Back Avropa Şurasının Baş katibi Alen Bersenin 2025-ci il Qadınlara Qarşı Zorakılığın Ləğv Edilməsi üzrə Beynəlxalq Gün münasibətilə bəyanatı

“Heç bir qadın zorakılıq qorxusu ilə yaşamamalıdır”
Avropa Şurasının Baş katibi Alen Bersenin 2025-ci il Qadınlara Qarşı Zorakılığın Ləğv Edilməsi üzrə Beynəlxalq Gün münasibətilə bəyanatı

Gender əsaslı zorakılıq Avropada qadınlara qarşı ən ciddi insan hüquqları pozuntusudur.

Demokratiya hər kəsin bərabər hüquq və ləyaqətə layiq olması, təhlükəsiz və azad yaşaya bilməsi kimi fundamental prinsipə əsaslanır. Demokratiyalarımız yeni çağırışlarla üzləşdiyi bir vaxtda qadınların hüquqları getdikcə daha çox müzakirə mövzusuna çevrilir.

Qadınlara Qarşı Zorakılığın Ləğv Edilməsi üzrə Beynəlxalq Gün ərəfəsində biz bir daha vurğulayırıq ki, heç bir qadın zorakılıq qorxusu ilə yaşamamalıdır.

Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə haqqında Avropa Şurası Konvensiyası (İstanbul Konvensiyası) qadın və qızların bütün növ gender əsaslı zorakılıqdan qorunması üçün hərtərəfli beynəlxalq sənəddir. Avropa İnsan Hüquqları Konvensiyasında təsbit olunmuş əsas insan hüquqları prinsiplərinin aydın şərhini verərək, İstanbul Konvensiyası kollektiv fəaliyyət çərçivəmizi gücləndirir. Onun əhəmiyyəti yalnız müəyyən etdiyi hüquqi standartlarda deyil, həm də zorakılığa qarşı sıfır tolerantlığa yönəlmiş düşüncə dəyişikliyindədir.

İstanbul Konvensiyası yüksək standart müəyyən edir və real dəyişikliklərə səbəb olur. Cinayət qanunvericiliyindəki boşluqlar aradan qaldırılır. Buna misal olaraq, artıq Avropanın bir çox ölkəsinin qanunvericiliyində yer alan təcavüzün razılıq əsasında müəyyən edilməsini göstərmək olar. Xüsusi istintaq və təqib bölmələri yaradılır, zərərçəkənlər üçün dəstək xidmətləri hazırlanır və tətbiq olunur, peşəkar hazırlıq gücləndirilir, milli və regional büdcələr artırılır. Milli fəaliyyət planları kimi strateji siyasət sənədləri tədricən konvensiyaya uyğunlaşdırılır və konvensiya həyatları xilas etmək üçün güclü müdafiə vasitəsinə çevrilir.

Əgər bəşəriyyətin yarısı hələ də gündəlik həyatında zorakılıqla üzləşirsə, bərabər hüquqlar vədi çox az şey ifadə edir. Qadınların təhlükəsiz olmadığı və tam şəkildə iştirak edə bilmədiyi bir yerdə demokratiya fəaliyyət göstərə bilməz. Avropanın Yeni Demokratik Paktı real bərabərliyi təmin etməklə demokratiyanı gücləndirməyə yönəlib və qadınlara qarşı zorakılığın aradan qaldırılması bu səylərin ayrılmaz hissəsidir.

İstanbul Konvensiyası qüvvəyə mindikdən cəmi on il sonra Avropada zorakılıq qurbanı olan qadınlar üçün bir növ hüquqlar bəyannaməsinə çevrilmişdir. Məişət zorakılığı, cinsi zorakılıq, məcburi evlilik, təqib və ya gender əsaslı zorakılığın digər formalarından sonra yardım istəyən qadın və qızlara həqiqətən qulaq asan hər kəs vəzifəmizin nə qədər təcili olduğunu və bu zorakılığı birlikdə aradan qaldırmaq üçün üzərimizə düşən məsuliyyəti anlayır.

Links

İstanbul Konvensiyası

Baş katib Alen Bersed

Avropa üçün Yeni Demokratik Pakt

Strazburq, Fransa 25 noyabr 2025-ci il
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page