Ev, qida və əsas ehtiyacların ödənməsi istədiyinizi deyə bilməkdən daha əhəmiyyətlidir?

Xülasə

• Bu müzakirə məşğələsində iştirakçılar öz fikirlərini müdafiə edirlər.

Əlaqədar hüquqlar

Hamısı

Məqsədlər

• Mülki və siyasi hüquqlar, sosial və iqtisadi hüquqlar arasında fərqləri başa düşmək
• Müzakirə və arqumentləşdirmə bacarıqlarını istifadə və inkişaf etdirmək
• Hörmət və açıqfikirliliyi təşviq etmək

Materiallar

• Bəyanatlar vərəqinin bir nüsxəsi
• Böyük ölçüdə kağızlar və ya flipçart vərəqi, qələmlər
• İp və ya təbaşir (istəyə görə)
Sadələşdirilmiş ÜİHB nüsxələri (istəyə görə)
• İnsanların rahat hərəkət edə bilməsi üçün məkan

Hazırlıq

• 2 poster hazırlayın – birində, “Razıyam”, digərində isə “Razı deyiləm” yazılmaqla – onları otağın əks künclərinə yapışdırın və iştirakçılardan onların arasında düzxətt şəklində düzülməyi xahiş edin (Düzülməli olduqları xəttin yerini təbaşirlə çəkə və ya iplə göstərə bilərsiniz)
• İnsanların “hüquqların nəsilləri”, eləcə də iki kateqoriya mülki və siyasi, sosial və iqtisadi hüquqlar barədə danışmasının səbəblərini öyrənin (Fasilitator üçün məsləhətlər hissəsinə və 4-cü Fəsilə baxın).

Key Date
  • 5 Dekabrİqtisadi və Sosial İnkişaf üçün Beynəlxalq Konüllü Günü

Təlimatlar

1. Mülki və siyasi, sosial və iqtisadi hüquqlar arasındakı fərqləri qısa şəkildə təqdim etməklə başlayın.
2. Hər kateqoriyaya daxil olan müxtəlif hüquqlar haqqında 5 dəqiqə beyin fırtınası aparın. Hüquqları flipçartda mülki və siyasi, sosial və iqtisadi hüquqlar başlıqları altında sıralayın.
3. Bir neçə bəyanat oxuyacağınızı və iştirakçıların onlarla bu və ya digər dərəcədə razılaşa biləcəklərini izah edin.
4. “Razıyam” və “Razı deyiləm” qeyd olunan posterlərə işarə etməklə iki əks mövqeni göstərin. İştirakçıların (xəyali) xətt boyu dayana biləcəklərini, lakin onların mümkün
qədər fikirləri özlərininkinə daha yaxın olan iştirakçıların yanında dayanmalı olduqlarını izah edin.
5. İştirakçılar yerlərini taparkən qısa müzakirəyə icazə verilir!
6. Növbə ilə bəyanatları oxuyun. Öyrənmə və müzakirəni stimullaşdırın. Əks qütblərdə dayanan iştirakçılardan kəskin mövqelərini izah etməyi xahiş edin. Mərkəzə yaxın dayananlardan mövqelərinin güclü rəyin olmaması və ya biliyin çatışmamasından qaynaqlandığını öyrənin.
7. İştirakçılar bir-birinin rəylərinə qulaq asarkən mövqelərini dəyişmələrinə icazə verin.
8. Bəyanatların hamısını oxuduqdan sonra, qrupu təhlil üçün bir araya toplayın.

Təhlil və qiymətləndirməGoto top

Məşğələnin özünü nəzərdən keçirməklə başlayın, daha sonra, iştirakçıların nə öyrəndiyini müzakirə edin.
• İştirakçıların cavab verə bilmədiyi suallar olub – fikirlərini cəmləmək çətin olduğuna görə yoxsa sual düzgün təqdim olunmadığına görə?
• Niyə müzakirələr zamanı iştirakçılar mövqelərini dəyişiblər?
• Məsələlər üzrə fikir ayrılığının səviyyəsi iştirakçıları təəccübləndirib?
• İnsan hüquqları barəsində fikirlərimizin fərqli olmasının əhəmiyyəti var?
• Sizin fikrinizcə, müxtəlif bəyanatlara “düzgün” və “səhv” cavablar var yoxsa sadəcə şəxsi yanaşmalar bir-birindən fərqlənir?
• İnsan hüquqları barəsində hamının razılığa gəlməsi mümkündür?
• (İlk) iki insan hüquqları “nəsilləri” arasında mühüm fərqlər var: mülki və siyasi, sosial və iqtisadi hüquqlar arasında? Onlardan hansının daha vacib olduğunu demək mümkündür?
• Bizim əlavə hüquqlara da ehtiyacımız var? Hüquqların üçüncü nəsli olmalıdır?

Fasilitator üçün məsləhətlərGoto top

Məşğələnin düzülmə hissəsini, müxtəlif məqamlarla bağlı müzakirələrə çox vaxt ayırmadan, nisbətən sürətli apara bilərsiniz. Bundan sonra, iki və ya üç bəyanat seçib onları bütün qrupla daha detallı müzakirə edə bilərsiniz. Lakin müəyyən məqamlarda məşğələni dayandırıb iştirakçılara həmin məsələləri və digərləri ilə müqayisədə özlərinin onlarla bağlı mövqelərini nəzərdən keçirməyə imkan verə bilərsiniz.

Bu məşğələ bütün insan hüquqlarını əhatə edir, xüsusilə də, sosial və iqtisadi hüquqları; məsələn, əmək və asudə vaxt hüquqları, sağlamlıq və başlıca yaşayış şəraitinə olan hüquqlar.

Aşağıda verilmiş bəyanatlar bir tərəfdən mülki və siyasi hüquqlar, digər tərəfdən so-sial və iqtisadi hüquqlar arasında mövcud fərqlərlə bağlı bəzi debatlara toxunmaq üçün hazırlanmışdır. Məşğələnin başlanğıcında çox detala girməyə ehtiyac yoxdur, belə ki, bir çox məqamlar müzakirənin gedişində ortaya çıxır.

Buna baxmayaraq, iki məqamı əvvəldə aydınlaşdırmaq vacibdir. İlk növbədə, mülki və siyasi hüquqlar bizim hökumətə mülki və siyasi məsələlərlə bağlı irəli sürdüyümüz mənəvi tələblərdir, məsələn, ədalətli mühakimə, səs vermək hüququ, söz azadlığı və s.; sosial və iqti-sadi hüquqlar isə sosial və iqtisadi məsələlərlə bağlıdır, məsələn, evsizlik, lazımi səviyyədə olmayan səhiyyə sistemi, yoxsulluq və s.

İkinci məqam isə bəzi insanların müxtəlif insan hüquqları növlərini bir-birindən fərqləndirməsidir. Sosial və iqtisadi hüquqlar çoxları tərəfindən mülki və siyasi hüquqlarla müqayisədə daha az əhəmiyyətli və/və ya təmin edilməsi daha çətin hesab olunur.

Beyin fırtınası zamanı, iştirakçıların yaddaşını təzələmək üçün onlara 600-cü səhifədəki sadələşdirilmiş ÜİHB-nin nüsxələrini verə; alternativ kimi, maddələrin bəzilərini ucadan ox-uya və iştirakçılardan onları düzgün kateqoriyaya qoymağı xahiş edə bilərsiniz. 16-cı və 22-29-cu maddələr əsasən sosial-iqtisadi hüquqlar sayılır.

VariantlarGoto top

Başqa bəyanatlar hazırlayın və ya qrup üzvlərindən öz variantlarını irəli sürməyi xahiş edin.

Sonrakı fəaliyyət üçün təkliflərGoto top

İştirakçılardan əvvəlcədən arqumentlərini hazırlamağı xahiş etməklə, müzakirə olunmuş məsələlərin biri üzrə formal debat təşkil edin, debatın sonunda isə, səsvermə keçirdin. Başqa gəncləri və ictimaiyyətin üzvlərini tamaşaçı qismində dəvət edə bilərsiniz.

İnsan hüquqları haqqında biliyə malik olmaq vacibdir, lakin onların qorunması üçün fəal vətəndaş olmaq da əhəmiyyətlidir. “Seçkiqabağı kampaniya” məşğələsini edə bilərsiniz. Bu məşğələ başqalarını öz fikrinə inandırmaq məsələsinə həsr olunub.

İnsan hüquqları haqqında danışarkən istifadə etdiyiniz sözlər və onların təsirindən xəbərdar olmaq vacibdir. Məsələn “əlil insanlar”, “fiziki qüsurlu insanlar” yaxud “əlilliyi olan insanlar” ifadəsindən istifadə etməklə bağlı qərar verməlisiniz. Qrup Hər kəs Fərqli - Hər kəs Bərabər Təhsil Paketindəki “Ağ gələcək” məşğələsi vasitəsilə açıq danışmaq və siyasi düzgünlük məsələlərini müzakirə edə bilər.

Fəaliyyət üçün fikirlərGoto top

İnsan hüquqları və ya sosial rifah uğrunda çalışan yerli təşkilatla əlaqəyə keçin və necə töhfə verə biləcəyinizi öyrənin.

Əlavə məlumatGoto top

Bu kitabın 4-cü Fəsilində hüquqların müxtəlif nəsilləri, o cümlədən “üçüncü nəsil” hüquqlara girişlə bağlı ümumi məlumat əhatə olunmuşdur.

Paylanmalı materiallarGoto top

PDF kimi yüklə

Bəyanatlar vərəqi
• Ev, qida və əsas ehtiyacların ödənməsi istədiyinizi deyə bilməkdən daha əhəmiyyətlidir.
• İşləmək insanların hüququ deyil, öhdəliyidir.
• İstənilən hökumətin ən əsas öhdəliyi bütün vətəndaşlar üçün kifayət qədər qidalanmanı təmin etməkdir.
• “İstirahət və asudə vaxt” hüququ yalnız varlıların faydalana biləcəyi bir təmtəraqdır.
• İnsanların acından ölməməsini təmin etmək hökumətin deyil, insanların özünün işidir!
• İşçilərimizlə necə rəftar etməyimizə beynəlxalq ictimaiyyət qarışa bilməz.
• Kasıb ölkələr vətəndaşlarının mülki və siyasi hüquqlarını təmin etməmişdən əvvəl onların başlıca yaşayış standartları ilə təmin olunmasına diqqət etməlidirlər.
• Kəskin iqtisadi bərabərsizlik əsas hüquqların pozulmasıdır.
• Sosial və iqtisadi hüquqlar gələcəkdə nail olunacaq idealdır, bu günkü dünya isə onları təmin etməyə hazır deyil.
• Əgər hüquqları təmin etmək mümkün deyilsə, onlara malik olmağın mənası yoxdur.
• Bəzi hüquqlar digərlərindən daha əhəmiyyətlidir.
• Təbii olaraq, bəzi insanların digərlərindən daha çox hüquqları var.
• Bəzi insanlar öz istəklərinə uyğun olaraq evsizdirlər.
• Varlı insanlar kasıblardan daha xoşbəxtdir.
• Yoxsulluğu tamamilə aradan qaldırmaq mümkün deyil.
• Biz hüquqlarla anadan olmuruq; onları sonradan əldə edirik.