Üç R-ə əməl edin: Özünüzə hörmət (Respect for self), Başqalarına hörmət (Respect for others) və bütün etdiklərinizə görə məsuliyyət (Responsibility for all your actions)

Dalay Lama

Xülasə

Bu məşğələdə iştirakçılar şəxslərarası zorakılıqla bağlı təcrübələrini nəzərdən keçirirlər.

Əlaqədar hüquqlar

• Yaşamaq, azadlıq və şəxsi təhlükəsizlik hüququ
• Fikir, vicdan və din azadlığı
• İşgəncə və alçaldıcı rəftara məruz qalmamaq hüququ

Məqsədlər

• Zorakılıq obyekti olmaq və zorakılığın səbəbi ilə bağlı bilik və düşüncəni inkişaf etdirmək
• Zorakılıqla müsbət yolla mübarizə aparmaq bacarıqlarının inkişafına təkan vermək
• Dözümlülük və məsuliyyət dəyərlərini inkişaf etdirmək.

Key Date
  • 2 OktyabrQeyri-zorakılıq üzrə Beynəlxalq Gün

Instructions

1. Bu məşğələnin iştirakçıların zorakılığın qurbanı olduğu və digərlərinə zorakı davrandığı şəxslərarası zorakılıq halları ilə bağlı şəxsi təcrübələri üzrə fikir və hislərini paylaşmaları üçün imkan yaratdığını bildirin.
2. Hamının iştiraka əsaslanan qrup işi barəsində məlumatlı olduğundan və onu başa düşdüyündən əmin olun: hamıya hörmətlə yanaşılmalı, deyilənlər məxfi saxlanmalı və heç kim öz fikirlərini səsləndirərkən özünü təzyiq altında və narahat hiss etməməlidir.
3. “Zorakılıq” sözü ilə bağlı qısa beyin fırtınası sessiyası aparın, iştirakçılardan gündəlik zorakılıq nümunələri verməyi xahiş edin, məsələn, sözlə alçaltma, təhqir, sarkazm, növbəni pozmaq, zorla kiminsə qarşısına keçmək, uşağı şillələmək və ya vurmaq/vurulmaq, banda tərəfindən təhdid olunmaq, oğurluq, xırda pul oğurluğu və ya cibgirlik, vandalizm və digər hallar.
4. Hər kəsdən aşağıda göstərilən hallarla bağlı şəxsi insidentləri xatırlamaq üçün beş dəqiqə ərzində düşünməyi xahiş edin:
a. kimsə onlara qarşı zorakı davranıb
b. onlar kiməsə qarşı zorakı davranıblar
c. onlar kiminsə zorakı davrandığını görüb müdaxilə etməyiblər.
5. Könüllü bir neçə iştirakçıdan qrupun birgə nəzərdən keçirməsi üçün öz təcrübələrini bölüşməyi xahiş edin. Nə baş verdiyini və özlərini necə hiss etdiklərini təsvir etmələrinə imkan yaradın. A, b və c kateqoriyalarının hər biri üzrə iki nümunəyə baxmağa çalışın.
6. Flipçartda baş vermiş insidentlərlə bağlı qısa qeydlər aparın.Goto top

Təhlil və qiymətləndirmə

Ümumilikdə, məşğələnin qısa müzakirəsi və onun çətin olub-olmamasının səbəblərini nəzərdən keçirməklə başlayın. Bundan sonra, müxtəlif insidentlərin səbəblərini və nəticələrini təhlil edin.

• Zorakılıq halı niyə baş verib?
• Niyə zorakı davranmısınız?
• Qrupun digər üzvləri bənzər halda necə davranardılar?
• Necə daha fərqli şəkildə davrana bilərdiniz? Qrupun qalanının təklifləri var?
• İnsidentin baş verməsinin qarşısını almaq üçün nə etmək olardı?c variantında iştirakçılar niyə müdaxilə etməyiblər?
• İnsidentlərin ümumi səbəbləri vardı yoxsa onların hər biri məxsusi idi?
• İnsidentlərin neçəsi anlaşılmazlığın, neçəsi inciklik, qəzəb və paxıllığın, neçəsi mədəniyyət və ənənələr, fikir və inamlarda fərqlərin nəticəsi idi?
• İştirakçılar “dözümlülük” sözündən nə başa düşürlər? Ona necə tərif verərdilər?
• Biz başqalarının bütün hərəkətlərinə və sözlərinə qarşı dözümlü olmalıyıq?
• Niyə dözümlülük insan hüquqlarının təmin olunması üçün əsas dəyərdir?

Fasilitator üçün məsləhətlərGoto top

Bu məşğələnin məqsədinin zorakılığın səbəblərini başa düşərək, eləcə də hisslər və emosiyaları müəyyən edərək zorakılıqla mübarizə aparmaq və vəziyyəti nəzarətdə sax-lamaq üçün müsbət davranış bacarıqlarını inkişaf etdirmək olduğunu vurğulayın. Diqqət mərkəzində olan məsələ fərdlərin yaşadıqları travmanın öhdəsindən gəlməsinə kömək etmək deyil, zorakı hallara qarşı mübarizə üçün qeyri-zorakı vasitələr tapmaqdır. Əgər kimsə zorakılıq nəticəsində əziyyət çəkirsə, məşğələdən sonra onlarla təklikdə danışa biləcəyinizi bildirin və onlara peşəkar yardım almağa kömək edin.

Sürprizlərə hazır olun, bu məşğələni çətin və ya məyusedici hesab edən iştirakçılara dəstək göstərin. Siz hamının keçmişini, onların ailəsində baş verənləri yaxud baş vermiş hadisələri bilə bilməzsiniz. Ola bilər ki, iştirakçılardan bəzilərinin zorakılıqla bağlı pis təcrübələri olub, məsələn, uşaqların istismarı, məişət zorakılığı, psixoloji və ya emosion-al alçaltma, kiber-xuliqanlıq, cinsi istismar, irqçilik, məktəbdə və ya işdə xuliqanlıq, yolda qəzəblənmə, özünə ziyan vurma, intihar cəhdi, nifrət cinayətləri, terrorizm, soyqırım, müharibə, müharibə cinayətləri və zorakı cinayət.

İştirakçıları Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 1-ci maddəsini xatırlamağa çağırın: “Bütün insanlar öz ləyaqətləri və hüquqları etibarilə azad və bərabər doğulurlar. Onlara ağıl və vicdan bəxş edilib və onlar bir-birinə münasibətdə qardaşlıq ruhunda davranmalıdırlar”. Əgər biz başqalarının bu maddəyə əməl etməsini gözləyiriksə, özümüz də ona riayət etməliyik.

Əgər qrupda ondan artıq adam varsa, hekayələrini bölüşmək üçün onları kiçik qruplara ayıra bilərsiniz.

VariantlarGoto top

Bu məşğələ səhnəcik qurmaq üçün istifadə oluna bilər. İki, üç və ya dörd iştirakçıdan in-sidenti göstərən qısa rol oyunu hazırlamağı xahiş edin. Qrupun yerdə qalan üzvləri isə tamaşa edir. Rol oyunu təqdim olunarkən arada fasilələr verə və tamaşaçılardan rəy bildirməyi yaxud rol oyununun davamı barəsində təkliflər irəli sürməyi xahiş edə bilərsiniz. Alternativ olaraq, tamaşaçılar rolları aktyorlardan təhvil alıb səhnəciyi fərqli şəkildə yekunlaşdıra bilərlər.

Forum Teatrı əvəzinə “Şəkil Teatrı” metodundan istifadə edə bilərsiniz. İştirakçıları zorakılıq barəsində düşünməyə sövq etmək üçün bu üsul olduqca effektivdir. Bir iştirakçıdan (heykəltəraş) digər iştirakçılardan istifadə edib kollektiv şəkil hazırlamağı və onların bədənlərindən istifadə etməklə zorakı vəziyyəti göstərən tablo və ya səhnə qurmağı xahiş edin. Əsər tamamlandıqdan sonra, qrupun qalanı rəy bildirə və suallar verə bilər. Növbəti addım təqdim olunan şəkili vəziyyətin müsbət, qeyri-zorakı halına çevirməkdir.

Sonrakı fəaliyyət üçün təkliflərGoto top

Dözümlülük Prinsipləri üzrə BMT Bəyannaməsində dözümlülüyün hədləri ilə bağlı irəli sürülən ziddiyyətli məqamı müzakirə edə bilərsiniz. “Dözümlülük insan hüquqlarına hörmətlə bağlıdır; dözüm göstərmək sosial ədalətsizliyə dözmək və ya şəxsin əqidəsindən im-tina etməsi yaxud əqidəsinin zəifləməsi demək deyil. Dözümlülük şəxsin sərbəst şəkildə öz əqidəsinə xidmət etməsi və digərlərinin də əqidəsini qəbul etməsi deməkdir.” Qrupdan qeyd olunan məsələni nəzərdən keçirməyi xahiş edin, “əgər dözümlülük sosial ədalətsizliyə dözülməsini əhatə etmirsə”, biz irqçi və ya fanatik baxışları olan şəxslərin “öz [əqidələrinə] xidmət etməsini qəbul etmək” məcburiyyətində deyilik?

Zorakılıq qurbanlarına dəstək verən təşkilatları araşdırın, məsələn, yardım xətlərinə və qurbanlara dəstək şəbəkələrinə zəng edin. İcmanızda anlayış və dözümlülüyü təbliğ edən təşkilatlar haqqında məlumat toplayın.

Əgər sülh və zorakılıq mövzusunda işi davam etdirmək istəyirsinizsə, ailə daxili zorakılığa həsr olunmuş “Ailədaxili məsələlər”, 232-ci səhifədəki kiber-xuliqanlığa həsr olunmuş “Mənim həyatım tamaşa deyil” və 140-cı səhifədəki xuliqanlığa həsr olunmuş “Bizim alternativlərimiz var?” məşğələlərinə baxa bilərsiniz.

Fəaliyyət üçün fikirlərGoto top

İcmanızda sülh və qeyri-zorakılığın təbliği üçün çalışan təşkilatla əlaqəyə keçin, könüllü kimi necə kömək edə biləcəyinizi müəyyənləşdirin.

Əlavə məlumatGoto top

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Zorakılıq və Sağlamlıq üzrə ilk Ümumdünya Hesabatında (2002) zorakılığa belə tərif verir, “özünə, digər şəxsə, qrup və ya icmaya qarşı zədə, ölüm, psixoloji zərər, inkişafdan qalma və ya məhrumiyyətlə nəticələnən yaxud nəticələnməsi gözlənilən fiziki güc və ya qüvvənin məqsədli istifadəsi ilə təhdid və ya tətbiqi.”

Prinsiplər üzrə BMT Bəyannaməsi
1-ci maddə – Dözümlülüyün mənası
1.1 Dözümlülük dünyamızın mədəniyyətlərinin, ifadə tərzlərimizin və insan olmaq vasitələrimizin zəngin müxtəlifliyinə hörmət, onun qəbul edilməsi və dəyərləndirilməsidir.
Dözümlülük bilik, açıqfikirlilik, ünsiyyət, düşüncə, vicdan və inam azadlığı ilə formalaşdırılır. Dözümlülük fərqlilikdə ahəngdir. Mənəvi öhdəlik deyil, lakin siyasi və hüquqi tələbdir. Dözümlülük sülhü mümkün edir, müharibə mədəniyyətini sülh mədəniyyəti ilə əvəzləməyə töhfə verir.
1.2 Dözümlülük imtiyaz, iltifat və ya mərhəmət deyil. Dözümlülük, hər şeydən əvvəl, digərlərinin ümumdünya insan hüquqları və əsas azadlıqlarının tanınması ilə ortaya çıxan
fəal yanaşmadır. Heç bir halda, dözümlülük həmin əsas dəyərlərin pozulmasına haqq qazandırmaq üçün istifadə oluna bilməz. Dözümlülük fərdlər, qruplar və dövlətlər tərəfindən nümayiş etdirilə bilər.
1.3 Dözümlülük insan hüquqları, plüralizm (mədəni plüralizm daxil olmaqla), demokratiya və qanunun aliliyini dəstəkləyən məsuliyyətdir. Dözümlülük ehkamçılığı və mütləqiyyəti rədd edir və beynəlxalq insan hüquqları vasitələrində müəyyən olunmuş standartları təsdiqləyir.
1.4 Dözümlülük insan hüquqlarına hörmətlə bağlıdır; dözüm göstərmək sosial ədalətsizliyə dözmək və ya şəxsin əqidəsindən imtina etməsi yaxud əqidəsinin zəifləməsi
demək deyil. Dözümlülük şəxsin sərbəst şəkildə öz əqidəsinə xidmət etməsi və digərlərinin də əqidəsini qəbul etməsi deməkdir. Dözümlülük insanların öz görünüşləri, vəziyyətləri, nitqləri, davranış və dəyərlərinə görə təbii şəkildə fərqlənməsi faktını, onların sülh şəraitində yaşamaq və olduqları kimi davranmaq hüquqlarını qəbul etmək deməkdir. Dözümlülük, həmçinin, şəxsin öz baxışlarını zorla digərlərinə qəbul etdirməməsi deməkdir.
BMT-nin Qeyri-zorakılıq üzrə Beynəlxalq Günü təhsil və ictimai məlumatlılıq vasitəsilə qeyri-zorakılığı təbliğ edən, qlobal səviyyədə qeyd olunan hadisədir. Bu gün məhşur Hind lideri Mahatma Qandinin ad günü ilə üst-üstə düşməsi üçün hər il oktyabrın 2-də qeyd olunur.