Asset Publisher Asset Publisher
Back

Avropa Şurasının İşgəncələrə qarşı Komitəsi Azərbaycan üzrə hesabatını açıqladı

Avropa Şurasının İşgəncələrin və Qeyri-insani və ya Ləyaqəti Alçaldan Rəftarın və ya Cəzanın Qarşısının Alınması üzrə Komitəsi (İQK) 2008-ci ilin dekabr ayında Azərbaycana etdiyi xüsusi səfərin nəticələrinə dair hesabatını Azərbaycan Hökumətinin cavabı ilə birlikdə dərc etmişdir. Bu sənədlər Azərbaycan Hökumətinin xahişi əsasında dərc edilmişdir.
26/11/2009
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page
  • Imprimer en PDF

Səfər zamanı İQK nümayəndə heyəti Qobustan həbsxanasındakı vəziyyəti (Komitə həbsxanaya 2005 və 2006-cı illərdəki səfərləri zamanı baş çəkmişdi) təhlil edib. Ömürlük həbs cəzasına məhkum edilmiş məhkumlardan bir neçəsi nümayəndə heyətinə həbsxana əməkdaşları tərəfindən məhkumlara qarşı qəsdən tətbiq edilən qeyri-insani davranış və həddən-ziyadə güc haqqında əsaslı məlumat təqdim etmişdir. Azərbaycan hakimiyyəti cavab olaraq bildirmişdir ki, Qobustan həbsxanasının əməkdaşları fiziki güc və xüsusi vasitələrdən yalnız qanunla müəyyən edilmiş istisna hallarda istifadə etməyə dair təlimatlandırılmışlar.

Həbsxananın ömürlük cəza almış məhkumların saxlandığı hissəsində nümayəndə heyəti saxlanma şəraitinin bir qədər yaxşılaşdığının şahidi olmuşdur. Lakin, ömürlük cəza almış günün 23 saatını kamerada bağlı vəziyyətdə saxlanır və onlar üçün hər hansı bir məşğuliyyət təşkil olunmur. Komitə Azərbaycan hakimiyyətini ömürlük cəza almış məhkumlar üçün kameradan kənarda məşğul ola biləcəkləri hərtərəfli rejim tərtib və tətbiq etməyə çağırır. Bundan əlavə, Komitə yenidən qeyd etmişdir ki, ömürlük cəza almış məhbusların digər məhbuslardan ayrı saxlanmasına heç bir tutarlı səbəb görmür. Hökumət öz cavabında bildirmişdir ki, Qobustan həbsxanasında məhkumların işləməsi üçün emalatxana və idmanla məşğul ola bilməsi üçün idman qurğularının yerləşdirilməsini planlayır; bundan əlavə məhbusların təhsil alması üçün şərait yaradılacaqdır.

2008-ci il səfəri zamanı İQK-nın nümayəndə heyəti həmçinin Bakıdakı Mərkəzi Penitensiar Xəstəxanaya baş çəkmişlər. O, müəyyən etmişdir ki, tibb bacılarının sayı yetərincə deyil və gündüz saat 4-dən sonra palatalarda tibbi işçiləri olmur. Bundan başqa, nümayəndə heyətində belə təəssürat yaranmışdır ki, xəstəxananın daxili xəstəliklər, narkologiya və psixiatriya palatalarında aparılan müalicə arzu olunan səviyyədən çox aşağıdır. İQK xəstəxananın tibb xidmətlərinin hərtərəfli qiymətləndirilməsini həyata keçirməyi tövsiyə etmişdir. Hakimiyyət orqanlarının cavabında xəstəxananın tibb işçiləri üçün müxtəlif təlim kurslarının keçildiyi və məhbusların müalicəsinə Səhiyyə Nazirliyindən olan ekspertlərin cəlb olunduğu qeyd edilir.

Maştağadakı 1 saylı Respublika Psixiatriya Xəstəxanasında İQK-nın nümayəndə heyəti pasiyentlərin bəzi hallarda onlarla qəddar rəftar edildiyi barədə məlumatlarını dinləmişdir, belə rəftara əsasən xəstəxananın qeyri-tibb işçiləri, bəzi hallarda isə tibb bacıları yol verir. Artıq təmir olunmuş palatalarda yaşayış şəraiti qəbulolunandır, amma təmir olunmayan palatalarda şərait çox pisdir. Ən pis vəziyyət 12 saylı palatada müşahidə edildi, palatanın iki təcrid otağında vəziyyət xüsusilə pis idi. Hakimiyyət orqanlarının cavabına görə, 12 saylı palatanın təmirinə başlanılıb və təcrid otaqları ləğv olunub.

Şəkidəki Regional Psixonevroloji Dispanserə gəldikdə (öncə İQK 2006-cı ildə buraya baş çəkmişdi), nümayəndə heyəti bir sıra müsbət dəyişiklikləri müşahidə etdi. Məsələn, deyək ki, ümumi yataq otaqlarında adamların sayı həddən artıq idi, otaqlar köhnə və baxımsız olaraq qalırdı. Cavabda dispanserin Şəki regionunda tikiləcək yeni binaya köçürülməsi barədə qərar qeyd edilmişdir.

Ümumiyyətlə, İQK tövsiyə etmişdir ki, psixiatriya müəssisələrində məhdudlaşdırıcı vasitələrdən istifadəyə dair siyasətin qəbul edilməsi üçün addımlar atılsın və məhdudlaşdırıcı vasitələrdən istifadəyə dair məlumatların qeydə alınması yaxşılaşdırılsın. Komitənin verdiyi digər tövsiyələr məcburi qaydada xəstəxanaya yerləşdirilmə kontekstində hüquqi təminatlarla, habelə pasiyentlərə qulluğun yoxlanılmasına görə cavabdeh olan müstəqil kənar qurumlar tərəfindən psixiatriya müəssisələrinə mütəmadi baş çəkilməsi sisteminin bərqərar edilməsi ilə əlaqədardır.

İQK-nın səfərə dair hesabatını və Azərbaycan Hökumətinin cavabını ingilis dilində İQK-nın İnternet saytında tapmaq olar: http://www.cpt.coe.int