Azərbaycan Vəkillər Kollegiyası və Maliyyə Monitorinqi Xidməti ilə birgə əməkdaşlıq çərçivəsində Avropa Şurası tərəfindən 23 və 24 fevral 2026-cı il tarixlərində iki ayrı vəkil qrupu üçün seminar təşkil olunub. Seminarın məqsədi vəkillərin çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində bilik və bacarıqlarını gücləndirmək olub. Seminar zamanı beynəlxalq standartlar və onların milli qanunvericiliklə əlaqəsi sadə və praktik şəkildə izah edilib. Sessiyalarda vəkillərin müştəri məxfiliyini qorumaq və onların əsas hüquqlarını təmin etmək şərtilə, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması və bu sahədə mübarizədə nəzarətçi rolunu necə yerinə yetirə biləcəkləri müzakirə olunub.
Seminar vəkillərə şübhəli fəaliyyətləri göstərən xəbərdarlıq əlamətlərini daha yaxşı müəyyənləşdirməyə kömək etmişdir. Praktik nümunələr vasitəsilə iştirakçılar hüquq praktikasının ölçüsü və təbiətinin, xidmət göstərdikləri müştəri növlərinin və təqdim etdikləri xidmətlərin risk səviyyəsinə necə təsir etdiyini araşdırıblar. Sessiyalarda bu amillərin necə zəiflikləri artıracağı və vəkillərin bu zəiflikləri effektiv şəkildə aradan qaldırmaq üçün atmalı olduqları praktiki addımlar vurğulanmışdır.
Seminar həmçinin hansı hüquqi xidmətlərin sui-istifadəyə daha həssas ola biləcəyini və vəkillərin gündəlik işlərində necə daha diqqətli olmalı olduqlarını daha aydın şəkildə izah etmişdir. İştirakçılar əlavə olaraq müştəri yoxlamalarının effektiv şəkildə aparılması və şirkətə son nəticədə nəzarəti həyata keçirən və ya faydalanan şəxsin daha yaxşı müəyyən edilməsi sahəsində biliklərini artırıblar. Nəhayət, sessiyalar vəkillərə qabaqcıl təcrübələri tətbiq etmək və peşəkar öhdəliklərini daha səmərəli yerinə yetirmək üçün praktik tövsiyələr və nümunələr təqdim etmişdir.
Vəkillər çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı milli mübarizə sisteminin ayrılmaz hissəsi olaraq qalırlar. Seminar nəticəsində əldə etdikləri bilik və bacarıqlarla, vəkillər milli maliyyə sisteminin bütövlüyünün təmin edilməsinə səmərəli şəkildə töhfə verəcəklər. Uzunmüddətli perspektivdə seminar hüquq peşəsinin tənzimləyici qurumlar, banklar və müştərilər arasında etimadının və nüfuzunun güclənməsinə, eyni zamanda qanuni maliyyə xidmətlərinə çıxışın yaxşılaşmasına kömək edəcək.
Tədbir Avropa İttifaqı və Avropa Şurası tərəfindən birgə maliyyələşdirilən və Avropa Şurası tərəfindən icra edilən Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq birgə proqramının “Azərbaycanda iqtisadi cinayətlərin qarşısının alınması və onunla mübarizə” Layihəsi çərçivəsində təşkil olunmuşdur.
