Hər şey digərlərinin hüquqları və mənim onlara sonsuz hörmətimdən qaynaqlanır.

Emmanuel Levinas

Xülasə

Biz hamımız bərabərik, amma bəzilərimiz digərlərindən daha bərabərdir. Bu məşğələdə iştirakçılar rol oynayır və həyatdakı imkanları və bəxtlərindən asılı olaraq irəli gedirlər.

Əlaqədar hüquqlar

• Ləyaqət və hüquqlarda bərabərlik hüququ
• Təhsil hüququ
• Sağlamlıq və rifahın təmin olunduğu şəraitdə yaşamaq hüququ

Məqsədlər

• İmkanların bərabərsizliyi ilə bağlı məlumatlılığı artırmaq
• Təxəyyül və tənqidi düşüncəni inkişaf etdirmək
• Bəxti daha az gətirən insanlara qarşı şəfqəti aşılamaq

Materiallar

• Rol kartları
• Açıq məkan (koridor, böyük otaq və ya açıq hava)
• Maqnitofon və ya CD çalan və sakit/rahatladan musiqi
• Papaq

Hazırlıq

• Təlimatları diqqətlə oxuyun. “Vəziyyətlər və hadisələr” siyahısını nəzərdən keçirin və birgə işlədiyiniz qrupa uyğunlaşdırın.
• Hər iştirakçı üçün bir ədəd olmaqla rol kartları hazırlayın. Vərəqin (uyğunlaşdırılmış) əllə və ya kserokopiya maşını vasitəsilə surətini çıxardın; zolaqları kəsin, onları qatlayıb papağa qoyun.

compass-key-date
  • 15 İyunDünya Ərzaq Günü

Instructions

1. Sakit musiqi səsləndirməklə rahat atmosfer yaradın. Ya da sadəcə iştirakçılardan sakit olmağı xahiş edin.
2. İştirakçılardan papaqdan rol kartı götürməyi xahiş edin. Kartı özlərində saxlayıb heç kimə göstərməməyi tapşırın.
3. Onları oturmağa (döşəmədə olması üstün tutulur) və rol kartında yazılanı diqqətlə oxumağa dəvət edin.
4. İndi isə onları rola girməyə çağırın. Kömək etmək üçün aşağıdakı suallardan bəzilərini oxuyun, hər sualdan sonra fasilə verin və insanlara düşünmək, özlərini və öz həyatlarını təsəvvürlərinə gətirmək üçün vaxt verin:
• Uşaqlığınız necə keçib? Necə bir evdə yaşamısınız? Hansı oyunları oynamısınız? Valideynləriniz hansı işlə məşğul olublar?
• İndi gündəlik həyatınız necədir? Harada sosiallaşırsınız? Səhər, günorta, axşam nə edirsiniz?
• Həyat tərziniz necədir? Harada yaşayırsınız? Hər ay nə qədər pul qazanırsınız? Boş vaxtınızda nə edirsiniz? Tətilinizdə nə edirsiniz?
• Nə sizi həyəcanlandırır və nə qorxudur?

5. İndi isə iştirakçılar bir-birinin yanına düzülərkən (başlanğıc sıra) tam sakit olmağı xahiş edin.
6. İştirakçılara vəziyyətlər və ya hadisələrin siyahısını oxuyacağınızı deyin. Hər dəfə onlar bəyanata “bəli” cavabı verə bilərlərsə, bir addım irəli atmalıdırlar. Əks halda, yerlərində qalıb hərəkət etməməlidirlər.
7. Vəziyyətləri bir-bir oxuyun. Hər bəyanatdan sonra fasilə verərək iştirakçıların irəli çıxması və özlərinin digərləri ilə müqayisədə mövqelərini nəzərdən keçirməsi üçün vaxt ayırın.
8. Sonda, hamıdan yekun mövqelərini yadda saxlamağı xahiş edin. Ümumi sessiyada təhlilə keçməzdən əvvəl onlara roldan çıxmaq üçün bir neçə dəqiqə vaxt verin.

Təhlil və qiymətləndirməGoto top

İştirakçılardan nə baş verdiyini və məşğələ ilə bağlı özlərini necə hiss etdiklərini soruşmaqla başlayın, daha sonra, qaldırılan məsələlər və nə öyrəndikləri barəsində danışın.
• İştirakçılar irəli addımladıqda – addımlamadıqda – özlərini necə hiss ediblər?
• İrəliyə tez-tez addım atan şəxslər nə vaxt digərlərinin onlar qədər sürətlə getmədiyinə diqqət ediblər?
• Kimsə öz əsas insan hüquqlarının pozulduğu məqamlar olduğunu hiss edib?
• İştirakçılar bir-birinin rollarını tapa bilər? (Müzakirənin bu hissəsində iştirakçıların rollarını açıqlamasına icazə verin)
• Müxtəlif rolları oynamaq nə qədər asan və ya çətin idi? Rolunu oynadıqları şəxsin xüsusiyyətlərini təsəvvürlərinə necə gətirdilər?
• Bu məşğələ müəyyən dərəcədə cəmiyyəti əks etdirir? Necə?
• Hər rolda hansı insan hüququna toxunulurdu? Kimsə onun insan hüquqlarına hörmət olunmadığını və ya onlara çıxışının olmadığını deyə bilər?
• Cəmiyyətdəki bərabərsizliyi aradan qaldırmaq üçün, ilk olaraq, hansı addımlar atıla bilər?

Fasilitator üçün məsləhətlərGoto top

Əgər məşğələni açıq havada, xüsusilə də böyük qrupla aparırsınızsa, bütün iştirakçıların sizi eşidə bildiyindən əmin olun! Bəyanatları ötürmək üçün digər fasilitatorları birgə çalışmağa cəlb edə bilərsiniz.

Başlanğıcdakı təsəvvürə gətirmə mərhələsində bəzi iştirakçılar rolunu oynayacaqları şəxsin həyatı barəsində az bildiklərini deyə bilərlər. Onlara bunun vacib olmadığını, təxəyyüllərindən istifadə edib əllərindən gələni etmələrini deyin.

Məşğələnin gücü iştirakçılar arasında məsafələrin artmasının yaratdığı təsirdir, xüsusən, sonda, irəli addım atan və atmayan şəxslər arasında böyük məsafə yaranmasının təsiri. Təsiri artırmaq üçün rolları iştirakçıların real həyatlarına uyğunlaşdırmalısınız. Bunu edərkən, rolları minimum sayda iştirakçının irəli addım ata bilməsinə (yəni “bəli” cavabı verə bilməsinə) uyğunlaşdırın. Həmçinin, böyük qrupla işləyirsinizsə və daha çox rol verməlisinizsə, bu üsulu tətbiq edin.

Təhlil və qiymətləndirmə zamanı iştirakçıların rolunu oynadıqları şəxsin xarakteri barəsində məlumatı haradan aldıqlarını öyrənmək vacibdir. Məlumat şəxsi təcrübə yoxsa digər məlumat mənbələri (xəbərlər, kitablar və zarafatlar) vasitəsilə əldə olunub? Onlar obrazlar barəsində məlumatlarının və təsəvvürlərinin etibarlılığından əmindirlər? Bu yolla siz stereotiplər və qərəzin necə formalaşdığını göstərə bilərsiniz.

Bu məşğələ xüsusilə insan hüquqlarının müxtəlif nəsilləri (mülki/siyasi və sosial/iqti-sadi/mədəni hüquqlar) arasında əlaqələrin qurulması və onlara çıxışın təmin olunması ilə bağlıdır. Yoxsulluq və sosial təcrid yalnız rəsmi hüquqlarla bağlı problem deyil, baxmayaraq ki, məsələn, qaçqınlar və sığınacaq axtaranlar da ikinci ilə üzləşir. Əksər hallarda problem bu hüquqlara effektiv çıxışın təmin olunmamasıdır.

Qeyd
Bu məşğələ Els van Murik (Başqa Nəsə) və digərlərindən öyrənilmişdir.

 

 

VariantlarGoto top

İlk variant bərabərsizlik simvolizminə yeni səviyyəni əlavə edir. Sizin asanlıqla qırılan çox nazik uzun ipə və ya kağız lentə ehtiyacınız olacaq. İştirakçılar başlanğıc xətdə düzüldükdən sonra onların qarşısından yeriyib lenti açın. Siz keçdikcə hər kəs lentdən tutmalıdır, belə ki, sonda, hamı lent boyunca “birləşməlidir”. İrəli addım atmaq vaxtı gəldikdə bəzi iştirakçılar hərəkət edib bağı qırmaq və ya yerlərində qalmaq arasında dilemma ilə üzləşəcəklər. Eyni zamanda, arxada qalanlar digərlərini lenti qırmaqda günahlandıra bilər. Buna görə də, iştirakçılara qaydanı xatırlatmaq lazımdır: “hər dəfə bəyanata “bəli” cavabı verdikdə iştirakçılar irəli addım atmalıdırlar. Əks halda, yerlərində qalıb hərəkət etməməlidirlər.”

İkinci variant: İlk turu göstərildiyi kimi keçirdin, ikinci turda isə qiymətləndirilməyən bacarıqları üzə çıxarmağa çalışın. İştirakçıların rolları eyni qalır. İkinci turda əvvəlcədən hazırladığınız və vəziyyətləri ilə əlaqədar çətinlikdə olan insanların güclü tərəflərini göstərən bəyanatları ucadan oxuyun.

Məsələn:
• Siz ikidən artıq dil danışır və onları hər gün istifadə edirsiniz.
• Siz fiziki və ya mənəvi əlilliyin öhdəsindən gəlmisiniz və bu, sizə özünəinam və işsiz olmağa dözmək üçün daxili güc verib.
• Siz ölümcül xəstəsiniz və həyatın dəyərini digərlərindən yaxşı bilirsiniz.
• Siz uzaq kənddə böyümüsünüz və iqlim dəyişikliyi nəticəsində dünyanın üzləşdiyi ətraf mühit böhranını dərindən başa düşürsünüz.
• Siz az büdcəylə necə yaşamağı və harada ən sərfəli ticarətin olduğunu bilirsiniz.

Siz bu metoddan ən müxtəlif sahələrdə, məsələn, içməli suya çıxışın olması, siyasi və ya sosial həyatda iştirak, gender məsələlərində olan bərabərsizliyi vurğulamaq üçün istifadə edə bilərsiniz. Başqa məsələni nəzərdən keçirirsinizsə, fərqli rollar və bəyanatlar hazırlamalısınız. Bunu edərkən, potensial olaraq həssas rollar və bəyanatlara diqqət edin.

Daha çox fikir eşitmək və iştirakçıların dərindən başa düşməsini təmin etməyin bir yolu əvvəl kiçik qruplarda işləyib, sonra ümumi sessiyada fikirləri bölüşməkdir. Bu halda, sizinlə birgə işləyəcək fasilitatorların olması vacibdir. Təhlilin ikinci hissəsində - rollar açıqlandıqdan sonra – daha kiçik qruplarda bu metodu sınayın. İştirakçılardan cəmiyyətdə kimin daha az və kimin daha çox imkanlara malik olduğunu araşdırmağı və bərabərsizliyi aradan qaldırmaq üçün hansı ilkin addımların atılmalı olduğunu müəyyən etməyi xahiş edin. Alternativ kimi, iştirakçılardan obrazlardan birini seçib nəyin edilə biləcəyini müəyyən etməyi xahiş edin, yəni onların özlərinin, eləcə də cəmiyyət və hökumətin həmin şəxsə qarşı öhdəlik və məsuliyyətləri nələrdir.

Sonrakı fəaliyyət üçün təkliflərGoto top

İşlədiyiniz sosial kontekstdən asılı olaraq müəyyən mədəni və ya sosial qrupların hüquqlarını müdafiə edən təşkilatlardan nümayəndələri qrupla danışmağa dəvət edə bilərsiniz. Onlardan hansı məsələlərlə bağlı çalışdıqlarını öyrənin və sizin və gənclərin necə kömək edə biləcəyini müəyyən edin. Belə üz-üzə görüş müzakirə zamanı ortaya çıxmış bəzi stereotiplər və qərəzin nəzərdən keçirilməsi və aradan qaldırılması üçün yaxşı imkan ola bilər.

Əgər qrup dünya üzrə təhsilin təmin olunmasındakı bərabərsizlik və bu problemləri aradan qaldırmaq üçün görülən işlər barəsində daha çox məlumat almaq istəyərsə, 158-ci səhifədəki “Hamı üçün təhsil” məşğələsinə baxa bilərsiniz.

Qrup “Bir addım irəli atın” məşğələsində təqdim olunan şəxslərin stereotipləşmiş obrazlarını nəzərdən keçirmək üçün daha çox vaxt ayırmaq istəyə bilər. Siz Hər kəs Fərqli - Hər kəs Bərabər Təhsil Paketindəki “Avro-dəmiryol menyusu” məşğələsini edərək iştirakçılardan qatar kupesini ən çox və ən az necə insanla bölüşmək istədiklərini soruşa bilərsiniz.

Fəaliyyət üçün fikirlərGoto top

Sonrakı fəaliyyət hissəsindən fikirlər götürün. Gənclərin mədəni və ya sosial azlıqlarla işləyən qruplar və təşkilatlara necə kömək edə biləcəyini müəyyən edin və fikirləri həyata keçirin.

Paylanmalı materiallarGoto top

PDF kimi yükləyin

Rol kartları

Siz işləməyən tənha anasınız. Siz siyasi partiyanın gənclər təşkilatının prezidentisiniz. (hazırdan sizin “ana” partiyanız hakimiyyətdədir).
Siz yerli bank menecerinin qızısınız. Universitetdə iqtisadiyyat oxuyursunuz. Siz uğurlu fast food biznesi olan Çinli miqrantın
oğlusunuz.
Siz qatı şəkildə dindar olan valideynləri ilə yaşayan ərəb müsəlman qızsınız. Siz yaşadığınız ölkəyə akkreditə olunmuş amerikan səfirin qızısınız.
Siz orduda icbari hərbi xidmət keçən əsgərsiniz. Siz uğurlu idxal-ixrac şirkətinin sahibisiniz.
Siz yalnız əlil arabasında hərəkət edə bilən əlil
gəncsiniz.
Siz ayaqqabı istehsal edən fabrikdən təqaüdə çıxmış işçisiniz.
Siz ibtidai məktəbi bitirməmiş 17 yaşında romalı (qaraçı) qızsınız. Siz heroinə qurşanmış gənc rəssamın sevgilisisiniz.
Siz QİÇS xəstəliyi olan ortayaşlı fahişəsiniz. Siz 22 yaşlı lezbiyansınız.
Siz işləməyən və işləmək üçün ilk fürsəti gözləyən universitet məzunusunuz. Siz Afrika mənşəli moda modelisiniz.
Siz Əfqanıstandan olan 24 yaşlı qaçqın oğlansınız. Siz 27 yaşlı evsiz kişisiniz.
Siz Malidən olan qeyri-leqal miqrantsınız. Siz dağlardakı uzaq kənddə yaşayan fermerin 19 yaşlı oğlusunuz.


Vəziyyətlər və hadisələr
Aşağıdakı vəziyyətləri ucadan oxuyun. Hər bəyanatdan sonra iştirakçılara irəli addım atmaq və özlərinin digərləri ilə müqayisədə nə qədər uzağa getdiyinə baxmaq üçün vaxt verin.

• Heç vaxt ciddi maliyyə çətinliyi ilə üzləşməməsiniz.
• Sizin telefon və televizoru olan şəraitli eviniz var.
• Yaşadığınız cəmiyyətdə diliniz, dininiz və mədəniyyətinizə hörmətlə yanaşıldığını hiss edirsiniz.
• Sosial və siyasi məsələlər barəsində fikirlərinizin əhəmiyyətli olduğunu və onlara qulaq asıldığını hiss edirsiniz.
• Digər insanlar müxtəlif məsələlərlə bağlı sizinlə məsləhətləşirlər.
• Polis tərəfindən dayandırılmaqdan qorxmursunuz.
• Ehtiyacınız olarsa, məsləhət və kömək üçün kimə müraciət edəcəyinizi bilirsiniz.
• Mənşəyinizə görə sizə qarşı heç vaxt ayrı-seçkilik olunmayıb.
• Ehtiyaclarınız üçün lazımi sosial və tibbi mühafizəniz var.
• İldə bir dəfə tətilə gedə bilirsiniz.
• Dostlarınızı evinizdə axşam yeməyinə dəvət edə bilirsiniz.
• Maraqlı həyatınız var və gələcəklə bağlı pozitivsiniz.
• Seçdiyiniz peşəni oxuyub işləyə biləcəyinizi hiss edirsiniz.
• Küçələrdə və ya KİV-də hücuma və təhqirə məruz qalmaqdan qorxmursunuz.
• Milli və yerli seçkilərdə səs verə bilirsiniz.
• Ən vacib dini bayramlarınızı yaxın dostlarınız və qohumlarınızla qeyd edə bilirsiniz.
• Xaricdə keçirilən beynəlxalq seminarda iştirak edə bilirsiniz.
• Həftədə bir dəfə kinoya və ya teatra gedə bilirsiniz.
• Uşaqlarınızın gələcəyi sizi qorxutmur.
• Ən azından hər üç aydan bir təzə paltar ala bilirsiniz.
• Seçdiyiniz şəxsə aşiq ola bilirsiniz.
• Yaşadığınız cəmiyyətdə bacarıqlarınızın qiymətləndirildiyini və onlara hörmət edildiyini hiss edirsiniz.
• İnternetdən istifadə edə və faydalana bilirsiniz.
• İqlim dəyişikliyinin nəticələrindən qorxmursunuz.
• Senzura qorxusu olmadan İnternetdəki bütün saytlardan azad şəkildə istifadə edirsiniz.