Azərbaycan dövlət qurumlarının nümayəndələri İsveçə səfər edərək ölkənin qadınlara qarşı zorakılığın qarşısının alınması, qorunma və təqib tədbirlərinin necə əlaqələndirildiyini öyrəndilər.
Nümayəndə heyətinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, Xarici İşlər Nazirliyi, həmçinin “Təmiz Dünya” İctimai Birliyi daxil idi.
İki gün ərzində iştirakçılar İsveç Əmək Nazirliyinin Gender Bərabərliyi Şöbəsi, Kişilərin Qadınlara Qarşı Zorakılığı üzrə Milli Bilik Mərkəzi (NCK), İsveç Gender Bərabərliyi Agentliyi, İsveç Prokurorluq Hakimiyyəti və qadın sığınacaqlarını birləşdirən milli şəbəkə olan Unizon təşkilatı ilə görüşlər keçirdilər.
Müzakirələr İsveç qurumlarının zorakılığın qarşısının alınması sahəsində əməkdaşlıq mexanizmləri, risklərin qiymətləndirilməsi üzrə metodları, məlumat mübadiləsi qaydaları, işlərin araşdırılması prosedurları və sığınacaqlar ilə dəstək xidmətlərində keyfiyyət standartlarının təmininə dair praktikasını əhatə edirdi.
Azərbaycan nümayəndələri milli cavab mexanizmlərini gücləndirmək məqsədilə İsveç təcrübəsinin bir sıra elementlərini tətbiq etməkdə maraq göstərdilər. Xüsusilə, qurumlararası əməkdaşlıq, təhlükəsiz və ardıcıl məlumat mübadiləsi, cinayət qanunvericiliyinin müvafiq müddəaları, eləcə də NCK tərəfindən peşəkarlar üçün hazırlanmış strukturlaşdırılmış təlim proqramları diqqət çəkdi.
Bu tədbir Avropa Şurası və Avropa İttifaqının birgə proqramı olan və birgə maliyyələşdirdiyi, Avropa Şurasının icra etdiyi “Azərbaycanda qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” layihəsi çərçivəsində həyata keçirilən “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq” proqramının tərkib hissəsidir.
