Avropa Şurası 21 oktyabr 2022-ci il tarixində Bakıda, Azərbaycanda “Avropa Məhkəməsi qərarlarının Azərbaycan tərəfindən icrasının gücləndirilməsinə dəstək” adlı yeni əməkdaşlıq layihəsinin təqdimatını keçirmişdir. Layihə Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olaraq insan hüquq və əsas azadlıqlarının həyata keçirilməsini gücləndirmək, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) və Avropa Şurasının digər müvafiq sənədlərinin vaxtında və səmərəli icrasını təmin etmək üçün ədliyyə sahəsində maraqlı milli tərəfdaşların potensialını inkişaf etdirmək məqsədi daşıyır. Konvensiyada təsbit olunmuş hüquqi müddəalara və AİHM-in presedent hüququna əsaslanaraq, layihə Strasburq Məhkəməsinin qərarlarının icrasına imkan yaradılmasını təmin etmək üçün mövcud milli çərçivə və təcrübələrə yenidən baxılmasını dəstəkləyəcək.
Təqdimat konfransında Avropa Şurasını, Azərbaycanın ədliyyə orqanlarını, beynəlxalq və milli maraqlı tərəfləri, vətəndaş cəmiyyəti üzvlərini təmsil edən əllidən çox nümayəndə iştirak etmişdir.