“Qaçqın, çıx evinə get!” – Bunu edə bilsə idi, gedərdi.

Xülasə

Bu, başqa ölkəyə qaçmağa çalışan bir qrup qaçqın haqqında rol oyunu məşğələsidir. Bu məşğələ aşağıdakıları əhatə edir:
• Qaçqınların acınacaqlı vəziyyəti
• Sığınacaq verilməsi və imtina edilməsi ilə bağlı sosial və iqtisadi arqumentlər

Əlaqədar hüquqlar

• Digər ölkələrdə sığınacaq axtarmaq hüququ
• Bir şəxsin başqa dövlətə təhvil verilməsinin qadağan edilməsi hüququ (məhkəmə təqibi və ya ölümə məruz qalacaqları üçün öz ölkələrinə qaytarılmaması hüququ)
• Ayrı-seçkiliyə məruz qalmamaq hüququ

Məqsədlər

• Qaçqınlar və onların hüquqları barədə biliklərin və dərketmənin inkişafı
• Arqumentlərin təqdim olunması və mühakimə edilməsi üçün bacarıqların inkişafı
• Təcili surətdə evlərini tərk etməyə məcbur edilmiş insanlarla həmrəyliyin təşviq edilməsi.

Materiallar

• Rol kartları
• Flipçart (istəyə görə)
• Sərhədkeçmə məntəqəsinin yaradılması üçün təbaşir və ya mebel
• Müşahidəçilər üçün qeydlər götürülməsi məqsədilə qələm və vərəq

Hazırlıq
  • • Rol kartlarının surətini çıxardın. Hər bir miqrasiya işçisi, qaçqın və müşahidəçinin öz rol kartı olmalıdır.
  • • Rol oyunu üçün səhnəni qurun. Məsələn, sərhədi göstərmək üçün döşəmədə xətt çəkin və ya yoxlama məntəqəsi ilə birlikdə fiziki sərhəd yaratmaq üçün mebeli yerləşdirin.
  • • Sərhəd nəzarət məntəqəsində piştaxta olaraq stoldan istifadə edin və əgər istəsəniz, gömrük və giriş qaydalarına dair bildirişlər hazırlayın.

 

Key Date
  • 20 İyunÜmumdünya Qaçqınlar Günü

Təlimatlar

1. Bu məşğələnin öz ölkəsindən qaçıb təhlükəsizlik əldə etmək üçün digər ölkəyə daxil olmaq istəyən bir qrup qaçqın haqqında rol oyunu olduğunu izah edin.
2. İnsanların qaçqınlar barədə nə bildiyini anlamaq üçün beyin fırtınası etməklə başlayın. Daha sonra, müzakirə mərhələsində istinad etmək üçün əsas fikirləri böyük kağız vərəqlərdə və ya flipçart vərəqində yazın.
3. İnsanlara otaqdakı qurğunu göstərin və aşağıdakını səsli şəkildə oxuyun: “X və Y arasındakı sərhəddə qaranlıq, soyuq və nəmli bir gecə idi. X ölkəsindəki müharibədən qaçaraq böyük sayda qaçqın buraya gəlmişdir. Onlar Y ölkəsinə girmək istəyir. Onlar ac, yorğundurlar və soyuqdan donurlar. Y ölkəsindəki sərhəd işçiləri bu barədə fərqli fikirə sahibdir - bəziləri qaçqınları sərhəddən buraxmaq istəyir, digərləri isə yox. Qaçqınlar çarəsizdirlər və sərhəd işçilərini inandırmaq üçün müəyyən arqumentlərdən istifadə edirlər.
4. İştirakçıları bərabər qruplara ayırın: birinci qrup X ölkəsindən olan qaçqınları, ikinci qrup Y ölkəsindən olan sərhəd işçilərini təmsil edir, üçüncü qrup isə müşahidəçilərdir.
5. “Qaçqınlar” və “sərhəd işçilərinə” hər bir şəxs üçün rol üzrə hazırlaşmağı və arqumentləri müəyyənləşdirməyi deyin. Rol kartlarını paylayın və hazırlaşmaq üçün onlara 15 dəqiqə vaxt verin.
6. Rol oyununu başlayın. Nə vaxt dayandırmaqla bağlı özünüz qərar verin, lakin 10 dəqiqə kifayət qədərdir.
7. Müşahidəçilərə öz şərhlərini hazırlamaqları üçün 5 dəqiqə vaxt verin; daha sonra, təhlil və qiymətləndirmə mərhələsinə başlayın.

Təlim və qiymətləndirməGoto top

Müşahidəçilərdən rol oyunu barədə ümumi şərh vermələrini xahiş etməklə bu mərhələyə başlayın.
Daha sonra, oyunda iştirak edən şəxslərdən qaçqın və ya sərhəd xidməti rəsmisi olmağın necə bir hiss olduğu barədə şərhləri alın və məsələlər və iştirakçıların nə öyrəndiyi ilə bağlı ümumi müzakirəyə keçid alın.
•    Qaçqınlara nə dərəcədə ədalətli şəkildə münasibət göstərilirdi?
•    Qaçqınlar Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 14-cü Maddəsi və Qaçqınların Statusu ilə Bağlı 1951-ci Konvensiya ilə qorunma hüququna malikdir. Qaçqınlara qorunma hüququ verildi? Niyə verildi? Niyə verilmədi?
•    Bir ölkə qaçqınları geri göndərmək hüququna malikdir? Nə vaxt? Hansı səbəblərə görə?
•    Siz sərhəd xidməti rəsmisi olsanız, kimisə geri göndərərdiniz? Bəs əgər siz onların öz ölkələrində ölümlə üzləşəcəyini bilsəniz?
•    Sizin ölkəniz daxilində qaçqınlar hansı problemlərlə üzləşir? Onların hansı insan hüquqları pozulur?
•    Sizin ölkənizdə qaçqınların üzləşdiyi problemləri həll etmək üçün hansı addım atılmalıdır?
•    Sizin ölkənizdə məcburi köçkün var? Və ya qonşu ölkədə?
•    İnsanların qaçqınlara çevrilməməsi üçün ilk növbədə hansı işlər görülə bilər və görülməlidir?

Fasilitatorlar üçün məsləhətlərGoto top

İnsanların nəyə görə qaçqın olduğu, insanları öz evlərini tərk etməyə nəyin səbəb olduğu, onların haradan gəldikləri və hansı ölkələrə getdikləri barədə digərlərinin artıq nə dərəcədə məlumatlı olduğunu müəyyənləşdirmək üçün beyin fırtınasından istifadə edin. Bu, sizə təhlil və qiymətləndirmə mərhələsini necə həyata keçirmək və həmin mərhələdə hansı əlavə məlumatı təmin etməklə bağlı qərar verməyə kömək edəcəkdir.

Qrupda kiminsə qaçqın olduğu halda nə edəcəyiniz barədə düşünün. Onların necə gəlməsindən asılı olaraq, siz onların təcrübəsindən və resurs insan olaraq istifadə edə bilərsiniz. Digər tərəfdən isə, bu travmatik ola bilər.

Bu üç qrup eyni olmaq məcburiyyətində deyil. Siz, məsələn, yalnız üç və ya dörd müşahidəçi seçə və qrupun qalan hissəsini aktiv rol oyunçusu edə bilərsiniz.

Səhnə qaranlıq, soyuq və yağışlı gecədə baş verir. Buna görə də, rol oyununu apararkən niyə də işıqları söndürməyəsiniz və pəncərələri açmayasınız? Əgər sizin vəziyyətinizə uyğundursa, qrupun kiçik, deşik-deşik qayıqda səhnəyə gəlməsini təşkil edə bilərsiniz. Qaçqınların çaşqınlığını artırmaq üçün sərhəddəki işarə və xəbərdarlıqları xarici dildə (və ya özünüzdən uydurduğunuz) edə bilərsiniz. Sərhəd xidməti rəsmilərini işarələrdə nə yazıldığı barədə məlumatlandırmağı unutmayın!

VariantlarGoto top

Rol oyununu ikinci dəfə həyata keçirin, lakin sərhəd xidməti rəsmiləri və qaçqınların rollarını dəyişdirməsinə icazə verin.

Müşahidəçilərə, bu halda, birinci və ikinci rol oyunlarında, xüsusilə qaçqınların hüquqlarının kəskin müdafiəsi ilə nəticələnən rollarda, fərqlərin qeyd edilməsi ilə bağlı əlavə tapşırıq verilir.

X ölkəsindən gələn qaçqınlara yardım etmək məqsədilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən göndərilmiş rəsmi komandanı da əlavə etməklə rol oyununu davam etdirin.

Sonrakı fəaliyyət üçün təkliflərGoto top

Sizin ölkənizdəki qaçqınlar, xüsusilə də onların gündəlik həyatlarının reallıqları ilə bağlı araşdırın. İştirakçılar yerli qaçqın assosiasiyası ilə əlaqə saxlaya və işçilər, könüllülər və qaçqınlardan müsahibə ala bilərlər.

Danimarkada məskunlaşmış sığınacaq axtaranlar və qaçqınlar tərəfindən yazılmış (ingi-lis dilində) hekayələri www.newtimes.dk ünvanına daxil olaraq oxuya bilərsiniz. Bir məqaləni seçin və öz cavabınızı müzakirə edin.

Britaniya Qırmızı Xaç Təşkilatının səhifəsində onların Pozitiv Şəkillər layihəsində iştirak edən qaçqınlarla bağlı məlumat və məşğələlər yer alır: www.redcross.org.uk.

Məktəb sinifi BMT QAK-ın rolu barədə məlumat haqqında araşdırma aparmaqla və daha sonra, aşağıdakı məsələlər üzrə “rəsmi hesabat” yazmaqla mövzuya davam edə bilər:

  • Sərhəd xidməti rəsmilərini qaçqınları ölkəyə buraxmağa inandıran arqumentlər
  • Sərhəd xidməti rəsmiləri tərəfindən hər hansı uyğunsuz davranış

Y ölkəsinin qaçqınların hüquqlarını qorumaq üçün nə etməli olduğu ilə bağlı tövsiyələr. Cenevrə Konvensiyasının indiki zamanın ehtiyaclarını ödəyib-ödəmədiyini və yenilənməyə ehtiyac olub-olmadığını müzakirə edin. Məsələn, bir çox ölkələrdə sığınacaq axtaran insanlar qaçqın statusu almaq üçün fərdi olaraq təqib olunduqlarını sübut etməlidir; təqib olunan bir qrupun üzvü olmaq və ya müharibə zonasından gəlmək kifayət deyil. Eynilə, iqlim səbəbindən qaçqın düşmüş şəxslər də Konvensiyada nəzərə alınmır.Əgər siz qaçqınlar sərhədi keçdikdən və sığınacaq üçün müraciət etdikdən sonrakı hadisələri əhatə edən bir məşğələni yerinə yetirmək istəyirsinizsə, 203-cü səhifədəki “Dil baryeri” məşğələsini edə bilərsiniz. Siz həmçinin qaçqınların üzləşdiyi çətinlikləri təsvir etmək üçün kollaj və ya posterlər hazırlaya bilərsiniz; 247-ci səhifədəki “Şəkillərlə oynamaq” məşğələsinə nəzər yetirin.

Fəaliyyət üçün fikirlərGoto top

Ölkənizdə yaşayan qaçqınlar üçün işləyən yerli və ya dövlət təşkilatı ilə əlaqə saxlayın və onlara dəstək olmaq üçün nə edə biləcəyinizi araşdırın. Məsələn, onların çoxu yalnızdır və inteqrasiya olunmaqda çətinlik çəkir; onlar yeni dostluqlar əldə etmək və ya dilinizi öyrənməklə bağlı yardım göstərməyinizi dəyərləndirəcəkdir.

Heç bir digər ailə üzvü olmadan sığınacaq axtarmaq üçün gəlmiş uşaqlar xüsusilə həssasdır. Qrup heç kəsi olmadan buraya gəlmiş bu uşaqlara nə baş verdiyini və onlara necə dəstək ola biləcəklərini araşdıra bilər. Bu dəstəyə onlarla dostlaşmaq, dili öyrətmək və təhsillə bağlı yardım etmək, futbol oynamaq və birlikdə asudə vaxt keçirmək daxildir.

Qaçqınların ölkənizə necə gəldiyini, sığınacaq alma prosesi və onların indiki həyatı ilə bağlı daha ətraflı məlumat almaq üçün qaçqınlarla işləyən qeyri-hökumət təşkilatını və ya hətta bir qaçqını məktəbinizə və ya klubunuza dəvət edin.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının vebsaytında sizin ölkəniz və ya təşkilatınızdakı qaçqınlara təlim təşkil etmək üçün kifayət qədər məlumat, flayerlər və videolar mövcuddur: http://www.unhcr.org.

Qaçqınlar və miqrantlar barədə statistika və izahları www.coe. int/compass ünvanında 5-ci fəslin Miqrasiya bölməsində tapa bilərsiniz.

.

Əlavə məlumatGoto top

Qaçqınlar öz həyatlarını xilas etmək və ya azadlıqlarını qorumaq üçün öz ölkəsindən köçməyə məcbur olmuş insanlardır. Onların öz ölkələri heç bir mühafizə təmin etmir - əslində, adətən onları təqib etməklə hədə-qorxu gələn elə öz hökumətləri olur. Digər ölkələr onlara öz ərazisinə daxil olmağa icazə vermədiyi və daxil olduqdan sonra onlara yardım etmədiyi halda, onları ölümə və ya yaşayış vasitələri və hüquqları olmadan təhlükə altında dözülməz həyat yaşamağa məhkum etmiş ola bilər.

Digər lazımlı saytlar:

Paylanma materiallarıGoto top

PDF kimi yüklə

Qaçqınların rol kartları
Qaçqınların arqumentləri və seçimləri
Siz öz arqument və taktikalarınızı hazırlamalısınız; öz arqumentinizi qrup şəklində irəli sürmək və ya hər bir qrup üz-vünün arqumentləri fərdi şəkildə irəli sürməklə bağlı məsuliyyət götürməsi sizin öz seçiminizdir. Siz bu və ya düşünə bidiyiniz digər hər hansı arqumentdən istifadə edə bilərsiniz:
•    Sığınacaq axtarmaq bizim qanuni hüququmuzdur.
•    Bizim uşaqlarımız acdır; sizin bizə kömək etməklə bağlı mənəvi məsuliyyətiniz var.
•    Mən geri qayıtdığım halda, məni öldürəcəklər.
•    Mənim heç pulum yoxdur.
•    Mənim getməyə başqa yerim yoxdur.
•    Mən öz ölkəmdə həkim/tibb bacısı/mühəndis idim.
•    Mən yalnız geri qayıtmaq təhlükəsiz olana qədər sığınacaq istəyirəm.
•    Digər qaçqınlara sizin ölkəyə giriş icazəsi verilmişdir.
•    Biz haradayıq? Qaçaqmalçılar bizi Z ölkəsinə çatdırmağa razılaşdılar.
•    Mən rəsmilərə mənə ölkəyə giriş icazəsi vermələri üçün rüşvət verəcəyəm.
•    Siz qrup şəklində və ya fərdi şəkildə iştirak üçün müraciət edəcəksiniz?
•    Sərhəd xidməti rəsmiləri xahiş etdiyi halda, siz bir-birinizdən ayrılarsınız?
•    Onlar sizi geri göndərməyə çalışdığı təqdirdə, nə edəcəksiniz? Evə qayıtmağa razı olacaqsınız? Siz Z ölkəsinə gedib çatmaq üçün onların ölkəsindən keçməklə bağlı icazə istəyəcəksiniz?
•    Sizdən kiminsə səyahət sənədləri var? Onlar həqiqi və ya saxtadır?
Siz qaçqınlardan ibarət qarışıq qrup rolunu canlandıracaqsınız, buna görə də, sizin hazırlıqlarınız zamanı hər bir şəxs öz şəxsiyyətini müəyyənləşdirməlidir: onların yaşı, cinsi, ailə münasibətləri, sənəti, maddi durumu, dini və üzərlərində olan, malik olduqları hər hansı əşyaları.


Müşahidəçilərin rol kartı
Sizin işiniz rol oyununu müşahidə etməkdən ibarətdir. Rol oyununun sonunda sizdən ümumi şərhlər vermək xahiş olu-nacaq.
Sizin nümayəndəniz olacaq üzvü seçin.
Müşahidə zamanı siz digər məsələlərlə yanaşı, aşağıdakılar barədə məlumatlı olmalısınız:
•    Qaçqınlar və sərhəd xidməti rəsmiləri tərəfindən oynanılan müxtəlif rollar.
•    Onların istifadə etdikləri arqumentlər və onları necə təqdim etməkləri.
•    İnsan hüquqlarına riayət edilməməsi hallarını araşdırın.
Siz hər şey barəsində necə qeyd götürəcəyinizlə bağlı qərar verməlisiniz. Məsələn, siz iki yarım qrupa ayrılmağı nəzərdə tuta bilərsiniz, belə ki, bir qrup sərhəd xidməti rəsmilərini, digəri isə qaçqınları müşahidə edəcək.

Sərhəd xidməti rəsmilərinin rol kartı
Sərhəd xidməti rəsmilərinin arqumentləri və seçimləri
    Siz öz arqumentlərinizi və taktikalarınızı hazırlamalısınız; öz arqumentinizi qrup şəklində irəli sürmək və ya hər bir qrup üzvünün arqumentləri fərdi şəkildə irəli sürməklə bağlı məsuliyyət götürməsi sizin öz seçiminizdir. Siz bu və ya düşünə bidiyiniz digər hər hansı arqumentdən istifadə edə bilərsiniz:
•    Onlar çarəsizdirlər: biz onları geri qaytara bilmərik.
•    Biz əgər onları geri göndərsək, onlar həbs olunduğu, işgəncəyə məruz qaldığı və ya öldürüldüyü halda mənəvi məsuliyyəti biz daşıyacağıq.
•    Bizim qaçqınları qəbul etməklə bağlı hüquqi öhdəliyimiz var.
•    Onların heç pulu yoxdur və dövlətin dəstəyinə ehtiyacları olacaqdır. Bizim ölkəmiz bunun öhdəsindən gələ bilməyəcək.
•    Onların hər hansı səyahət sənədi və ya şəxsiyyətlərini təsdiq edən hər hansı bir sənəd var? Onlar həqiqidir ya saxta?
•    Onlar həqiqətən qaçqına bənzəyirlər? Bəlkə onlardan bəziləri sadəcə daha yaxşı həyat standartı üçün buraya gəliblər?
•    Bizim ölkəmiz X ölkəsinin hərbi və biznes tərəfdaşıdır. Biz onları müdafiə edirmiş kimi görsənə bilmərik.
•    Bəlkə onlar bizim ehtiyacımız olan bacarıqlara malikdir?
•    Bizim ölkəmizdə kifayət qədər qaçqın var. Biz öz insanlarımızın taleyi ilə məşğul olmalıyıq. Onlar daha varlı ölkələrə getməlidir.
•    Biz onlardan ölkəyə daxil olmaq üçün icazə vermək məqsədilə rüşvət tələb edə bilərik.
•    Əgər biz onlara ölkəyə girməyə icazə versək, digərləri də bunu bizdən tələb edəcək.
•    Onlar bizim dilimizdə danışmır, müxtəlif dinə etiqad edir və fərqli yeməklər yeyir; onlar inteqrasiya olmayacaqlar.
•    Onlar arasında gizlənən terroristlər və ya müharibə cinayətkarları ola bilər.
    Rol oyunundan əvvəl aşağıdakı seçimlər barəsində düşünün:
•    Siz bütün qaçqınları sərhəddən buraxacaqsınız?
•    Onlardan bəzilərini sərhəddən buraxacaqsınız?
•    Onları yaş, ixtisas, maddi duruma görə ayıracaqsınız?
•    Bunun əvəzinə başqa bir şey edəcəksiniz?

Qeydlər
Bu məşğələ Beynəlxalq Amnistiya Təşkilatının İlkin Addımlar – İnsan Hüquqları təhsilinə başlayanlar üçün təlimat vəsaitindən (London, 1997) götürülmüşdür. “Qaçqın evinə get! Bunu edə bilsə idi, gedərdi” BMT QAK- ın kampaniyasında istifadə olunan şüardır.