Cinayət yolu ilə əldə edilmiş gəlirlərin effektiv şəkildə geri qaytarılması cinayətin cəzasız qalmamasını təmin etməyə və cəmiyyətə, eləcə də vətəndaşlara vurulmuş ziyanın aradan qaldırılmasına kömək edir. Bu məqsədlə Azərbaycanda prokurorlar, müstəntiqlər, hakimlər, maliyyə kəşfiyyatı əməkdaşları və digər hüquq-mühafizə orqanlarının nümayəndələri cinayət fəaliyyətindən əldə olunmuş əmlakın müəyyən edilməsi, üzərinə həbs qoyulması, idarə olunması və bərpasına dair seminarda iştirak ediblər.
Seminar çərçivəsində iştirakçılar müsadirə tədbirləri və üzərinə həbs qoyulmuş aktivlərin idarə olunması sahəsində bilik və praktiki bacarıqlarını inkişaf etdiriblər. Eyni zamanda, mövcud milli hüquqi çərçivənin müsadirə ilə bağlı yaratdığı imkanları araşdırıb, mövcud çətinlikləri müzakirə ediblər. Bundan əlavə, cinayət yolu ilə əldə edilmiş gəlirlərin daha səmərəli şəkildə bərpasını təmin edə biləcək yeni hüquqi mexanizmlərin tətbiqi ilə bağlı tövsiyələrə nəzər salıblar.
Praktik kazus nümunələri üzərində işləyərək iştirakçılar aktivlərin bərpası prosesinin mərhələlərini ardıcıl şəkildə izləyib, bu prosesi dəstəkləyən hüquqi və institusional çərçivələri daha dərindən mənimsəyiblər. Sessiyalarda müsadirə tədbirləri və üzərinə həbs qoyulmuş əmlakın idarə olunması məsələləri əhatə olunub. Seminarda həmçinin predikativ cinayət olmadan çirkli pulların yuyulması halları, izah olunmamış sərvət barədə qərarlar, əmlak üzərinə həbs qoymanın planlaşdırılması və müsadirə edilmiş əmlakın dəyərinin qorunması kimi mövzular müzakirə edilib.
Seminarın mühüm hissəsi müsadirə edilmiş aktivlərin sosial məqsədlərlə yenidən istifadəsinə həsr olunub. İştirakçılara ölkələrin geri qaytarılmış aktivlərin bir hissəsindən hüquq-mühafizə orqanlarının fəaliyyətini dəstəkləmək və cinayətkarlıqla mübarizəni gücləndirmək üçün necə istifadə edə biləcəyi barədə məlumat təqdim edilib. Eyni zamanda, bu yanaşmanın həm üstünlükləri, həm də mümkün riskləri diqqətə çatdırılıb.
İştirakçı qurumların göstərdiyi yüksək fəallıq hökumətin Azərbaycanda aktivlərin bərpası sisteminin gücləndirilməsinə və maliyyə cinayətləri ilə mübarizə səylərinin daha da artırılmasına verdiyi önəmi əks etdirir. Praktik bilik və bacarıqlarla hüquq-mühafizə və məhkəmə orqanları nümayəndələri mövcud müsadirə alətlərindən daha səmərəli şəkildə istifadə edə bilərlər.
Tədbir Avropa İttifaqı və Avropa Şurası tərəfindən birgə maliyyələşdirilən və Avropa Şurası tərəfindən icra edilən Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq birgə proqramının “Azərbaycanda iqtisadi cinayətlərin qarşısının alınması və onunla mübarizə” Layihəsi çərçivəsində təşkil olunmuşdur.
