Avropa Şurası korrupsiyaya və çirkli pulların yuyulmasına qarşı mübarizə, həmçinin qanunun aliliyi, hesabatlılıq və şəffaflığın gücləndirilməsi istiqamətində Azərbaycan hökumətinin səylərinə daim dəstək olmağa çalışır. Avropa Şurasının bu sahədə yaxından iştirakı Avropa İttifaqı və Avropa Şurasının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq (YİT) üzrə birgə proqramı və digər əvvəlki proqramlar vasitəsilə Azərbaycan Respublikasına göstərilən davamlı texniki yardımla öz təsdiqini tapır.
Əvvəlki əməkdaşlıq fəaliyyətlərindən biri olaraq, “Azərbaycanda korrupsiyaya qarşı mübarizə və onun qarşısının alınması sahəsində bacarıqların artırılması” Layihəsi çərçivəsində anti-korrupsiya anlayışları, standartları və təcrübələri barədə Azərbaycan kontekstinə həsr olunmuş fəsil də daxil olmaqla tədris vəsaiti hazırlanmışdır. Eynilə, Layihə tərəfindən yerli konteksti özündə ehtiva edən “Dövlət qulluğunda etik davranış” adlı digər vəsait tərtib edilmişdir.
Azərbaycan hökumətinin təşəbbüsü ilə bu vəsaitlər 17 iyun 2021-ci il tarixində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Elmi-Məsləhət Şurasının iclasında Şuranın Anti-korrupsiya Təlim Mərkəzinin yaradılması kontekstində təqdim edildi. Təlim Mərkəzi Azərbaycan qurumlarının korrupsiyaya qarşı mübarizə üzrə davamlı potensialını təmin edəcək və bu sahədə hökumətin iştirakını gücləndirəcək yeni bir qurum kimi fəaliyyət göstərəcək.
İclas eyni zamanda bu təşəbbüslə əlaqədar hazırlanmış digər layihə resurslarının əhəmiyyətini və mövcudluğunu vurğulamağa imkan yaratmış oldu. Avropa Şurası gələcəkdə korrupsiyaya qarşı mübarizə və etik davranış mövzuları üzrə təlimləri dəstəkləmək məqsədi ilə layihə çərçivəsində bu mövzu ilə əlaqədar Təlimçilər üçün Təlim keçmiş sertifikatlı təlimçilərin Təlim Mərkəzi tərəfindən cəlb olunmasını tövsiyə etdi. Bundan əlavə, Azərbaycanda ali təhsil müəssisələri üçün korrupsiyaya qarşı mübarizə və etik davranış kurslarını təqdim etmək və ya təkmilləşdirmək üçün layihə tərəfindən akademik heyət üçün tədris metodologiyası, kurikulum və üç dərs vəsaiti hazırlanmışdır.
Bu mühüm təşəbbüsün ən ümdə məqsədi GRECO-nun (Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu) və digər görkəmli beynəlxalq anti-korrupsiya tövsiyələrinin Azərbaycanda icrasını daha da gücləndirmək, eləcə də hökumətin korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizə istiqamətində səylərini dəstəkləməkdir.
Tədbir Avropa İttifaqı və Avropa Şurası tərəfindən birgə maliyyələşdirilən və Avropa Şurası tərəfindən icra edilən Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II proqramının (YİT II-AZ) “Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizənin və aktivlərin bərpası sahəsində fəaliyyətin gücləndirilməsi” Layihəsi çərçivəsində baş tutmuşdur.
