Avropa Şurası üzv dövlətlərinə COVID-19 böhranının fövqəladə hallarına cavab verməkdə, eləcə də məhkumlara və həbsxana işçilərinə dəstək göstərilməsində kömək etməyə davam edir.
25 iyun 2020-ci il tarixində Avropa Şurası Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətini və Tibb Baş İdarəsini lazımi tibbi qoruyucu vasitələrlə təmin etmişdir.
Sözügedən dövlət qurumlarına ümumilikdə 3000 ədəd birdəfəlik maska, 100 xüsusi geyim dəsti, 20 əl üçün dezinfektant və 15 məsafədən ölçən termometr təhvil verilmişdir və yaxın həftələrdə FFP2 respiratorları, qoruyucu eynəklər, nebulayzerlər, səth üçün dezinfeksiyaedici vasitələr və əlcəklərin təhvil verilməsi gözlənilir.
Bu fəaliyyət həbsxanalarda səmərəli idarəetməni, tibbi xidmətin təşviq olunmasını və keçmiş məhbusların cəmiyyətə yenidən inteqrasiya olunmasına yardımı nəzərdə tutan Avropa İttifaqı və Avropa Şurası tərəfindən birgə maliyyələşdirilən və Avropa Şurası tərəfindən həyata keçirilən "Azərbaycanda penitensiar islahatlara əlavə dəstək – 2" (SPERA 2) Birgə Proqramı çərçivəsində təşkil edilir.
