18 noyabr Uşaqların Cinsi İstismar və Sui-istifadədən Müdafiəsi Günü ərəfəsində Avropa Şurasının Baş katibi Alen Berse məlumatların təhsil və səhiyyə sahələri, qaynar xətlər, uşaq müdafiəsi qurumları, vətəndaş cəmiyyəti təşkilatları və uşaqlar da daxil olmaqla müxtəlif mənbələrdən toplanmasının vacibliyini vurğulayıb. Bu məlumatlar daha yaxşı siyasətlərin hazırlanması, təqsirkarların məsuliyyətə cəlb edilməsi və cinsi sui-istifadənin qarşısının alınması üçün həlledici əhəmiyyət kəsb edir.
Baş katib qeyd edib ki, “Uşaqların müdafiəsi və cinayətkarların qarşısının alınması istiqamətində gördüyümüz tədbirlərin səmərəli olması üçün onlar sübuta əsaslanmalıdır. Hələ də bir çox dövlətlər yalnız cinayətlər üzrə ilkin ədliyyə məlumatlarını toplayır və ya əldə etdikləri məlumatlardan lazımi surətdə yararlanmır. Faktlar və rəqəmlər sadəcə hesabatlarda toplanıb qalmamalı, qərar verənlərə çataraq uşaqların təhlükəsizliyi sahəsəndə onların fəaliyyətninə istiqamət verməlidir. Məlumatların toplanması isə bu prosesin mühüm başlanğıcı və əhəmiyyətli bir sərmayədir”.
Lanzarote Komitəsinin məlumat toplama mexanizmləri ilə bağlı son hesabatının nəticələri cinayətərə dair statistikadan əlavə məlumat mənbələrinə əsaslanmağın vacibliyini vurğulayır. Uşaqlara qarşı bir çox seksual xarakterli cinayət faktları barədə məlumat verilmir. Məlumat toplanması sahəsində bu boşluğu aradan qaldırmaq üçün müxtəlif sahələrdən mütəxəssislərin iştirakı vacibdir. Uşaqların müdafiəsi, dəstək xidmətləri, uşaq qurbanlar və şahidlər üçün yaradılmış multidisiplinar strukturlar (məsələn, Barnahus), təhsil işçiləri və tibb işçiləri uşaqlara qarşı cinsi istismar və sui-istifadənin mahiyyətini və səbəblərini daha yaxşı anlamağa, həmçinin effektiv cavab tədbirlərini müəyyən etməyə kömək edəcək dəyərli məlumatlar toplaya bilər.
Uşaqlar, onları qorumağa yönəlmiş siyasətlərdən faydalanan əsas tərəflərdir və onlar qarşılaşdıqları risklər, yerli reallıqlar və hansı yanaşmaların uğurlu və ya uğursuz olduğunu göstərən vacib məlumatlar təqdim edə bilərlər. Uşaqların müdafiəsi ilə məşğul olan vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlıq toplanan məlumatların keyfiyyətini əhəmiyyətli dərəcədə artıra bilər. Milli tərəfdaşlardan gələn məlumatların bir mərkəzdə toplanması koordinasiyanı daha da təkmilləşdirə bilər. Bunu təmin etmək üçün bütün məlumat toplama nöqtələri məlumatların təsnifi üçün standart metodlardan istifadə etməli, təkrarlanmaların və uyğunsuzluqların qarşısını almalıdırlar.
18 noyabr - Uşaqların Cinsi İstismar və Sui-istifadədən Müdafiəsi Günü çərçivəsində Kișinyovda keçirilən bilik və bacarıqların artırılması üzrə konfransın əsas mövzusu Lanzarote Konvensiyasına üzv Dövlətlərdə məlumat toplama mexanizmlərinin gücləndirilməsidir. Bu, Avropa Şurası Nazirlər Komitəsinin Moldova Prezidentliyi dövründə təşkil olunan ilk böyük tədbirdir.
Avropa Şurası tərəfindən 2015-ci ildən qeyd edilən Uşaqların Cinsi İstismar və Sui-istifadədən Müdafiəsi Gününün məqsədi bu cinayətlərin qurbanlarına qarşı stiqmanın (damğalanmanın) qarşısının alınması üçün uşaqların cinsi istismarı və sui-istifadəsi mövzusunda məlumatlılığı artırmaq və açıq müzakirələrə şərait yaratmaqdır.
