European Commission against Racism and Intolerance (ECRI)


Avropa Şurasının İrqçiliyə qarşı Komissiyası Azərbaycan üzrə yeni hesabat dərc edir

Strasburq, 31.05.2011 –İrqçiliyə və Dözümsüzlüyə qarşı Avropa Komissiyası (ECRI) bu gün Azərbaycan üzrə yeni hesabat dərc etmişdir. ECRI-nin Sədri Nils Muiznieks söyləmişdir ki, müəyyən irəliləyişlərin baş verməsinə baxmayaraq, hələ də qeydiyyata alınmamış dini qurumların və beynəlxalq müdafiə axtaran şəxslərin durumu kimi bəzi sahələrdə problemlər qalmaqdadır.

Miqrant fəhlələrin inzibati prosedurlarını sadələşdirmək məqsədilə Dövlət Miqrasiya Xidməti yaradılmış və immiqrantlar üçün vahid pəncərə xidməti fəaliyyətə başlamışdır. Həmçinin, səlahiyyətli qurumlar müvafiq qanunvericiliyi gücləndirmək məqsədi ilə Miqrasiya Məcəlləsini hazırlayırlar. Qaçqınların sosial hüquqlara çatımlılığını yaxşılaşdırmaq üçün tədbirlər görülmüş və dövlət qurumları vətəndaşlığı olmayan şəxslərin qarşılaşdıqları problemləri aradan qaldırmaq üçün fəaliyyətə başlamışdır. Son illər məcburi köçkünlərin yaşayış şəraitini yaxşılaşdırmaq, eləcə də onların digər sosial hüquqlara çatımlılığını təmin etmək üçün ciddi səylər göstərilmişdir. Dövlət qurumları həmçinin sosial cəhətdən müdafiəsiz qruplara məxsus şəxslərin səhiyyə təminatını yaxşılaşdırmaq üçün tədbirlər görmüşlər.

Eyni zamanda, dini icmalarla bağlı müəyyən məhdudlaşdırıcı təcrübələr və qanunvericilik müddəaları daha da sərtləşdirilmiş və təkrar qeydiyyatdan keçmək üçün verdikləri müraciətlərinə hələ də cavab almamış dini icmalar özbaşına rəftara məruz qalırlar. Hüquq-mühafizə orqanları rəsmilərinin azsaylı qrupların üzvlərinə qarşı vəzifələrindən sui-istifadəyə yol verdikləri haqda məlumatlar mövcuddur və polisə qarşı şikayətlərə baxılması ilə bağlı müstəqil mexanizm olmalıdır.

Qaçqın statusunun tanınması halları olduqca azdır və Azərbaycan qanunvericiliyi heç bir əlavə müdafiə forması nəzərdə tutmur, bu isə müdafiəyə ehtiyacı olan bir çox şəxsi acınacaqlı vəziyyətə salır. Miqrant fəhlələr qanunsuz məşğulluq təcrübələrindən və sui-istifadənin ciddi formalarından əziyyət çəkirlər. Məcburi köçkünlərin gündəlik həyatda üzləşdikləri çətinlikləri aradan qaldırmaq üçün əlavə tədbirlərin görülməsinə ehtiyac duyulur. Nəhayət, ayrı-seçkiliyə qarşı qanunvericilik az bilinir və ondan nadir hallarda istifadə olunur. Cinayət Məcəlləsinin milli təhlükəsizlik və etnik düşmənçiliyin qadağan edilməsi ilə bağlı müddəalarının tətbiq olunması hələ də narahatlıq doğurmaqdadır.

ECRI, öz hesabatında bir sıra tövsiyələr irəli sürür. Bu tövsiyələrin arasında aşağıdakı üç tövsiyə prioritet qaydada yerinə yetirilməlidir və iki ildən sonra yenidən nəzərdən keçiriləcək:

  • dini qurumların qeydiyyatının tez bir zamanda başa çatdırılması və öz məsələləri ilə bağlı son qərarı hələ də gözləyən qurumların hüquqi durumunun aydınlaşdırılması;
  • Miqrasiya Məcəlləsinin qəbul edilməsi prosesinin başa çatdırılması;
  • Məhkəmə sistemində ayrı-seçkiliyin aşkar edilməsi və ona qarşı mübarizə aparılması məqsədilə ECRI-nin mandatına daxil olan meyarlara uyğun bölünmüş şəkildə məlumat toplama sisteminin yaradılması.

Hesabatla, Hökumətin müşahidələri ilə birlikdə, burada tanış olmaq mümkündür. Hesabat, ECRI-in 2010-cu ilin sentyabr ayında Azərbaycana səfərindən sonra hazırlanmışdır [Mətbuat Açıqlaması – 05.10.2010]və 2010-cu ilin dekabr ayınadək dəyişiklikləri nəzərə alır.

ECRI Avropa Şurasının irqçilik, etnik mənşə, vətəndaşlıq, din və dil üzrə ayrı-seçkilik, eləcə də ksenofobiya, antisemitizm və dözümsüzlük problemlərinə nəzarət edən, üzv Dövlətlərə hesabatlar hazırlayan və tövsiyələr irəli sürən müstəqil ekspertlərdən ibarət insan hüquqları üzrə qurumdur.

ECRI haqda daha ətraflı məlumat almaq üçün: www.coe.int/ecri

Mətbuat əlaqələri :
Stefano Valenti, Tel: +33 (0)3 90 21 43 28, stefano.valenti@coe.int