Avropa İttifaqı (Aİ) və Avropa Şurası hər zaman və hər şəraitdə tamamən ölüm hökmünə qarşıdırlar. Yaşamaq hüququna qarşı olan ölüm hökmü qəddar, qeyri-insani və ləyaqəti alçaldan cəzadır. Ölüm hökmü qisas və ədalətsizlik deməkdir. Onun ləğvi insan ləyaqətinin gücləndirilməsinə töhfə verir.
BMT-nin üzv dövlətlərinin 74%-ni təşkil edən 142 ölkə artıq ölüm hökmündən istifadəyə ya onu cinayət məcəllələrindən çıxararaq ya da edamları uzun zamandan bəri həyata keçirməyərək son qoyub. Ləğv tendensiyası davam edir. Ölüm hökmü cəzalarının və edamların da sayı azalır. 2018-ci ildə 20 ölkədə edamlar həyata keçirilib və bu da dünya ölkələrində 10%-lik tarixi azalma anlamına gəlir.
Avropa Şurasının Avropa İnsan Hüquqları Konvensiyasının 6 və 13 saylı Protokollarını hələ də imzalamamış üzv dövlətləri onları vaxt itirmədən imzalamağa dəvət edilir. Avropa Şurası və Aİ bir daha Belarusu ölüm hökmünü ləğv etməyə və qisası insan ləyaqəti ilə əvəzləməyə qərar vermiş dövlətlərə qoşulmağa təkidlə dəvət edirlər. Onlar həmçinin ölüm hökmünü hələ də ləğv etməmiş və Avropa Şurasında müşahidəçi statusu olan dövlətləri ləğvə aparan yolda ortaya çıxan əngəllərlə bağlı dialoq aparmağa çağırırlar.
Aİ və Avropa Şurası bütün dövlətləri İşgəncədən azad ticarət üzrə qlobal alyansa qoşulmağa dəvət edir. Bu alyansda hal-hazırda işgəncənin və ölüm hökmünün reallaşdırılması üçün istifadə edilən malların ticarətini məhdudlaşdırmağa söz vermiş 62 dövlət var. Ölüm hökmünə qarşı qlobal əməkdaşlıq dəyişikliklərə səbəb ola bilər. Bu həmçinin beynəlxalq mütəşəkkil cinayətkarlığa qarşı da mübarizəyə kömək edəcək çünki ölüm hökmünü ləğv edən dövlətlər şübhəli şəxsləri ölüm hökmü ilə üzləşə biləcəkləri ölkələrə çox vaxt ekstradisiya etməyəcəklər.
Sayı getdikcə artan insanlar və liderlər ölüm hökmünün digər cəzalardan daha səmərəli və cinayətin törədilməsinə qarşı caydırıcı vasitə olmadığını və onun ictimai asayişə töhfə vermədiyini düşünürlər. Ölüm hökmü təcrübəli vəkil tutmaq imkanı olmayan zəif qruplara qeyri-proporsional şəkildə təsir edir və ölüm hökmünə məhkum edilmişlər cəmiyyətin ən təcrid edilmiş təbəqəsini təmsil etməyə davam edirlər
Qəddar cəza ölüm hökmünə məhkum edilmiş şəxslərin yaxınlarına və ilk öncə isə uşaqlarına təsir edir. Uşaqlara və ailələrə dəfn və ya kremasiyada iştiraka icazə verməməklə onların insan hüquqları xüsusən də qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalmamaq hüququ pozulur. Edama görə valideynlərini itirmiş uşaqlar uzun və dərin kədərdən və travmadan əzab çəkirlər. Heç kim bu görünməz qurbanlar kimi ölüm hökmünün yaradacağı təsiri anlaya bilməz.
Aİ və Avropa Şurası ölüm hökmü ilə bağlı məlumatlandırılmış ictimai müzakirələrinin vacibliyini vurğulayır. Təcrübə göstərir ki, edam prosesi, ölüm hökmünün ləğvi və ona alternativlər üçün irəli sürülən arqumentlər ilə bağlı insanların nə qədər çox xəbəri olarsa bir o qədər də çox adam onun ləğvi ilə razılaşar.
