Avropa Şurasının Hüquqşünaslar üçün İnsan Hüquqları Təhsili (HELP) proqramının “Uşaqların cinsi istismar və sui istifadədən müdafiəsi” mövzusunda onlayn təlim kursunun azərbaycan dilində versiyasının 25 noyabr 2025‑ci il tarixində Bakıda rəsmi təqdimatı keçirilib. Tədbir zamanı Azərbaycanda uşaq hüquqlarının qorunması istiqamətində səyləri gücləndirmək məqsədi daşıyan, onlayn özünütədris formatında olan bu təlim kursunun başlanması qeyd olunub.
Təqdimat mərasimində bu sahədə çalışan hüquq və qeyri‑hüquq təhsilli yerli peşə sahiblərindən ibarət ilk qrup iştirak edib. Milli tərəfdaşlar və layihə nümayəndələri uşaqlara qarşı zorakılığın, o cümlədən rəqəmsal mühitdə baş verən zorakılığın qarşısının alınması və belə hallarla mübarizə məqsədilə bu mövzuda bilik və bacarıqların artırılmasını və maarifləndirmə təşəbbüslərinin əhəmiyyət daşımasını vurğulayıb. Təlimatçının dəstəyi ilə onlayn formatda həyata keçirilmiş təlim nəticəsində 32 mütəxəssis — uşaqlarla birbaşa çalışan peşə sahibləri və hüquqşünaslar — uşaqların cinsi istismar və cinsi zorakılıqdan qorunması sahəsində beynəlxalq standartlar və qabaqcıl təcrübələr barədə biliklərini artırıb.
Artıq “Uşaqların cinsi istismar və sui‑istifadədən müdafiəsi” mövzusunda onlayn kurs azərbaycan dilində HELP onlayn təlim platformasında ictimaiyyətə əlçatandır. Bu mövzuda təlim ilə maraqlanan istənilən şəxs platforma üzərindən kursla tanış ola və kursu bitirə bilər.
Kurs haqqında
Avropa Şurasının “Uşaqların cinsi istismar və cinsi sui‑istifadədən müdafiəsi” mövzusunda HELP kursu hüquqşünaslar və digər peşəkarlar, eləcə də digər aidiyyatı maraqlı şəxslərin biliklərini artırmaq məqsədi daşıyan əhatəli kursdur. Kurs Avropa Şurasının “Uşaqların cinsi istismar və cinsi sui-istifadədən müdafiəsi” haqqında Lanzarote Konvensiyasının öhdəlikləri prizmasından təqdim olunur və Konvensiyaya qoşulmuş dövlətlər tərəfindən onun tətbiqinin uğurlu təcrübələrini paylaşır. Kursu başa vurduqdan sonra iştirakçılar uşaqların cinsi istismarı və cinsi sui‑istifadəsi barədə daha ətraflı məlumata malik olacaq və bu məsələyə önləyici tədbirlər, cinayət məsuliyyətinə cəlb etmə və qurbanların müdafiəsi nöqteyi nəzərindən necə yanaşmanı öyrənəcəklər.
Bu HELP kursu 2024‑cü ildə Avropa Şurasının Hüquqşünaslar üçün İnsan Hüqları Təhsili (HELP) Proqramı tərəfindən, Avropa Şurasının Uşaq Hüquqları Bölməsi ilə sıx əməkdaşlıq şəraitində hazırlanmışdır.
Hədəf auditoriya
Kurs hüquqşünaslar və ədaliyyə sahəsində çalışan əməkdaşlar (hüquqşünaslar, hüquq‑mühafizə orqanları və prokurorluq nümayəndələri, hakimlər), bilavasitə uşaqlarla və uşaqlar üçün çalışan işçilər, təhsil və sosial xidmət sahəsinin mütəxəssisləri, uşaqların müdafiəsi üzrə mütəxəssislər, icra və qanunvericilik orqanlarının nümayəndələri, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) aparatının işçiləri, qeyri‑hökumət təşkilatları və bu sahə ilə maraqlanan digər peşəkarlar üçün hazırlanıb.
Kursa necə qatılmaq olar
Kurs HELP platformasında özünütədris formatında ödənişsiz təqdim olunur. Kursun ümumi müddəti təxminən beş saatdır və kursu tamamlayanlar elektron sertifikat əldə edə bilər.
Kursa daxil olmaq üçün HELP platformasında istifadəçi hesabı olmalıdır. Platformadan ilk dəfə istifadə edirsinizsə, bir neçə dəqiqə ərzində buradan qeydiyyatdan keçə bilərsiniz.
Müvafiq mövzuda Azərbaycan dilində digər resurslarla burada tanış ola bilərsiniz:
Uşaq hüquqları — Azərbaycan dilində
Uşaqlar üçün Azərbaycan dilində maarifləndirici materiallar:
Alt paltarı qaydası- “Kiko və Beşmənlər” və s. — Uşaq hüquqları
Bu fəaliyyət Avropa Şurasının Azərbaycan üzrə Fəaliyyət Planına (2022-2026) əsasən “Azərbaycanda uşaqların zorakılıqdan, cinsi istismar və sui-istifadədən, o cümlədən rəqəmsal mühitdə müdafiəsi” layihəsi çərçivəsində təşkil olunub.
