Heç əlil arabasında basketbol oynamısınız?

Xülasə

Bu məşğələ yüksək enerji tələb edir. İştirakçılar yeni oyunlar hazırlamaq üçün təxəyyül və kreativlikdən istifadə edirlər.

Əlaqədar hüquqlar

• Fiziki və mənəvi sağlamlığa malik olmaq hüququ
• Ləyaqət və hüquqlarda bərabərlik
• İstirahət hüququ

Məqsədlər

• İdman məşğələlərindən sosial və siyasi təcrid barəsində məlumatlılığı artırmaq
• Komanda işi, əməkdaşlıq bacarıqlarını və kreativliyi inkişaf etdirmək
• Hörmət və inteqrasiyanı, xüsusilə əlil insanlarla bağlı, təşviq etmək

Materiallar

• Açıq məkan
• Papaq
• Rol kartları
• Bintlər (elastik bintlər ən yaxşıdır)
• Taxta və ya oxşar material bloku (ayağın altına bağlamaq üçün, təqribən 30sm x 12sm x 10 sm hündürlükdə) Hər kiçik qrup üçün bir alət dəstiniz olmalıdır.
Təkliflərə aiddir:
• böyük vedrələr və ya kağız üçün zibil qabları
• Qalın ip/ kəndir topu
• Toplar
• Qəzetlər
• Sərhədləri çəkmək üçün təbaşir hissələri
• Avadanlığı düzəltmək üçün qayçı və skoç

Hazırlıq

• Əlilliyin hansı növlərinin məşğələdə təmsil olunmasını istədiyinizə qərar verin və rol kartlarını seçin; göz bağı, qulaqcıqlar, bintlər və digərlərini uyğun şəkildə bir yerə yığın.
• Rol kartlarının dəstlərini hazırlayın və hər qrup üçün hazır qoyun.
• Hər kiçik qrup üçün qalan alətlərin bir dəstini hazırlayın.

compass-key-date
  • 26 MayDünya Çağırış Günü

Instructions

1. İştirakçılara Dünya Çağırış Günü barəsində danışın və tapşırığın Hamı üçün İdman ruhunda yeni bir oyun hazırlamaq olduğunu izah edin. Yeganə şərt oyunda iştirakçıların
ürək döyüntüsünü 15 dəqiqə ərzində davamlı artıran fiziki məşğələnin müəyyən formasının olmasıdır.
2. İştirakçılardan kiçik qruplara ayrılmağı xahiş edin.
3. Rol kartları içərisində olan papağı növbə ilə qruplara aparın və hər iştirakçıdan bir rol kartı götürməyi xahiş edin. Əlillik kartı olan iştirakçılara rola girmək üçün bir neçə dəqiqə vaxt verin, məsələn, göz bağı taxmaq və ya əlini arxada bağlamaq üçün.
4. Hər qrupun Hamı üçün İdman ruhunda hamının iştirak edə biləcəyi oyun hazırlamaq üçün otuz dəqiqə vaxtı olduğunu bildirin. Onlar təqdim olunmuş avadanlığın hamısından və ya bir neçəsindən istifadə edə bilərlər. Yeni oyunun məqsədlərini və qaydalarını müəyyən etmək hər qrupun öz qərarıdır. Qrupdakı hər kəs planlaşdırma və qərar vermədə iştirak etməlidir.
5. Qruplara bir-birlərinin oyunlarını oynamağa imkan verin.

Təhlil və qiymətləndirməGoto top

Müxtəlif qruplarda olan insanların bir-biri ilə necə qarşılıqlı əlaqədə olması və məşğələni bəyənib - bəyənməməsini nəzərdən keçirməklə başlayın. Daha sonra, oyunları, inteqrasiya və əlilliyi müzakirə edin.

• Oyunu necə dizayn etdiniz? Hansı faktorları nəzərə aldınız? Qrupda əlil insanın olması fərq yaratdı?
• Qruplar necə işlədi? Demokratik yolla yoxsa bir və ya bir neçə nəfər qərar verməklə?
• Əlil olan iştirakçılar: Rolu oynamaq çətin idi? Sizcə, rolu həqiqətə uyğun şəkildə oynaya bildiniz?
• Yekun nəticəyə verdiyiniz töhfədən razı qaldınız?
• Əlil olmayan iştirakçılar: Əlil insanların tam və səmərəli şəkildə iştirakına maneə törədə biləcək halların öhdəsindən gəlmək üçün hansı tədbirləri gördünüz?
• Oyunları hazırlayarkən onların, həqiqətən, Hamı üçün İdman ruhuna uyğun olduğunu deyə bilmək üçün hansı güzəştləri etməli oldunuz?
• Sizcə, ölkənizdə gənc və əlil olmaq necədir? Onların üzləşdiyi məxsusi çətinliklər hansılar ola bilər?
• Sizcə, əlil insanların hüquqlarına tam şəkildə hörmət olunur? Əgər belə deyilsə – ən az hörmət olunan hüquqlar hansılardır və bunun əsas səbəbləri nələrdir?
• Reallıqda müəyyən qruplar idmandan necə təcrid olunur? Təcrid olunma onların insan hüquqlarının pozulmasıdır?

Fasilitator üçün məsləhətlərGoto top

Qrupların “qarışıq” olmasını təmin edin, məsələn, hündür və alçaq boylu insanlar, eynəkli və eynəksiz insanlar, müxtəlif gender, yaş, atletik bacarıqları olanlar və s.

Rollar bölüşdürülərkən hər qrupda ikidən artıq əlil insan olmamalıdır. Hər qrupda eyni və ya fərqli əlillik ola bilər. Əgər qruplarda eyni əlillik varsa, onlar sonradan bənzər çətinliklərin öhdəsindən necə gəldiklərini müqayisə edə bilərlər. Əgər qruplarda fərqli əlillik varsa, qrupların bütün əlillik formalarını nəzərə aldığını yoxsa məhz həmin qrupda təmsil olunan əlilliyə uyğun oyun dizayn etdiyini öyrənmək maraqlı olar.

Qrupdan asılı olaraq məşğələyə oyunların ümumi xüsusiyyətləri üzrə cəld beyin fırtınası sessiyası ilə başlaya bilərsiniz. Məsələn, oyunların aydın şəkildə müəyyən edilmiş məqsədləri, obyektivləri və qaydaları olmalıdır. Siz, həmçinin, bəzi məhdudiyyətlər gətirə bilərsiniz, məsələn, oyun müəyyən məkan çərçivəsində oynanmalıdır və ya ümumilikdə 20 dəqiqədən artıq çəkməməlidir.

Əgər qruplar tapşırığı tamamlaya bilməsə və ya nəticələrindən razı qalmasa, bunun reallığı əks etdirdiyini və məşğələnin (yaxud qrupun) uğursuzluğa düçar olması sayılmadığını qeyd edin. Təhlildə nəticəyə nail olunmamasına və ya bəzi iştirakçıların nəticədən narazı olmasına səbəb olan faktorları müzakirə etməlisiniz.

Təhlildə iştirakçılar təcrid olunma və ayrı-seçkiliyin böyük məsələlər olmadığını və insanların adətən bacarıqlı olduqları idman növünü seçdiyini deyə bilərlər. Məsələn, hündür insanlar basketbol oynayır və az enerjisi olanlar şahmat və ya bilyardla məşğul olur. Bununla belə, bütün diqqət və yarışlarda iştirak imkanları yalnız uğur əldə edəcək gənclərə yönəlir və əyləncə üçün idmanla məşğul olanlara az diqqət ayrılır. Bəzi idman növləri ilə yalnız zəngin insanlar məşğul ola bilir, məsələn, avadanlığı və ya məşqləri bahalı olan idman növləri.

VariantlarGoto top

Əgər bu məşğələdən əsasən komanda işi bacarıqlarını inkişaf etdirmək üçün istifadə etmək istəyirsinizsə, bir qrupdan əməkdaşlığa əsaslanan, digərindən isə rəqabət əsaslı oyun qurmağı xahiş edin. Təhlildə, oyunların hər birinin nə qədər xoşagələn olduğunu müzakirə edə bilərsiniz.

Bu məşğələdən “oyunun qaydaları” kimi bərabərlik, ədalət və insan hüquqlarının roluna baxmaq üçün istifadə edə bilərsiniz. Bu halda, siz “əlillik” elementini kənara qoyub iştirakçıların oyunları qurmaq üçün necə bir yerdə işlədiklərinə baxa, hamının, eləcə də əlillər və ya digər qrupların iştirak edə bilməsi məsələsini müzakirəyə saxlaya bilərsiniz.

Yaxşı qaydalar, insan hüquqları kimi, bəzi oyunçuların digərlərinə qarşı gücdən istifadəsini məhdudlaşdıraraq oyunun ədalətliliyini təmin etmək üçün mövcuddur. İnsan hüquqları univer-sal olduğu kimi qaydalar da bütün oyunçulara şamil olunmalıdır. Bir çox qaydalar hüquqla bərabər öhdəlik də gətirir. Məsələn, futbol oyunçusu topa təpiklə vura bilər, digər oyunçuya isə yox. Qaydalar pozulduqda cərimələr tətbiq olunur.

Qaydaları dəyişmək üzrə qərarların verilməsi prosesi “real həyatda” qanunların dəyişdirilməsi ilə müqayisə oluna bilər. Onlar sərəncam, qanunvericilik və ya insanların iştirak etdiyi referendum vasitəsilə yaxud QHT-lər və digərləri ilə məsləhətləşmələr aparmaqla dəyişdirilir?

Təhlildə müzakirə edə bilərsiniz:
• Oyunçular ən çox hansı oyunları bəyəniblər? Oyunu “yaxşı oyun” edən nədir?
• Hər kəsin iştirak edə bildiyini hiss etməsi üçün aydın şəkildə müəyyən edilmiş məqsəd və ədalətli qaydalar nə dərəcədə əhəmiyyətlidir?
• ÜİHB maddələri plüralist dünyada yaşamaq üçün qaydalar kimi görülə bilər. Lakin onlar yaxşı qaydalardır? Məsələn, onlar universal şəkildə bütün oyunçular tərəfindən qəbul olunur (dünyadakı hamı tərəfindən)? Kifayət qədər yoxsa həddən artıq çox qayda var? Qaydalar ədalətlidir? Bütün oyunçular (bütün ölkələr) qaydalara əməl edir?

Sonrakı fəaliyyət üçün təkliflərGoto top

Əgər qrup bərabərliklə bağlı digər məsələləri nəzərdən keçirmək istəyirsə, “Bərabərlik ölkəsinə yol” məşğələsi vasitəsilə gender bərabərliyi məsələlərini araşdıra bilərsiniz. “Var-dövlət və güc uğrunda mübarizə aparmaq” simulyasiya məşğələsi isə var-dövlətdəki bərabərsizliyə toxunur. Məşğələ, həmçinin, əlil insanların üzləşdiyi şəraitdə də əks olunan bərabər imkanların təmin olunması məsələsini qaldırır.

Fəaliyyət üçün fikirlərGoto top

Əməkdaşlığa əsaslanan “İdman günü” təşkil edin. Digər klublardan gəncləri yeni oyunlarınızı oynamaları üçün dəvət edin. Qrup oyunu mümkün qədər inklüziv etmək üçün qərar verməlidir.

TAFISA ilə əlaqəyə keçin və oyunlarınızı Dünya Çağırış Gününə töhfə kimi təqdim edin. Ərazinizdə əlil insanları dəstəkləyən yerli təşkilatlarla əlaqəyə keçin və necə töhfə verə biləcəyinizi öyrənin. Məktəb, klub və ya görüş yerinizlə bağlı sorğu keçirdin və onun əlil insan-lara uyğun olması üçün edə biləcəyiniz sadə dəyişikliklərlə bağlı təkliflər hazırlayın.

Əlavə məlumatGoto top

TAFISA bütün qitələrdə 130-dan artıq ölkədən 200-dən çox üzvü olan aparıcı beynəlxalq Hamı üçün İdman təşkilatıdır. O, BOK, ÜST, BİEFMŞ və YUNESKO ilə əməkdaşlıq edərək praktiki proqramlar və tədbirlər təşkil edir.

Dünya Çağırış Günü (WCD) TAFISA tərəfindən təşkil olunur. Bu gün Hamı üçün İdmanda dostluğa əsaslanan beynəlxalq yarış və dünyanın müxtəlif yerlərindən olan icmaların bir-birinə qarşı rəqabət apardığı fiziki məşğələdir. İstənilən şəxs onda iştirak edə bilər. Dünya Çağırış Günü yalnız bir neçə min sakini olan icmalardan tutmuş dünyanın ən böyük şəhərlərinə qədər hamını əhatə edir. Məqsəd fiziki məşğələ və Hamı üçün İdmanı, yalnız rəqabətə əsaslanan idman növləri və idmanla məşğul ola bilən fəal insanlar baxımdan deyil, əksinə məşğələnin bütün növlərini istənilən yaş, gender və bacarıq səviyyəsindən olan insanlar arasında təbliğ etməkdir. Yeganə kriteriya oyunların iştirakçıların ürək döyüntüsünü 15 dəqiqə ərzində davamlı artırmasıdır. 

Gənclərin Olimpiya Oyunları: Gənclərin Olimpiya Oyunlarının (YOG) keçirilməsində məqsəd dünya üzrə gəncləri idmanla məşğul olmağa, Olimpiya dəyərlərini qəbul edib onlarla yaşamağa ruhlandırmaqdır.

Paralimpiya: Beynəlxalq Paralimpiya Komitəsi (IPC) paralimpik atletlərin idmanda uğur qazanması və əlil insanlar üçün başlanğıc səviyyədən yüksək səviyyəyə qədər idmanla məşğul olmaq imkanlarının təmin edilməsi üçün çalışır. Bundan əlavə, IPC cəsarət, qətiyyət, həvəs və bərabərlik kimi Paralimpik dəyərləri təbliğ edir.

Siz – özünüz və iştirakçılar üçün – Karlar, kar və çətin eşidən insanlar arasındakı aşağıdakı fərqləri nəzərə almağı uyğun hesab edə bilərsiniz:

Karlar: bir çox kar insanların əldə etdiyi mədəni, linqvistik və siyasi kimlikdir. Karlar cəmiyyətinə üzv olan şəxslər həmin qrupun məxsusi mədəni normalar, dəyərlər və ənənələrini qəbul edirlər. Onun üzvləri adətən əsas dil kimi işarə dilindən istifadə edirlər.

Kar: normal nitq və ümumi səsləri eşidə bilməməyi təsvir etmək üçün istifadə olunan anlayış; eşitmə qabiliyyətini itirməyin tibbi təsviri.

Ağır eşitmə: Eşitmə qabiliyyətini itirməyin müxtəlif səviyyələrində olan, danışıq dili və dodaqları oxumaqla ünsiyyət quran insanlara şamil edilir. Ağır eşidən şəxs eşitmə üçün yardımdan və/və ya koklear implantlardan istifadə edə və mövcud eşitmə qabiliyyətini yardımçı eşitmə cihazları ilə gücləndirə bilər. Şəxs tibbi cəhətdən kar sayılsa belə, texniki yardım, inteqrasiya olunmuş mühitdə böyümə və təhsil alma vasitəsilə ağır eşidən şəxs kimi yaşaya bilər.

Əlillik və insan hüquqlarının tərifləri və onlar barəsində məlumat 5-ci bölmədəki Əlillik və əlil insanlara qarşı Ayrı-seçkilik bölməsindən tapıla bilər. 

Paylanmalı materiallarGoto top

PDF kimi yüklə

Rol kartları

Siz kar insansınız.
Bir neçə qulaqcıq götürün. Danışa bilərsiniz (lakin eşidə bilməzsiniz). Rolunuzu həddi aşmadan və ya stereotiplərə əsaslanmadan real şəkildə təqdim etməyə çalışın.

Siz ağır eşidən şəxssiniz.
Qulaqlarınıza qoymaq üçün pambıq götürün. Rolunuzu həddi aşmadan və ya stereotiplərə əsaslanmadan real şəkildə təqdim etməyə çalışın.

Siz əlil arabasından istifadə edirsiniz.
Əlil arabasında oturun və ondan necə istifadə etməyi öyrənin. Rolunuzu həddi aşmadan və ya stereotiplərə əsaslanmadan real şəkildə təqdim etməyə çalışın.

Siz bir qolu olan insansınız.
Bintdən istifadə edib qolunuzun birini arxanıza bağlayın. Rolunuzu həddi aşmadan və ya stereotiplərə əsaslanmadan real şəkildə təqdim etməyə çalışın.

Siz qolu olmayan insansınız.
Bintdən istifadə edib hər iki qolunuzu arxanıza bağlayın. Rolunuzu həddi aşmadan və ya stereotiplərə əsaslanmadan real şəkildə təqdim etməyə çalışın.

Siz axsayan insansınız.
Bintdən istifadə edib taxta parçasını bir ayağınıza bağlayın, belə ki, bir ayağınızın digərindən uzun olduğunu hiss etməlisiniz. Rolunuzu həddi aşmadan və ya stereotiplərə əsaslanmadan real şəkildə təqdim etməyə çalışın.

Siz bir ayağı olan insansınız.
Bintdən istifadə edib bir ayağınızı ombanıza bağlayın, sanki ayağınızın dizdən aşağı hissəsini itirmisiniz. Dayaqları götürün. Rolunuzu həddi aşmadan və ya stereotiplərə əsaslanmadan real şəkildə təqdim etməyə çalışın.

Siz öyrənməkdə çətinlik çəkən insansınız.
Siz əsəbisiniz, özünəinamınız aşağıdır və hər bir şeyin sizə çox diqqətlə izah edilməsinə ehtiyac duyursunuz. Rolunuzu həddi aşmadan və ya stereotiplərə əsaslanmadan real şəkildə təqdim etməyə çalışın.

Siz kor insansınız.
Göz bağını taxın. Rolunuzu həddi aşmadan və ya stereotiplərə əsaslanmadan real şəkildə təqdim etməyə çalışın.

Siz lal və kar insansınız.
Bir neçə qulaqcıq götürün. Siz nə eşidə, nə də danışa bilərsiniz, yalnız işarə dilindən istifadə etməklə, yazmaq və şəkil çəkməklə ünsiyyətə girə bilərsiniz. Rolunuzu həddi aşmadan və ya stereotiplərə əsaslanmadan real şəkildə təqdim etməyə çalışın.

Siz heç bir əlilliyi olmayan insansınız.
Rolunuzu həddi aşmadan və ya stereotiplərə əsaslanmadan real şəkildə təqdim etməyə çalışın.