Avropa Şurasına əsasən, Avropada təxminən hər beş uşaqdan biri cinsi sui-istifadənin qurbanı olub. Zorakılıq qurbanı və ya şahidi olan uşaqların ehtiyaclarına uyğunlaşdırılmış ədalətə mühakiməsinə effektiv çıxışının təmin edilməsi ənənəvi, parçalanmış hüquqi yanaşmadan hərtərəfli, əlaqələndirilmiş, uşaq mərkəzli, uşaq hüquqlarına hörmət edən və inteqrasiya olunmuş cavab tədbirlərinə doğru köklü bir keçid tələb edir. Barnahus (Uşaq Evi) modeli bu keçid prosesində əsas sütun rolu oynayaraq məhkəmə-ekspertizası müsahibələrinin, tibbi müayinələrin, uşaqların müdafiəsi xidmətlərinin və terapevtik dəstəyin vahid, təhlükəsiz və uşaqyönümlü mühitdə "bir məkanda" baş tutmasını təmin edir. Uşaqların maraqlarını prosesin mərkəzinə qoymaqla Barnahus nümayiş edir ki, ədalətli və bərabər imkanlar təmin edən ədalət mühakiməsi, qanunun aliliyi və məsuliyyətin təmin edilməsi üzrə səylər eyni zamanda uşaqların effektiv müdafiəsi ilə birgə irəliləyə bilər və irəliləməlidir.
Bu modelə daha yaxından nəzər salmaq və Barnahus modeli ilə bağlı fikir mübadiləsinə şərait yaratmaq üçün 3 aprel 2026-cı il tarixdə Bakıda "Barnahus Modeli: Ədalət, Qayğı və Uşaq Hüquqlarının İnteqrasiyası" adlı dəyirmi masa keçirilib. Sessiyada müvafiq sahədə siyasəti formalaşdıran qurumların, icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının nümayəndələri, hüquqşünaslar, dəstək xidmətləri və uşaqlarla və uşaqlar üçün çalışan mütəxəssislər, vətəndaş cəmiyyəti təşkilatları da daxil olmaqla 35 yerli maraqlı tərəfdaş bir araya gəlib və çoxsahəli və qurumlararası xidmətlərin institusionallaşdırılmasını müzakirə edib.
Müzakirələr, uşaqlara qarşı zorakılığa, xüsusən də cinsi sui-istifadə və istismara qarşı mübarizə tədbirləri görərkən uşaq hüquqlarını dəstəkləyən çoxsahəli, qurumlararası sistemin inkişaf etdirilməsi zərurətini əhatə edib. Dəyirmi masada milli ekspertin uşaqlara qarşı zorakılıq, cinsi istismar və cinsi sui-istifadə hallarına ilə mübarizə üzrə milli çərçivə barədə təqdimatı və uşaqların müdafiəsi üzrə milli mexanizmlərini beynəlxalq standartlara uyğunlaşdırmaq sahəsində son təşəbbüslər barədə məlumatlar yer alıb. Bundan əlavə, İrlandiya, Moldova, Sloveniya və İspaniyadan olan dörd beynəlxalq ekspert Barnahus modelinin üstünlükləri və Barnahus modelinin müvafiq milli kontekstlərdə tətbiqi prosesi barədə çıxış edib. Onlar vahid qurumlararası prosedurların əhəmiyyətini vurğulayaraq Barnahus modelinin uşaqyönümlü və hüquqlara hörmət edən bir sistem yaradılması üçün müxtəlif milli kontekstlərə necə uyğunlaşdırıla biləcəyini təsvir ediblər.
Bu fəaliyyət, Avropa Şurasının Azərbaycan üzrə Fəaliyyət Planı (2022-2026) çərçivəsində "Azərbaycanda uşaqların zorakılıqdan, cinsi istismardan və sui-istifadədən, o cümlədən rəqəmsal mühitdə qorunması" layihəsi çərçivəsində təşkil edilmişdir.
