nugara Torpağın dövlət tərəfindən özgəninkiləşdirilməməsi mülkiyyət hüququnun pozuntusu sayıla bilərmi?

Torpağın dövlət tərəfindən özgəninkiləşdirilməməsi mülkiyyət hüququnun pozuntusu sayıla bilərmi?

Başlıqda qeyd olunmuş sualın cavabını Avropa Məhkəməsi  2 gün bundan əvvəl Barcza və başqaları Macarıstana qarşı (50811/10) qərarı ilə vermişdir.

Ərizəçilər Jenone Barcza, Janosne Basits və Laszlo Pavai müvafiq olaraq 1962, 1957 və 1930-cu illərdə anadan olmuş Macarıstan vətəndaşlarıdır. Onlar Macarıstanın qəsəbələri olan  Solymar, Dunabogdany və Leányfaluda yaşayırlar. Şikayət ərizəsində haqqında danışılan ərizəçilərə aid torpaq sahələri Macarıstanın Dövlət Su Agentliyinin 2002-ci ilin dekabr ayında qəbul etdiyi qərarına əsasən, içməli su anbarının mühafizə zolağına daxil edilmişdir. Həmin qərara görə adı çəkilən torpaqların dövlət tərəfindən özgəninkiləşdirilməsi nəzərdə tutulmuşdu və ərizəçilər də bu barədə gecikdirilmədən məlumatlandırılmışdılar. Su anbarı dövlətə məxsus olduğundan yuxarıda qeyd olunan qərara görə mühafizə zolağına düşən torpaq sahələri üzərində də özgəninkiləşdirmə əsasında dövlətin mülkiyyət hüququ tanınmalı idi. Lakin 2005 və 2009-cu illərdə ərizəçilərin müraciətlərinə, habelə 2009-cu ilin oktyabr ayında xeyirlərinə çıxarılmış məhkəmə qərarına baxmayaraq, onlara aid torpaqların öngəninkiləşdirilməsi prosesinə 2011-ci ilədək başlanılmamışdı. Dolayısilə, 2002-ci ildən etibarən özgəninkiləşdirmənin başlanılmaması ilə bərabər, ərizəçilər özlərinə aid bu torpaqlardan istifad edə bilməmişlər.
2012-ci ildə özgəninkiləşdirmə prosesi çərçivəsində ərizəçilərə kompensasiya qismində 126 min avro pul ödənilmişdir. Halbuki, 2002-2012-ci illər aralığında dövlət onlara aid torpaqlardan ərizəçilərin iradələrinə zidd olaraq əvəzsiz istifadə etmişdir.

Beləliklə, ərizəçilər hesab edirdilər ki, dövlət orqanının özgəninkiləşdirmə ilə bağlı prosesi təxminin 9 il yubatması və bu dövr ərzindən ərizəçilərin torpaqlarından nəinki istifadə etmək, həmçinin kompensasiya ala bilməmələri Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququnun) pozuntusudur.

İş üzrə Avropa Məhkəməsinin mövqeyi bu cürdür: “1 saylı Protokolun 1-ci maddəsi özündə 3 elementi ehtiva edir: 1) mülkiyyətdən digər şəxslərin hüquqlarını məhdudlaşdırmadan istifadə etmək hüququ; 2) müəyyən şərtlər daxilində mülkiyyət hüququnun məhdudlaşdırılması; 3) ictimai maraqlar naminə mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək, yaxud vergilərin, rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan hüquqların məhdudlaşdırılması. Bu üç qayda hər biri ayrı-ayrılıqda başa düşülməməlidir. Bu mənada 2 və 3-cü bəndlər 1-ci bəndin məzmunu çərçivəsində başa düşülməli və şərh olunmalıdır. Hazırki işdən görünür ki, ərizəçilərin torpaqları 9 il ərzində özgəninkiləşdirilməmişdir. Dövlətin 2002-ci il qərarında özgəninkiləşdirmənin həyata keçirilməsi zərurəti vurğulansa da, bu prosesin həyata keçirilməsi müddətləri müəyyən edilməmişdir. Eyni zamanda 2002-cil il tarixli qərarda qeyd olunurdu ki, əgər dövlət orqanı özgəninkiləşdirməni həyata keçirməyə müvəffəq olmazsa, mülkiyyətçilər torpaqlarını 3-cü şəxslərə sata bilərlər. Torpaqlara mühafizə zolağı statusunun verilməsi isə əzirəçilərin öz torpaqlardan səmərəli istifadə hüququnu məhdudlaşdırmışdır.

Məhkəmə hesab edir ki, dövlətin mülkiyyət hüququndan istifadəyə müdaxiləsinin həddləri müəyyən edilərkən ictimai maraqlar ilə mülkiyyətçilərin fərdi maraqları arasındakı tarazlıq nəzərə alınmalıdır. 2002-ci il tarixli qərarın tələbinə, 2005 və 2009-cu illərdə mülkiyyətçilərin özgəninkiləşdirmənin başlanılması müraciətinə, həmçinin özgəninkiləşdirmənin aparılmasının Dövlət Mülkiyyətinin İdarə edilməsi Qurumunun üzərinə öhdəlik qoyulması haqqında 22.10.2009-ci il tarixli məhkəmə qərarına baxmayaraq, dövlətin özgəninkiləşdirmə prosesini gecikdirməsinin ictimai maraqlar ilə fərdi maraqların (hüquqların) həyata keçirilməsi arasında tarazlığın birincinin xeyrinə pozulması, həmçinin “dövlətin mülahizə muxtariyyəti” (margin of appreciation) prinsipindən sui-istifadə edilməsi Məhkəməyə əsas verir ki, 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusunu qəbul etsin və zərərin ödənilməsi məqsədilə 44937 Avro təzminat ödənilməsini müəyyən etsin.”

 

(c) AHİM

strasburq, fransa 13/10/2016
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page