Uşaqlara qarşı zorakılığın qarşısının alınması və bu sahədə mübarizə ilə məşğul olan doqquz milli tərəfdaş qurumun nümayəndələri “Uşaqlara qarşı onlayn cinsi istismarın və sui-istifadənin (UOCİS-in) qarşısının alınması və bu sahədə mübarizəyə dair Azərbaycan qanunvericiliyi, siyasət və təcrübələri barədə təhlilə dair hesabat”-ın yekun mətnini nəzərdən keçirmək və müzakirə etmək məqsədilə Avropa Şurasının layihəsi çərçivəsində 25 Noyabr 2025-ci il tarixində Bakıda, Azərbaycanda dəyirmi masada iştirak edib.
Dəyirmi masada təqdim olunan hesabat UOCİS ilə bağlı daxili hüquqi bazanın, siyasət sənədlərinin və təcrübələrin nəzərdən keçirilməsi, həmçinin 22-23 iyul 2025-ci il tarixlərində Bakıda keçirilmiş qiymətləndirmə müsahibələrinin nəticələri əsasında hazırlanmış və daha sonra bu ilin oktyabr ayında milli layihə tərəfdaşlarının yazılı rəyləri əsasında təkmilləşdirilmişdir. Bu Təhlil hesabatı 2019-cu ildə Avropa Şurasının “Avropada uşaqlara qarşı onlayn cinsi istismar və sui-istifadəyə Son” Layihəsi (EndOCSEA@Europe) çərçivəsində aparılan Təhlilin yenilənməsidir. Hesabat müvafiq beynəlxalq standartların, o cümlədən Avropa Şurasının Azərbaycanın qoşulduğu “Uşaqların cinsi istismar və cinsi sui-istifadədən müdafiəsi haqqında” Konvensiyasının (Lanzarote Konvensiyası) və “Kibercinayətkarlıq haqqında” Konvensiyasının (Budapeşt Konvensiyası) milli müstəvidə tətbiqinin daha da təkmilləşdirilməsi üçün tövsiyələri özündə əks etdirən yol xəritəsi təqdim etmək məqsədi daşıyır.
Seminar zamanı iştirakçılar hesabatla bağlı konstruktiv müzakirə və əlavə fikir mübadiləsi aparmış, o cümlədən müzakirə mövzusunun əhəmiyyətini, səylərin davam etdirilməsinin və bu sahədə qurumlar arası və çoxsahəli koordinasiya və əməkdaşlığın təmin edilməsinin zəruriliyini qeyd etmişlər. İştirakçılardan bəziləri AŞ-nin digər üzv dövlətlərinin bu sahədə perspektivli təcrübələrinin, xüsusilə Barnahus modelinin tədqiqinə böyük marağı vurğulayıb və həmçinin uşaqların informasiya texnologiyalarından istifadəsi ilə bağlı risklər və qorunma tədbirləri ilə bağlı xüsusilə valideynlər və uşaqlar arasında önləyici tədbirlərin, erkən inkişaf mərhələsində cinsi savadlılığın və maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin əsas rolunu vurğulayıblar.
Qeyd olunan layihə 2026-cı ilin sonuna qədər davam edəcək və uşaqların zorakılıqdan, cinsi istismardan və sui-istifadədən, o cümlədən rəqəmsal mühitdə müdafiəsinin gücləndirilməsi üçün bilik və bacarıqların, məlumatlılığın artırılması və milli çərçivələrin gücləndirilməsinə dəstək istiqamətində bir sıra əlavə tədbirlər həyata keçirəcək.
Bu fəaliyyət Avropa Şurasının Azərbaycan üzrə Fəaliyyət Planına (2022-2026) əsasən “Azərbaycanda uşaqların zorakılıqdan, cinsi istismar və sui-istifadədən, o cümlədən rəqəmsal mühitdə qorunması” layihəsi çərçivəsində təşkil olunub
