Back Azərbaycanda “Uşaqların onlayn cinsi istismarı və sui-istifadəsinin qarşısının alınması və belə hallarla mübarizə” mövzusunda təlimçilərin təlimi keçirilib

Azərbaycanda  “Uşaqların onlayn cinsi istismarı və sui-istifadəsinin qarşısının alınması və belə hallarla mübarizə” mövzusunda təlimçilərin təlimi keçirilib

19-20 fevral 2026-cı il tarixlərində “Uşaqların onlayn cinsi istismarı və sui-istifadəsinin qarşısının alınması və belə hallarla mübarizə” mövzusunda iki günlük təlimçilərin təlimi (TT) zamanı 22 nümayəndə -hüquq-mühafizə orqanlarının və ədliyyə sektorunun əməkdaşları, prokurorlar, uşaqlarla və uşaqlar üçün çalışan digər mütəxəssislər Avropa Şurasının standartlarına və qabaqcıl təcrübələrinə uyğun olaraq uşaqların onlayn cinsi istismar və sui-istifadədən (UOCİS-dən) effektiv müdafiə olunması, uşaqyönümlü prinsiplər və prosedurlara dair bilik və bacarıqlarını gücləndirmək üçün bir araya gəlib. 

Təlim zamanı iştirakçılar təqdimatlar və praktiki məşğələlər vasitəsilə bu sahədə proaktiv və reaktiv istintaq araşdırmaların aparılması, cinayət prosesində uşaq qurbanların və şahidlərin qorunması, qurbanlara dəstək prosedurları və xidmətlərinin əlaqələndirilməsi, çoxsahəli və qurumlararası əməkdaşlıq kimi mövzuların nəzərdən keçirilməsində və müzakirəsində fəal iştirak edib. Sessiyalar zamanı müzakirələrdə əsas diqqət “Uşaqların cinsi istismar və cinsi sui-istifadədən müdafiəsi haqqında Konvensiya” (Lanzarote Konvensiyası) çərçivəsində maddi cinayət hüququ müddəalarına və “Kibercinayətkarlıq haqqında Konvensiya” (Budapeşt Konvensiyası) tərəfindən müəyyən edilmiş cinayət hüquqi prosedurlarına yönəlib.   

İştirakçılar həmçinin süni intellekt tərəfindən yaradılan cinsi sui-istifadə materialları ilə bağlı qarşıya çıxan çətinliklər, qanunda nəzərdə tutulmuş razılıq yaşından yuxarı yaşda uşaqlara münasibətdə səlahiyyət mövqeyində olan şəxs tərəfindən törədilən cinsi sui-istifadənin kriminallaşdırılması, uşaqların onlayn cinsi istismarı və sui-istifadəsi hallarına dair statistik məlumatların toplanması, UOCİS qarşı mübarizə sahəsində beynəlxalq və milli standartların praktikada tətbiqi sahəsində çağırışlar barədə fikir mübadiləsi apariblar. Müzakirə zamanı onlar uşaqlarla müsahibələrin etik və travmaya məruzqalmanı nəzərə almaqla həyata keçirilməsinin, məsuliyyətli media reportajlarının və valideynlər arasında rəqəmsal mühitdə uşaq hüquqlarının qorunması ilə bağlı geniş maarifləndirmə işlərinin vacibliyini vurğulayıb.     

Təlimçilərin Təliminin modulları və dərs planları ilkin olaraq Avropa Şurasının “Avropada rəqəmsal mühitdə uşaqların cinsi istismarına və sui-istifadəsinə Son qoyaq” (EndOCSEA@Europe+) layihəsi çərçivəsində hazırlanmış, təqdim edilmişdir və daha sonra ölkə üzrə layihə çərçivəsində Azərbaycan dilinə tərcümə edilmişdir. Əsasən hüquq-mühafizə orqanları və hakimlər üçün hazırlanmış təlim vəsaiti, bu sahədə praktikada çalışan mütəxəssislərə uşaqların onlayn cinsi istismarı və sui-istifadəsinə qarşı mübarizə ilə bağlı məsələlərə dərindən və hərtərəfli şəkildə yiyələnməyə dəstək olmağa çalışır. O, həmçinin bu cinayətlərin uşaq qurbanlarının tez bir zamanda müəyyən edilməsini və qorunmasını, cinayətkarların effektiv şəkildə təqib edilməsini və cəzalandırılmasını, eləcə də uşaqlara qarşı cinsi zorakılığın baş verməsinin qarşısının alınmasını təmin etməyi hədəfləyir.

Bu fəaliyyət, Avropa Şurasının Azərbaycan üzrə Fəaliyyət Planı (2022-2026) çərçivəsində "Azərbaycanda uşaqların zorakılıqdan, cinsi istismardan və sui-istifadədən, o cümlədən rəqəmsal mühitdə qorunması" layihəsi çərçivəsində təşkil edilmişdir.

Bakı, Azərbaycan 25 fevral 2026-cı il
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page