“Əlilliyi olan şəxslər üçün bərabər imkanlar: Milli mexanizmlərin gücləndirilməsi” adlı dəyirmi masa müzakirəsi, Azərbaycan və xaricdən olan dövlət qurumları, vətəndaş cəmiyyəti təşkilatları, beynəlxalq tərəfdaşlar və mütəxəssislər daxil olmaqla təxminən 50 iştirakçını bir araya gətirdi. Tədbir, mövcud mandatların qiymətləndirilməsi, qurumlararası dialoqun gücləndirilməsi və əlilliyi olan şəxslər üçün bərabərliyin təmin edilməsi məqsədilə milli mexanizmlərin təbliği üçün fürsət yaratdı.
Təqdimatlar əsasən milli bərabərlik orqanı olan Ombudsmanın yeni yaradılmış müstəqil monitorinq mexanizmlərinin rolu, xüsusən də onların əsas maraqlı tərəflər arasında əməkdaşlığın koordinasiyasındakı funksiyalarını əhatə etdi. İştirakçılar həmçinin, Avropa Şurası üzvü olan ölkələrdən, o cümlədən Türkiyə, Serbiya və Monteneqrodan gələn bərabərlik orqanlarının nümayəndələrindən beynəlxalq təcrübə barədə məlumatlar dinlədilər.
Dəyirmi masa interaktiv müzakirələr ilə davam etdi. Müzakirələr zamanı iştirakçılar mövcud çətinlikləri və prioritetləri müəyyənləşdirdilər və əlilliyi olan şəxslər üçün bərabər imkanların yaradılması istiqamətində birgə həll yollarını araşdırdılar.
Bu tədbir Avropa İttifaqı və Avropa Şurasının birgə maliyyələşdirdiyi və Avropa Şurası tərəfindən həyata keçirilən “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq” proqramı çərçivəsində, “Azərbaycanda bərabərliyin təşviqi” Layihəsi çərçivəsində təşkil olunmuşdur.
