəyə bilərlər.

Əgər qruplar funksiyaları müəyyən edə bilmirlərsə, onlardan öz “aktyorları”nın nə et-diyi və əgər həmin “aktyor” olmasa nəyin çatışmayacağı barəsində düşünməyi xahiş edin. Qrupların işə başlaması üçün bəzi nümunələr gətirə bilərsiniz:

• Hökumətlər qanunvericilik hazırlayır, ümumi siyasət üzrə qərar qəbul edir və ölkənin öz büdcəsini uyğun şəkildə xərclədiyini təmin edir.

• KİV hökumətin siyasəti üzrə məlumat verir, məsələləri araşdırır, rəy və təhlili təmin edir.

• Vətəndaşların “funksiyaları” demokratik cəmiyyət üçün vacib olan hər şeyi əhatə edir:  buraya parlamenti dəstəkləmək, insan hüquqları uğrunda mübarizəyə qoşulmaq, ayrı-ayrı qrupları qorumaq üçün təşkilatlar qurmaq, siyasi həyatı sorğulamaq və ona cəlb olunmaq və digərləri daxildir.

Tələblər siyahısını hazırlayarkən (5-ci addım), onlara digər “aktyorlar”a yönəltdikləri tələblərdə reallığı nəzərə almağı bildirin! Öhdəliklər uyğun olmalı, ədalətsiz və məntiqsiz iddialardan ibarət olmamalıdır.

9-cu addımda, danışıqlar ”yarış” kimi təqdim olunmamalı, onlara çox vaxt ayrılmamalıdır. Qrupların bir-biri ilə əməkdaşlıq etməli olduqlarını vurğulayın: məqsəd bütün “aktyorların” ümumi rifah üçün birgə çalışdığı cəmiyyət qurmaqdır. Buna görə də, sövdələşmələr nisbətən cəld olmalıdır: qruplara iddialar məntiqi göründükdə onları qəbul etməyi, əks halda, rədd etməyi tapşırın. Mübahisəli məsələlər sonrakı mərhələdə müzakirə olunacaqdır.

Əgər qrupların tələblər və öhdəliklər haqqında düşünərkən köməyə ehtiyacı varsa, siz KİV və vətəndaşlar nümunəsindən istifadə edə bilərsiniz: jurnalistlərin baş verən hadisələr barədə məlumata ehtiyacı var və vətəndaşların öhdəliyi KİV-i xəbərdar etmək və şahidi olduqları hadisələrlə bağlı bəyanatlar verməkdir.

VariantlarGoto top

Məşğələ cəmiyyətdəki “aktyorlar”ın müxtəlif sayından istifadə etməklə daha çox və ya az mürəkkəb edilə bilər: məsələn, ”bizneslər”, ”azlıqlar”, və ya ”çətin vəziyyətdə olan qruplar”ı əlavə edə bilərsiniz. Buna baxmayaraq, bu, danışıqlar prosesini qəlizləşdirəcəkdir və siz qrupların yalnız bəzilərindən öz tələblərini səsləndirməyi xahiş edə bilərsiniz. Eyni zamanda, siz gənclərin reallıqlarına birbaşa daha uyğun olan müxtəlif kateqoriyalardan istifadə edə bilərsiniz – məsələn, ”vətəndaşlar”ı ”gənclər”lə və ”hökumət”i ”məktəb”lə əvəzləyin.

Məşğələ bir və bir neçə qrupu çıxarmaqla sadələşdirilə bilər: məsələn, yalnız ”vətəndaşlar” və ”hökumət”lə işləməklə. Əgər kiçik qrupla işləyirsinizsə, bu metoddan istifadə edə bilərsiniz.

Siz məşğələni “qeyd vərəqləri” olmadan aparmağı sınaya bilərsiniz: danışıqlar zamanı, birinci qrupdan olan şəxs sapın bir ucundan tutur və digər ucu ikinci qrupdakı şəxsə təklif edir. Əgər bütün iştirakçılar ucları tutsalar, prosesin sonunda ”cəmiyyət” fiziki cəhətdən bütövlükdə əlaqələndirilmiş olacaqdır!

Sonrakı fəaliyyət üçün təkliflərGoto top

Qrup cəmiyyətin başqa qruplarını daxil etməklə (“Variantlar” başlığına baxın), xəritəni düzəltməyə davam edə bilər. Daha aydın şəkildə göstərmək üçün xəritə başqa bir kağıza köçürülə bilər. Cəmiyyətinizdəki hansı əlaqələrin yaxşı inkişaf etmədiyi və bunu dəf etmək üçün nəyin edilə biləcəyi haqqında düşünün.

Əgər qrup cəmiyyətin inkişaf istiqamətləri – daha spesifik olaraq onun necə inkişaf etməsini istədikləri barəsində düşünmək istəyərsə, “Bizim gələcəyimiz” məşğələsini edə bilərsiniz.

Fəaliyyət üçün fikirlərGoto top

Məşğələni yenidən edin, lakin bu dəfə ondan sizin yerli hökumət, yerli KİV, yerli QHT-lər və vətəndaşların bir-biri ilə əlaqələrini təhlil etmək üçün istifadə edin. Əlaqələrin daha yaxşı ola biləcəyi sahələri müəyyən edin və bunu məktublar, bloq və ya yerli KİV-də məqalə yazmaqla “aktyorlar”ın diqqətinə çatdırın. Təşkilatınız, məktəbiniz, kollec və ya klubunuzun digər “aktyorlar”la əlaqələrini inkişaf etdirməklə praktiki işə başlaya bilərsiniz.

Paylanmalı materiallarGoto top

PDF kimi yükləyin

Oyun qaydaları

1. Hər bir ”aktyor” üçün məşğələnin məqsədi digər ”aktyorların” onların tələblərini qəbul etməsinə nail olmaqdır.
2. ”Aktyorlar” cütlükləri arasında danışıqlar aşağıdakı üç tur üzrə gedir:
1-ci tur: vətəndaşlar və QHT-lər, KİV və hökumət danışıq aparır.
2-ci tur: vətəndaşlar və KİV, QHT-lər və hökumət danışıq aparır.
3-cü tur: vətəndaşlar və hökumət, KİV və QHT-lər danışıq aparır.
3. Hər turda cütlüklər kimin başlayacağına özləri qərar verirlər və növbə ilə bir-birlərinə tələblərini səsləndirirlər.
4. Tələbi səsləndirərkən iştirakçılar onu açıq və aydın şəkildə təqdim etməlidirlər. Onlar həmçinin tələbin nəyi əhatə etdiyini və niyə bu tələbi irəli sürdüklərini, eləcə də öz funksiyalarını icra edə bilmələri üçün bu tələbin nəyə görə vacib olduğunu izah etməlidirlər.
5. Tələbi qəbul edib-etməmək barəsində qərar verərkən iştirakçılar onun ədalətli olması və həmin tələbi həyata keçirmək imkanlarını nəzərə almalıdırlar.
6. Tələb qəbul olunarsa, cütlüklər “tələb edən”in saplarının birindən istifadə edərək razılığa gəlindiyini göstərmək üçün onu iki “qeyd vərəqi”nin arasına yapışdırmalıdırlar. Qəbul edən qrup öz “qeyd vərəqi”ndə göy qələmlə qısa qeyd aparmaqla öhdəliklərini və razılaşdıqları tələbləri yadda saxlamalıdırlar.
7. Əgər ikinci qrup tələbi rədd edərsə, sap kənara qoyulur.
8. Bütün tələblər müzakirə edilənə qədər danışıqlar təkrarlanmalıdır.
9. Hər dörd “aktyor” arasında əlaqə qurulana qədər hər turda proses davam etdirilir.
10. Prosesin sonunda demokratiyada müxtəlif aktyorlar arasında əlaqələri göstərən xəritə alınacaqdır. Aktyorların hər birində qırmızı qələmlə funksiyalar, yaşıl qələmlə digər “aktyorlar”a qarşı tələblər və göy qələmlə digər “aktyorlar”ın tələblərini yerinə yetirmək üçün razılaşdıqları addımların siyahısı olan “qeyd vərəqi” olacaqdır. Tələblər və görüləcək işlər rəngli saplarla təqdim olunur.

Image : Record sheet in activity Making links