Sistem sizi mühakimə etdiyi kimi digərlərini mühakimə edərsinizsə, bu, sizi ölümə məhkum edənlərdən daha yaxşı insan etməyəcəkdir.

Dvayt Adanandus

Xülasə

Bu məşğələ məlumat vərəqləri və müzakirədən istifadə etməklə aşağıdakı məsələləri araşdırır:
• Cəmiyyətin cinayətkarlardan qorunması
• Cinayətkarların insan hüquqları
• Ölüm cəzası

Əlaqədar hüquqlar

• Yaşamaq hüququ
• İşgəncə və alçaldıcı rəftara məruz qalmamaq hüququ
• Ləyaqətdə bərabərlik hüququ

Məqsədlər

• Cinayətkarlar barəsində qərəzli məqamları nəzərdən keçirmək və ölüm cəzasının müəyyən təsirlərini öyrənmək
• Məlumat barədə tənqidi düşünmək və dinləmək bacarıqlarını inkişaf etdirmək
• İnsan ləyaqəti və ədalət hislərini təşviq etmək.

Materiallar

• Hər iştirakçı üçün bir ədəd olmaqla, “Sabah gələndə” materialının nüsxələri.
• Qrupun hər üzvü üçün qələm və vərəq.
• Plenar sessiyada səsləndirilən fikirlərin xülasəsini qeyd etmək üçün flipçart və ya böyük kağızlar və qələmlər

Key Date
  • 10 OktyabrÖlüm Cəzası əleyhinə Ümumdünya Günü

Təlimatlar

1-ci hissə.
1. “Sabah gələndə” materialının 1-ci hissəsini qrupa ucadan oxuyun. Bitirdikdən sonra, iştirakçıların əsas məqamları xatırlaması və onları öz sözləri ilə yazması üçün 5 dəqiqə vaxt verin. Bundan sonra, vərəqlərini qonşuları ilə dəyişməyi, bir-birlərinin yazdıqlarını oxumağı və qarşılıqlı olaraq rəy bildirməyi xahiş edin.
2. Bir neçə könüllüdən yazdıqlarını oxumağı xahiş edin. Bundan sonra, variantlardakı fərqləri müzakirə edin bəzi iştirakçılar digərlərindən daha çox detalı xatırlayırdılar? Bəzi
iştirakçılar hekayədə əslində qeyd olunmayan detallar irəli sürüblər?
3. İştirakçılardan hekayəyə reaksiyalarını öyrənin: onların fikrincə, nəql edən kimdir? Nə baş verib?

2-ci hissə.
4. Qəzetdən kəsilmiş hissəni və Nanonun hekayəsinin 2-ci hissəsini oxuyun.
5. İndi isə, cütlüklərin yeni məlumatı partnyorları ilə müzakirə etməsi üçün 10-15 dəqiqə vaxt verin. Mətndəki məqamlara istinad edə bilmələri üçün “sabah gələndə” materialının nüsxələrini təmin edin.
6. Daha sonra, onları aşağıdakı iki məsələ barədə düşünməyə dəvət edin:
• Onların ölüm hökmünə məhkum olunduğunu eşitdikdə, Dvayt və ya Nanon barədə fikirləri dəyişdi? Necə? Niyə?
• Onların fikrincə, Dvayt, “Sistem sizi mühakimə etdiyi kimi digərlərini mühakimə edərsinizsə, bu, sizi ölümə məhkum edənlərdən daha yaxşı insan etməyəcəkdir!”, dedikdə nəyi nəzərdə tuturdu? Onunla razıdırlar?
7. Ümumi müzakirəyə başlayın, müxtəlif cütlüklərdən bu suallara cavablar alın.Goto top

Təhlil və qiymətləndirmə

Bu məşğələ sonrakı məşğələlər və müzakirə üçün mövzu kimi istifadə oluna biləcək çoxsaylı əhəmiyyətli və maraqlı məqamları ortaya çıxarmaq məqsədilə istifadə oluna bilər. Buna baxmayaraq, təhlil mərhələsində tamamilə yeni mövzulara toxunmaq yerinə, qrupların artıq nəzərdən keçirdiyi məqamları diqqətdə saxlamağınız daha məsləhətlidir (aşağıdakı fasilitator üçün məsləhətlər hissəsinə baxın).
• Bu məşğələ sizə özünüz barədə nəsə öyrətdi? O, əvvəlki fikir və ya inamlarınızı yenidən nəzərdən keçirməyinizə təkan verdi?
• Sizin fikrinizcə, bu məşğələnin məqsədi nəyi nümayiş etdirmək idi? Qarşıya qoyulan məqsədə nail olundu, əgər nail olunmayıbsa, niyə?
• Məşğələ yaşamaq hüququ barədə nəyi, əgər əks etdirirdisə, əks etdirirdi? Müzakirədə qaldırılan başqa hüquq məsələləri oldu?
Sonrakı istifadə üçün bu məsələlərlə bağlı böyük kağız və ya flipçart üzərində qeydlər aparın.

Fasilitator üçün məsləhətlərGoto top

Müzakirənin birinci hissəsində (1-ci hissəni oxuduqdan sonra) iştirakçılara iki personajın vəziyyəti ilə bağlı heç bir əlavə məlumat verməyin: səbəbini bildirmədən onların öz təəssüratlarını öyrənməyə çalışın. Məqsəd iştirakçıların personajların olduğu şərait və onların keçmişi barədə məlumatlı olmadan sadəcə insani tərəflərini nəzərdən keçirməsidir.

1-ci addımın sonunda iştirakçıların yazdıqlarını dəyişməsində məqsəd onlara müxtəlif insanların eyni məlumatı yadda saxlamasının və qavramasının fərqli yollarını göstərməkdir. Bu mərhələnin “test” olmadığı vurğulanmalıdır ki, iştirakçılar yazdıqlarına görə utanmasınlar; əksinə bu hissə müxtəlif baxışların nümayiş etdirilməsi vasitəsi sayılmalıdır. Qeydləri qonşularınınkından kəskin şəkildə fərqlənən iştirakçıların rəylərini soruşun. Bu halın səbəbini soruşun, məsələn, niyə bəzi iştirakçılar məlumatın müəyyən hissələrini xatırladığı halda digərləri onları unudublar.

“Dünyanı silkələyən 11 mahnı” Songlines Dünya Musiqi jurnalının 2009-cu il mart
sayından götürülmüşdür.
Azad Nelson Mandela (Free Nelson Mandela) – Cerri Damers və The Special AKA
Kiçik şeylərdən böyük şeylər ortaya çıxır (From Little Things Big Things Grow) – Kev Karmodi və Pol Kelli
Oyan, ayağa dur (Get up, Stand up) – Bob Marley Gracias a la Vida – Mersedes Sosa
Al Atlal – Oum Kaltoum
Biko – Peter Qabriel
Didi – Xaled
Təsəvvür et (Imagine) – Con
Lennon Zombie – Fela Kuti Nkosi Sikelel’ iAfrika – Enok Sontonqa tərəfindən 1897-ci ildə bəstələnmiş metodist himni
Djelem Djelem – Carko Covanoviç tərəfindən ənənəvi roma musiqisi ilə bəstələnmiş roma himni.

Məşğələ zamanı bir sessiya üçün həddən artıq çox məsələ ortaya çıxacaqdır, buna görə də, siz müzakirəni nəzərdə tutulmuş çərçivədə saxlamalı və iştirakçıların debat apa-raraq mövzudan kənara çıxmasına imkan verməməlisiniz, məsələn, ölüm cəzası mövzusu. Müzakirənin aşağıdakı iki məsələ ilə bağlı aparılmasına çalışın:
1. Biz, Dövlət, hər kəs başqalarını etdiklərinə görə (bizim baxışımıza görə) “mühakimə etməyə” nə dərəcədə meyillidir. Dvayt başqalarını Dövlətin onu (və Nanonu) mühakimə etdiyi kimi “mühakimə etməmək” dedikdə, çox güman ki, bunu nəzərdə tuturdu. Dövlət onların keçmişdə etdiyi (etdiyinə inandığı) cinayətə əsasən bu iki şəxsi insan hüquqlarından məhrum etmişdir.
2. “Ağır cinayətlər” törətmiş cinayətkarlar belə anadangəlmə insani xüsusiyyətlərə malikdirlər və onları qoruyub saxlayırlar – yalnız Dvaytın haqqında danışdığı “qayğı və şəfqət” deyil, Nanonun həbsin nəticəsi kimi təsvir etdiyi “məyusluq və depressiya”.

“Yaşamaq hüququ” məsələsini müzakirə edərkən ölüm cəzası lehinə və əleyhinə prak-tiki arqumentləri təcrid etməyə çalışın. Müzakirəni bu iki şəxsin hələ də yaşamaq hüququna malik olub-olmaması ətrafında aparın. Əgər iştirakçıların fikrincə, onlar artıq bu hüquqa malik deyillərsə, kiminsə bu hüququ necə “itirə” biləcəyini soruşun. Əgər vətəndaşlar cinayət törədiblərsə, başqası onların bu hüququnu əllərindən almaq səlahiyyətinə malikdir?

Qeyd:

Materialın tam mətni (Sabah gələndə) Ölüm Cəzasına qarşı Kanada Koalisiyasının (CCADP) vebsaytından tapıla bilər. http://www.ccadp.org.

Sonrakı fəaliyyət üçün təkliflərGoto top

Mahnılar insanların hüquqlar uğrunda mübarizəsində həmişə güclü vasitə olub. Qrup azadlıq və ədalət barədə mahnılara qulaq asa və ya öz mahnılarını yaza bilər.
Bu mövzuda kino nümayiş etdirə bilərsiniz. Bizim təkliflərimiz aşağıdakılardır:
• Ölü Adamın Yerişi (Dead Man Walking) – rejissor Tim Robbins, 1995. Bu, ölüm cəzasına məhkum olunmuş məhbusla dostlaşan Rahibə Helendən bəhs edən amerikan
filmidir.
• V Əmr: “Öldürməyin” – rejissor Kristof Kieslovski, 1988. Əsas personaj dəhşətli cinayət törətmiş və dövlət tərəfindən vəhşicəsinə edam olunan 20 yaşlı gənc oğlandır.
Film bütün canlılara hörmət edilməsinin vacibliyini və heç kimin öldürülməyə layiq olmadığını nümayiş etdirir.

Jessika Blank və Erik Jensenin Azadlığa buraxılmışlar (theexonerated.com) tamaşasını oxuya və ya oynaya bilərsiniz (tam və ya müəyyən hissələri). Tamaşa məhkəmə otaqları və həbsxanalarda birinci şəxsin monoloqları və səhnələrindən ibarətdir. Burada amerikan cinayət ədalət sisteminin qüsurları ilə üzləşmiş, lakin xilas olmağa nail olmuş altı cəsur insanın hekayəsi danışılır.

Məşğələnin sonunda qaldırılmış məsələlərə toxunun. Rəsmi debat təşkil edin və ya 164-cü səhifədəki “Seçkiqabağı kampaniya” metodundan istifadə edin. Mövzulara aşağıdakılar aid ola bilər:
• Cəzalandırma məsələləri: cinayətkarları həbsxanaya salmaq və/və ya edam etməkdə məqsəd nədir? Cəmiyyəti qorumaq, cinayətkarların davranışını dəyişmək yoxsa intiqam/tənbeh?
• Ölüm cəzası: ölüm cəzası lehinə və əleyhinə arqumentlər hansılardır?
• Xalqın təhlükəsizliyi fərdin təhlükəsizliyinə qarşı: hökumətin ən təhlükəli cinayətkarları və terroristləri cəzalandırması üçün hədlər hansılardır? Məsələn, əgər xalqın təhlükəsizliyinə qarşı təhdid törədirsə, şəxsə işgəncə olunması qəbul edilə bilər?
Uşaq hüquqları ilə bağlı ölüm cəzası barədə layihə hazırlaya bilərsiniz. Bəzi ölkələrdə uşaqlar ölümə məhkum olunur və edam edilir. Axtarış motorunuza “Ölüm cəzasına məhkum olunmuş uşaqlar” yazmaqla daha çox məlumat və youtube.com-dan videolar tapa bilərsiniz.

Fəaliyyət üçün fikirlərGoto top

Ölüm Cəzasına qarşı Kanada Koalisiyasının vebsaytına daxil olun və məhbusların yazılarını oxuyun (http://ccadp.proboards.com). Bundan sonra, ölüm cəzasına məhkum olunmuş şəxsə məktub yazın (ccadp vebsaytı məktublaşmaq üçün lazımi məlumatı əks etdirir və ya Beynəlxalq Amnistiyanın yerli ofisi ilə əlaqə saxlaya bilərsiniz).

Nanon Villiams barədə son məlumatları www.nawisa.ch saytından tapın və onun məhkəmə işinə necə dəstək ola biləcəyinizə qərar verin.

Əlavə məlumatGoto top

Avropa Şurası ölüm cəzasının ləğvini üzvlük üçün ilkin şərt kimi müəyyən edib. 1997-ci ildən bəri təşkilatın ərazisində heç bir edam halı baş verməyib.

Avropada heç kimin edam olunmadığı ilk tarix 2009-cu il olub; lakin 2010-cu ilin martında Belarusda iki nəfər edam olunub.

Hansı ölkələrin ölüm cəzasını ləğv edən beynəlxalq müqavilələri ratifikasiya etdiyini Beynəlxalq Amnistiyanın vebsaytından www.amnesty.org öyrənə bilərsiniz.

Amnistiyanın 2002-ci ildə nəşr olunmuş hesabatı “Uşaqlar və ölüm cəzası: 1990-ci ildən bəri dünya üzrə edamlar” ABŞ-ın cinayət törədən 18 yaşdan aşağı gənc oğlanların edam olunması üzrə siyahıda birinci olduğunu göstərir; ABŞ-da 18 nəfər edam olunub. Pakistan cinayət törədərkən 13 yaşında olan bir uşağı edam edib.

Nanon Villiyams barədə daha
ətraflı məlumat üçün http://murderpedia.org/male.W/w/williams-nanon.htm.

Human Rights Watch bildirir: Yalnız İran, Sudan, Çin və Pakistanın 2004-cü ildən bəri azyaşlı cinayətkarları edam etdiyi məlumdur. Sudanda 2005-ci ildə iki belə edam baş verib, Çin 2004-cü ildə və Pakistan 2006-cı ildə bir azyaşlı cinayətkarı edam ediblər. İranın isə 2004-cü ildə ən az üç, 2005-ci ildə səkkiz, 2006-cı ildə dörd azyaşlı cinayətkarı edam et-diyi məlumdur. Ümumi sayda, yalnız Çin İrandan daha artıq edam həyata keçirir. Adambaşı göstəriciyə görə, İran il ərzində digər hər hansı ölkədən daha artıq insanı edam edir (www.hrw.org, iyun, 2007).

Paylanmalı materiallarGoto top

PDF kimi yükləyin

Sabah gələndə, Nanon Villiyams
1-ci hissə
Dvayt Adanandusun ölümündən bir gün sonra mən həyata əvvəlkindən və ya arzuladığımdan tam fərqli şəkildə baxdım. Qışın əvvəli idi, mən uzanıb günlər mənasız göründükdə belə həmişə təbəssüm bəxş edən dostum barədə düşünürdüm, əzab çəkirdim. Yavaşca hərəkət edib qapının altındakı qəzeti götürdüm, qəzet öz hekayəsini söylədi. Bu barədə oxumaq və heç vaxt onu görə bilməyəcəyimi dərk etmək kiminsə ürəyimə təkrar-təkrar iynə batırmasına oxşayırdı. Bəzən, o, həyətə gəlir və məni səsləyirdi, “Necəsən, gənc?” Mən isə ətrafıma baxıb ona deyirdim “Dostum, sən kimə gənc deyirsən” və biz bir-birimizə baxıb gülürdük, çünki mən blokumuzda ən cavan şəxs idim. İndi, bu anlar haqqında düşünəndə mən dərindən kədərlənirəm, çünki mənim üzümdə qəzəbdən yaranan qırışları açan Dvayt olmadan həyətə çıxmağa can atmayacağam.
İllər keçdikcə, mənim vaxt keçirmək metodlarım dəyişib, lakin mən Dvayt qədər yaxşı insan olmağıma kömək edəcək yeni metodlar düşünmək istəyirəm. Zəiflik göstərdiyim vaxtlarda Dvaytın bu halda nə edəcəyini fikirləşirəm. “Xatırla” o, mənə deyərdi, “Yalnız icazə verdiyin halda sistem səni ələ keçirə bilər. Allahın kimdirsə onunla sülh bağla, həyatı bacardıqca yaxşı yaşamağa və onu dəyərləndirməyə başla”, sonra davam edərdi, “Gənc, niyə burda olduğunu bilmirəm, lakin bilirəm ki, buraya aid deyilsən…”.
2-ci hissə
Əslində, heç kim buraya aid deyil, edamı gözləməyə. Burada təcavüzçülər, uşaq oğruları, oğrular, uşaq təcavüzçüləri və sadist insanlar var. Buna baxmayaraq, burada eyni cinayətləri törətmiş, lakin dəyişmək imkanı tapmış qayğıkeş və şəfqətli insanlar da var. Bunu həmişə xatırlamağını istəyirəm” edamdan iki həftə əvvəl mənə demişdi. “Heç nəyi olmasa da, bunu xatırla. Sistem səni mühakimə etdiyi kimi başqalarını mühakimə etməyin səni ölüm cəzasına məhkum edən insanlardan daha yaxşı etməyəcəkdir!” İndi, bu sözlər mənim qulağımdan asılarkən onun dediyini başa düşməyimin niyə bu qədər vaxt aldığını fikirləşirəm. Əlbəttə, nə dediyini eşitmişdim və mənə mənalı gəlmişdi, lakin mənanı anlamaq və bu sözləri tam şəkildə dərk etmək tamamilə fərqli idi. Yəqin ki, mən onun məni adlandırdığı kimi gənc idim, həqiqəti,
nəhayət, görəndə o, səni incidir. Bilirəm ki, həbsdə olmaq depressiya başlayana qədər məyusluğu yaradan psixoloji işgəncə silahıdır, lakin necəsə bəzilərində davam etmək arzusu və ruhu qalmaqda davam edir. Ölüm cəzasına məhkum edilmək üçün nə törətməsindən asılı olmayaraq Dvaytda həmin ruh vardı və bu ruh sayəsində o, sistemin məzarlığında yaşayan cəsədlər kimi korlanan insanların həyatlarını dəyişdirirdi. “Bilirəm ki, asan deyil, Gənc”, o deyərdi. “Lakin heç kim həyatın asan olduğunu
deməyib. Hər günün dəyərini bil və yolun sonunda işığı görə bildiyin günə qədər, bunun sənə yol göstərən güc olmasına imkan ver”, bunlar onun son vidaları vaxtı mənə dediyi sözlər idi. Bu sözlərin mənim üçün nə demək olduğunu izah edə bilmirəm, lakin, fikrimcə, onun bunları mənə deməkdə məqsədi məni keçən və gələcək illər ərzində ayaqda saxlayan və saxlayacaq gücümü tapmağa sövq etmək idi. Həyatda ən çox dəyər verdiklərimi, ailəm kimi, və prinsiplərimi heç vaxt qurban verməmişəm, buna görə də, həmin sevgi və bir gün cənnətin darvazalarından daxil olmaq, əgər, həqiqətən də, gələcəksə, sabahın özüdür.
Nanon Villiyams 1992-ci ildə 17 yaşında Texas Ştatında ağır cinayətə görə ölüm cəzasına məhkum olunmuşdur. O, özünə qarşı irəli sürülən ittihamları rədd etmiş və 13 ilini ölüm cəzasını gözləyərək keçirmişdir. 2005-ci ildə cəzası ABŞ Ali Məhkəməsinin hakimi Roper V. Simmons tərəfindən, azyaşlıların edamının qarşısını alaraq, ömürlük həbsə dəyişdirilmişdir. 2010-cu ildə günahsızlığını sübuta yetirmək üçün Nanonun işi Federal Məhkəməyə çıxarılacaqdır.

Mənbə:Canadian Coalition against the Death Penalty

Qəzetdən çıxarış
Huntsville – 2 oktyabr, 1997. Doqquz il əvvəl bank soyğunundan qaçarkən ona mane olmuş San Antonio biznesmenini güllələməyə görə mühakimə olunmuş oğru çərşənbə gecəsi edam olunub. 41 yaşlı Adanandus 28 yanvar 1988-ci ildə San Antonionun şimal hissəsində bankın foyesində onun qaçmasına əngəl törətmiş Vernon Hananı sinəsindən güllələdiyinə görə ölüm cəzasına məhkum olunmuşdu.