İnsan hüquqları universal standartdır. Bu hər bir dinin və hər bir sivilizasiyanın elementidir

Şirin Ebadi

Xülasə

İştirakçılar öz müxtəlif inamlarını müqayisə edir və qarşı-qarşıya qoyurlar.

Əlaqədar hüquqlar

• İnam və din azadlığı
• Fikir və məlumat azadlığı
• Ayrı-seçkiliyə məruz qalmamaq hüququ

Toxunulan məsələlər

• Dini müxtəliflik
• Dinlə bağlı anlayışlar və onun gənclərin həyatına təsiri
• Müxtəlif dinlər və onların mənəvi və dünyəvi məsələlərlə əlaqəsi ilə bağlı bilik

Məqsədlər

• Müxtəlif inam sistemləri və dinlərlə bağlı məlumatlanmaq
• Tənqidi düşüncəni inkişaf etdirmək
• İnam və dinlərin müxtəlifliyinin qəbul olunması bacarığının inkişaf etdirilməsi

Materiallar

• Bəyanat kartlarının nüsxələri (hər kiçik qrup üçün bir dəst)
• Kiçik qrupların oturması və müzakirə aparması üçün rahat yerlər 
• Hər kiçik qrup üçün təlimçi

Hazırlıq

• Kartları kəsin
• 5-ci Fəsildə Din və İnamla bağlı əlavə məlumatı oxuyun

Key Date
  • 16 NoyabrBeynəlxalq Tolerantlıq Günü

Təlimatlar

1. Bu məşğələdə onların öz inamlarını müzakirə edəcəklərini izah edin; bəzi insanlar kəskin dindar ola bilər, bəziləri müəyyən səviyyədə və digərləri isə tamamilə dindən uzaq ola bilər. Məqsəd bizim həyata verdiyimiz mənaların müxtəlif formaları barədə tənqidi düşünmək və şəxsi fikirlərimizi bölüşməklə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 18-ci Maddəsini dərindən anlamaqdır.
2. İştirakçılara açıq şəkildə nə dediklərinin və özlərini necə ifadə etdiklərinin tam fərqində olmalı olduqlarını izah edin. Dini inamların, həmçinin, dini simvolların təhqir və böhtandan qorunması dini azadlıq çərçivəsinə daxildir. Lakin qorunma fikir və ifadə azadlığına qarşı balanslaşdırılmalıdır və bu, heç də inamların tənqidinə qarşı tam toxunulmazlıq demək deyil. Buna görə də, qərəz və ayrı-seçkilikdən yaranmış nitq yox, açıq sorğu qəbul olunur.
İştirakçıları 4-6 nəfərlik kiçik qruplara ayırın və öz fərdi fikirləri ilə bağlı 3-4 dəqiqə ərzində düşünməyi xahiş edin. Məsələn, əgər dindardırlarsa, etiqad və ritualları nə qədər yaxından izləyirlər?
3. Daha sonra, abu-havanı yumşaltmaq üçün bir məşğələ növü olaraq, iştirakçılara ilk dəfə dini mərasimdə iştirakları ilə bağlı danışmağı xahiş edin.
4. İndi kartları qrupun ortasında üzü aşağı vəziyyətdə qoyun. İştirakçılara onların 1 saat vaxtı olduğunu bildirin, onlar mümkün qədər çox kartı nəzərdən keçirmək məqsədilə müzakirələrini qısa vaxtda həyata keçirməlidirlər.
5. Bu yolla onlar məsələlərlə bağlı daha geniş perspektiv əldə edəcəklər; xüsusi maraqlarına səbəb olan məsələləri isə daha sonra nəzərdən keçirə bilərlər.
6. Növbəsi çatdıqda hər bir iştirakçının kart götürməli, onu yüksək səslə oxumalı və bəyanatla bağlı şərh verməli olduğunu izah edin. Daha sonra, digərləri öz dini və ya təcrübəsindən nümunə gətirməklə töhfə vermək imkanı əldə edir.
7. Daha sonra, digər mərhələyə, başqa oyununçunun kart seçməsi mərhələsinə keçid alın.
8. Bütün kartlar müzakirə olunduqdan sonra və ya vaxt bitdikdə, təhlil mərhələsinə keçid alın (eyni qruplarla).

Təhlil və qiymətləndirməGoto top

•    İştirakçılar bəzi bəyanatlarla işləməyin çətin olduğunu düşünür? Nəyə görə?
•    Sizin öz həyat mövqeyinizlə bağlı sizi təəccübləndirən hər hansı faktlara, inamlara və ya yanaşamalara rast gəldiniz?
•    İnsanlar öz həyat mövqelərinə baxmayaraq, hansı ortaq cəhətlərə malikdir?
•    İnsanların həyat mövqeləri arasında hansı kəskin fərqlər mövcuddur? Onlar tamamilə uzlaşmazdırlar?
•    Digər insanların həyat mövqeləri haqqında bilmək vacibdir? Siz bu barədə nə dərəcədə biliksizsiniz? Onlar haqqında daha çox məlumat almalısınız?
•    Din və inam azadlığının insan hüququ olduğunu nəzərə alaraq, insanların həyat mövqeləri ilə tamamilə razılaşmadığınız halda onlara hörmət etmək nə dərəcədə asandır?
•    Müxtəlif həyat mövqeləri ilə bağlı cahillik və qərəzli fikir insanların bir-biriləri ilə əlaqəli fikirlərinə nə dərəcədə təsir edir?
•    Sizin ölkənizdə hər kəsin din və inam azadlığı var? Niyə var və ya niyə yoxdur?
•    Sizin ölkənizdə din və inam azadlığı hüququnun pozuntusu halları hansı formadadır?
•    Düşüncə, vicdan və din azadlığı inamlı insanların cəmiyyətində daha geniş cəmiyyətlərdə rast gəlinməyəcək hansı fərqli təcrübələrə icazə verir? Bunun nümunəsi olaraq, qadınların dini liderlik vəzifələrində mövqeləri, uşaqların cəlb olunduğu ənənəvi mərasimlər, xaç suyuna salınma, boşanma və ya dəfnetmə, yaradanın təsviri ilə bağlı qadağaları əhatə edən qanunları və s. göstərmək olar.
•    Bütün qrup üçün piknik, idman tədbiri və ya həftəsonu bir kəsin evində toplaşmaq kimi dinindən və ya inamından asılı olmayaraq hər kəsin qoşula biləcəyi tədbirlər təşkil etdikdə nəyi nəzərə almalısınız?
•    Bəzən tədbir təşkil etdikdə hər kəsin dini və inamına uyğun olaraq ehtiyacını qarşılamaq çətin ola bilər. Bu halda, necə həll yolu tapmağa çalışırsınız? Əgər güzəştə getməlisinizsə, müxtəlif insanların ehtiyaclarını necə prioritetləşdirirsiniz?
•    Bu məşğələdən öyrəndiyiniz ən maraqlı məsələ nə oldu?

Fasilitatorlar üçün məsləhətlərGoto top

Bu məşğələ çox həssas məsələ ilə əlaqəlidir, buna görə də, hər kəsin rahat hiss etməsi vacibdir. Məşğələni asan üsulla həyata keçirin; ətrafınızda rahatlaşdırıcı faktorların olması önəmlidir. Hər kəsin demək istədiklərindən və ya deyə biləcəklərini düşündüklərindən daha artığını deməklə bağlı təzyiq altında olmadıqlarını bilməsindən əmin olun. İştirakçıların töhfələrinə və limitlərinə hörmət edin; hər hansı bir şeyin nəyə görə onların dinində təcrübədən keçirildiyini izah etməyə hər kəs qadir deyil (xüsusilə, əgər onlar hər hansı dinin qaydaları ilə böyümüş və təhsil almışlarsa). Bu xüsusda, din mədəniyyətə çox bənzəyir: siz öz dəyərləriniz və mədəni xüsusiyyətlərinizi “təbii” qəbul edirsiniz. Yaşıdların təzyiqindən ehtiyatlı olun. İştirakçıların öz dinləri və ya inamları ilə bağlı müdafiə mövqeyinə keçməyinə icazə verməyin. Məsələn, kiminsə sizə “siz necə o dinə et-iqad edə və …. qəbul edə bilərsiniz?” kimi sual ünvanlanmasına icazə verməyin. Çox təfərrüatlara girməkdən çəkinin. Kartlara göz gəzdirin və onların çoxunu nəzərdən keçirmək üçün kifayət qədər vaxtınız olduğundan əmin olun. Müzakirənin təbii getməsinə icazə verin və yalnız sualın üstündə həddən artıq uzun müddət dayanıldığını və ya çox dərinə gedildiyini yaxud “hökmranlıq” yanaşması hiss etdikdə müzakirəyə müdaxilə edin.

Xüsusilə qrupda təqdim olunmayan dinlər barədə olmaqla, əlavə məlumat təqdim etməyə və ya “şeytanın vəkili”ni oynamağa hazır olun. Kiçik qruplarda müzakirə və təhlili aparmaq üçün, imkanınız olduğu təqdirdə, başqa bir fasilitator ilə birgə məşğələni həyata keçirin; əgər sizə kömək edən bir təlimçi yoxdur-sa, iştirakçılar arasında sizə bu işdə yardım edəcək könüllülər hazırlamağa cəhd edin. Bu, qrupdan asılı olaraq, təhlilin konstruktiv olmasını təmin etmək və hər kəsin töhfəsi və təcrübəsini dəyərləndirmək məqsədilə vacib ola bilər. Əgər siz köməkçi fasilitatorlara güvənə bilmirsinizsə, plenar iclasda qiymətləndirməni iştirakçılarla birgə həyata keçirdiyinizdən əmin olun.

Din rasional arqumentlərlə izah oluna bilməz və siz dini inamları rasional arqumentlərlə izah etmək cəhdindən çəkinməlisiniz. Siz hər kəsin düşüncə, vicdan və din azadlığı hüququ-na hörmət etməyin vacibliyini vurğulaya bilərsiniz; bu, sizin digərlərinin inandığına hörmət etməli olduğunuz demək deyil, onların istədiklərinə inanmaq hüququna hörmət etməli olmağınız deməkdir. Tənqidi düşüncəni inkişaf etdirməyin insan hüquqları üzrə təhsilin əsas məqsədi olduğunu yadınızda saxlayın, müxtəlif həyat mövqelərini müqayisə etmək insan-lara özlərinin seçiminin digərlərinin seçimlərini qüvvədən salmadığını anlamağa imkan yara-dacaq. Bu, müzakirə məşğələsi vasitəsilə iştirakçıların öz seçimlərinin mütləq deyil, nisbi olduğunu anlayacağına ümid edirik. Bu, həmçinin onların hər bir məktəb və ya ənənənin zəif və güclü tərəflərini anlamağına imkan verəcək. Dini fanatizm və mənfi fikir adətən ciddi düşüncə seçiciliyi və plüralizmin rəddindən irəli gəlir. Heç bir din monolitik deyil, buna görə də, dində heç bir hekayə amiranə deyil və bütün digər dini ənənələrin hekayələri və ya izahlarını təmsil etmir və ya onlardan üstün deyil.

VariantlarGoto top

Əgər siz məşğələni bir neçə kiçik qrupla həyata keçirirsinizsə, onu hər kəslə birlikdə etmək yaxşı fikirdir. Buna görə də, iştirakçılar bölünməmiş və plenara gəlməmişdən əvvəl qruplardan aşağıdakı sualları nəzərdən keçirib məruzə etməyə hazır olmalarını xahiş edin:

  • •    Ölkənizdə dini və qeyri-dini ənənələrə qarşı qərəz və məlumatsızlıq nümunələri barədə danışın.
    •    Məlumatsızlıq və qərəzli fikrin qarşısını almaq üçün biz nə edə bilərik?

Sonrakı fəaliyyət üçün təkliflərGoto top

Əgər siz bu məşğələni təkdinli qrup daxilində həyata keçirsəniz, daha sonrakı müzakirə üçün kifayət qədər mövzu olacaq. http://www.religioustolerance.org ünvanına daxil olun və oradakı dinlər, qeyri-teist dinlər və etika sistemləri siyahısını kopyalayın. Qrupdan bu dinlərdən neçəsi barədə eşitdikləri və onlar haqqında nə bildiklərini soruşun.

Siz müxtəlif inamların inkişaf tarixini xronologiya yaratmaqla araşdıra bilərsiniz. “Vaxt şkalaları” məşğələsinin “variantlar” bölməsinə baxın.

Paulo Frayre demişdir - “Tədris etmək dəyişikliyə inanmaqdır”. Əgər qrup təhsilin nə olduğunu və onun insanların ehtiyaclarını necə ödədiyini yaxud ödəmədiyini müzakirə etmək istəsə, o zaman 207-ci səhifədəki “Qoy hər bir səs eşidilsin” məşğələsi onların maraqlarını cəlb edə bilər.

Fəaliyyət üçün fikirlərGoto top

Siz və iştirakçıların harada yaşadığı və ya işlədiyinizdən asılı olaraq, fərqli dinin dini və ya icma mərkəzinə getmək və mümkün ümumi fəaliyyəti müzakirə etmək üçün onların gənclər qrupları ilə əlaqə yaratmaq maraqlı ola bilər. Bunlara aşağıdakılar daxildir:

        • İnsan Hüquqları Günündə tədbir (10 Dekabr)
        • Yoxsul və ehtiyacı olan insanlar üçün birgə fəaliyyət
        • Vacib dini festival/tədbirlər münasibətilə qarşılıqlı dəvətlər

Əlavə məlumatGoto top

Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 18-ci Maddəsində deyilir – “Hər bir insan duşuncə, vicdan və din azadlığı huququna malikdir: bu huquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə, dini təlimdə, ibadətdə və dini mərasim qaydalarının yerinə yetirilməsində açıq və özəl qay-dada etiqad etmək azadlığı daxildir...”

Bu məşğələnin məqsədi üçün, yəni çox sayda inam sistemlərini əlavə etmək məqsədilə, biz www.religioustolerance.org-dakı dinin tərifindən istifadə edirik: “Din hər zaman ritualları, etik davranış kodeksini və həyat fəlsəfəsini özündə birləşdirən yaradanla bağlı spesifik inam sis-temidir”. “Din” termini həm icma məzhəbinə aid olan şəxsi praktikalara və qrup rituallarına, həm də ümumi etiqaddan irəli gələn ünsiyyətə aiddir. Dinin alternativlərinə ateizm, skepti-sizm, azad düşüncə və humanizm daxildir. Bu məşğələdə biz “düşüncə, vicdan və din azadlığı”na, yəni şəxsi seçimə əsaslanaraq dini izləmək və ya izləməmək hüququna toxunuruq. Buna görə də, biz “həyat mövqeyi” terminindən həm dinlər, həm də dinin alternativlərini əhatə edən, lakin heç birinə qarşı ayrı-seçkilik sezilməyən ümumi termin kimi istifadə etmişik. “Həyat mövqeyi” ilə biz dünyanı başa düşməyə və həyatın mənası və dəyərini anlamağa kömək edən ideyalar çərçivəsini nəzərdə tuturuq. Bəzi həyat mövqeləri açıq şəkildə dini özündə birləşdirir, məsələn, Xristianlıq, Hin-duizm və İslam. Karl Marksın və onun davamçılarının dialektik materializmi, Ayn Randın obyektivizmi və humanizm kimi bəzi həyat mövqeləri qeyri-dinidir. Buddizm və Konfutsi-anizm kimi digər həyat mövqeləri ənənəvi olaraq din kimi sinifləndirilmişdir, lakin bir çox davamçılar bu kateqoriyalaşamaya inanmır və onunla razılaşmır, çünki onların inamlarına yaradan daxil deyil, Buddizm və Konfutsianizm fəlsəfədir. “Həyat mövqeyi” anlayışı onların hamısını əhatə edir.

Dünyada təcrübədən keçirilən əsas inamlar barədə sadə, istifadəsi asan olan məlumatları Birləşmiş Dinlər Təşəbbüsü (www.uri.orgg) və Dini Tolerantlıq üzrə Ontario Məsləhətçilərinin (www.religioustolerance.org) internet saytlarında tapa bilərsiniz.

Bu məşğələ Avropa Komissiyası və Avropa Şurasının gənclər sahəsində əməkdaşlığı çərçivəsində nəşr olunmuş Avropa-Aralıq dənizi gənclər işi üzrə təlimat vəsaiti olan Mozaikdəki “İnananlar” məşğələsindən hazırlanmışdır.

Paylanmalı materiallarGoto top

PDF kimi yüklə

Kartlar

Biz uşaqları öz həyat mövqeyimizə cəlb etmək üçün xüsusi mərasimə sahibik.

Biz dəfnetmə mərasimləri və yaslar üçün xüsusi mərasimlərə sahibik.

Qadınlar və kişilər bizim həyat mövqeyimizdə, məsələn, əsas mərasimlərdə fərqli funksiyalar və rollara malikdi

Bizim oruc üçün təqvimdə xüsusi günlərimiz var.

Mənim həyat mövqeyim adına kriminal hadisələr və ayrı-seçkilik törədilmiş və ya törədilməkdədir.

Bizə  kasıb  və  ehtiyacı  olan  insanlara  yardım  etmək öyrədilmişdir.

Bizim homoseksuallıqla bağlı xüsusi baxışımız var.

Biz simvollar və ya xüsusi paltarlar geyinirik.

Bizim həyat mövqeyimizin evlilik və seksuallıqla bağlı xüsusi
mənəvi normaları və tələbləri var.

Bizim abortla bağlı xüsusi yanaşmamız var.

Bizim həyat mövqeyimiz müqəddəs kitablar və ya yazılara əsaslanır.

Biz həyatın dəyərinin qorumaq üçün ən vacib şey olduğuna inanırıq.

Həyat mövqeyimiz digər dinlərə və etiqadlara tolerant yanaşmanı aşılayır.

Bizim həyat mövqeyimiz ilahi mesajların daşıyıcısı hesab olunan peyğəmbərlər tərəfindən formalaşdırılmışdır.

Biz ölümdən sonrakı həyat və son mühakiməyə inanırıq

Ölkələrimizdə bayram kimi qeyd olunan vacib festivallara sahibik.

Biz ən azı ildə bir dəfə ölüləri yada salır və qəbiristanlıqları ziyarət edirik.

Bizim vətəndaş təqvimindən fərqli bir təqvimimiz var. Bizim
Yeni İlimiz yanvarın 1-də qeyd olunmur.

Biz uşaqlara həyat mövqeyimizin tədris olunduğu məktəblər
və dərslər təşkil edirik.

Biz inanırıq ki, həyat yalnız materiyadan ibarət deyil, onun vacib bir mənəvi ölçüsü var.

Bizim dünyanın yaranması barədə öz hekayəmiz var.

Bizim kiminlə evlənib-evlənməyəcəyimiz barədə müəyyən fikirlərimiz var.

Bizim həyat mövqeyimiz yalnız mənəvi məsələləri deyil,
həmçinin, cəmiyyətin necə fəaliyyət göstərməsi barədə də
maarifləndirir.

Bizi adətən anlamırlar və bəzən biz ayrı-seçkiliyə məruz
qalırıq.    

Biz gün ərzində bir neçə dəfə dua edirik.

Bizim həftədə işləmədiyimiz, öz inamlarımızı qeyd etmək
üçün xüsusi tədbirlərə qatıldığımız bir günümüz var.

Biz yaradanla xüsusi bağlılığımız olduğuna inanırıq

Biz öz həyatımıza nəzarət edirik.

Biz inanırıq ki, həyatın mənası və məqsədi davam edən yaradıcı yanaşmadır.

Sevgi bizim həyatımızda vacib dərsdir.

Bizim həyat mövqeyimiz etik çərçivə təmin edir və mənəvi
dəyərlər açıq şəkildə müəyyənləşdirilmişdir.

Mənəviyyat, özümüzdən daha vacib bir şeyin bir hissəsi olduğumuz  hissi,  bizim  həyat  mövqeyimizin  ritualları
sayəsində ortaya çıxır.