Back Ekspertlər Azərbaycanda məişət zorakılığına qarşı hüquqi və institusional tədbirləri müzakirə ediblər

Ekspertlər Azərbaycanda məişət zorakılığına qarşı hüquqi və institusional tədbirləri müzakirə ediblər

Məişət zorakılığına qarşı səmərəli mübarizə yalnız yaxşı qanunların mövcudluğu ilə məhdudlaşmır. Bunun üçün qurumlar arasında güclü əməkdaşlıq, qanunvericiliyin praktikada ardıcıl tətbiqi, eləcə də  müsbət təcrübə nümunələrinin davamlı mübadiləsi tələb olunur. Milli qurumların və beynəlxalq ekspertlərin bir araya gəlməsi mövcud təcrübəni nəzərdən keçirməyə və beynəlxalq standartlara uyğun tədbirlərin daha da gücləndirilməsi yollarını müəyyən etməyə imkan yaradır.

Bu məqsədlə Avropa Şurası “Məişət zorakılığına qarşı əməkdaşlığın və hüquqi tədbirlərin gücləndirilməsi” mövzusunda ekspertlər səviyyəsində Dəyirmi masa təşkil edib. Tədbirdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Baş Prokurorluğu, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Sosial Xidmətlər Agentliyi, Ombudsman Aparatı, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası nümayəndələri, o cümlədən vətəndaş cəmiyyəti təşkilatlarından ümumilikdə 23 nəfər iştirak edib. Müxtəlif qurumların bir araya gəlməsi Dəyirmi masanın hədəfə aldığı problemin həllində qurumlararası əməkdaşlığın təmin olunması istiqamətində mühüm addım kimi dəyərləndirilə bilər.

İştirakçılar İsveç və Moldova təcrübəsinə dair təqdimatlarla tanış olduqdan sonra, Azərbaycanda məişət zorakılığına qarşı mübarizə sahəsində mövcud qanunvericilik və institusional çərçivəni, zərərçəkmiş şəxslərin müdafiəsində və zorakılıq törədən şəxslərin məsuliyyətə cəlb olunmasında prokurorluq orqanlarının rolunu, eləcə də müvafiq qanunvericiliyin praktikada tətbiqi zamanı qarşıya çıxan çətinlikləri müzakirə ediblər.

İştirakçılar həmçinin Dəyirmi masanın onların peşəkar fəaliyyəti üçün aktual olduğunu bildiriblər. Onlar tədbirin müxtəlif ölkələrin hüquqi yanaşmaları və məişət zorakılığına dair qanunvericiliyin praktikada tətbiqi ilə bağlı faydalı məlumatlar təqdim etdiyini vurğulayıblar.

Bu tədbir Avropa Şurası və Avropa İttifaqının birgə maliyyələşdirdiyi “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq III” proqramının Avropa Şurası tərəfindən icra olunan “Azərbaycanda qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” layihəsi çərçivəsində təşkil olunub.

 

 

Bakı, Azərbaycan 24 iyul 2026
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page