Back Bakıda “Uşaq yönümlu ədalət mühakiməsi” və “Rəqəmsal mühitdə uşaq hüquqları” üzrə HELP kurslarının Azərbaycan dilindətəqdimatı keçirilib

Bakıda “Uşaq yönümlu ədalət mühakiməsi” və “Rəqəmsal mühitdə uşaq hüquqları” üzrə HELP kurslarının Azərbaycan dilindətəqdimatı keçirilib

15 oktyabr 2026-cı il tarixdə Avropa Şurası Bakıda Hüquq Mütəxəssisləri üçün İnsan Hüquqları üzrə Təhsil (HELP) Proqramının Azərbaycan dilində “Uşaq yönümlü ədalət mühakiməsi” və “Rəqəmsal mühitdə uşaq hüquqları” kurslarını rəsmi olaraq təqdim etmişdir. Təqdimat zamanı Azərbaycanda uşaq hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsinə yönəlmiş onlayn təlim kursuna start verilmişdir. Kurs iştirakçılara təlimi özlərinə uyğun sürətlə tamamlamaq və təlimçinin dəstəyindən yararlanmaq imkanı verir. Tədbirdə həm hüquq, həm də digər sahələri təmsil edən milli mütəxəssislərdən ibarət ilk iştirakçı qrupu salamlanmışdır. Milli tərəfdaşlar və layihə nümayəndələri uşaqlara qarşı zorakılığın, o cümlədən rəqəmsal mühitdə zorakılığın qarşısının alınması və ona müvafiq reaksiya verilməsi baxımından potensialın gücləndirilməsi və maarifləndirmə təşəbbüslərinin əhəmiyyətini vurğulamışlar. Təlimçinin müşayiəti ilə keçirilən kurs çərçivəsində həm bilavasitə bu sahədə çalışan, həm də hüquq və digər sahələrini təmsil edən 14 mütəxəssis uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsinə dair beynəlxalq standartlar və qabaqcıl təcrübə barədə dərin biliklər əldə edəcəkdir.

Azərbaycan kontekstinə uyğunlaşdırılmış kurs hazırda HELP onlayn platformasında ictimaiyyət üçün açıqdır və maraqlı şəxslər onu Azərbaycan dilində özlərinə uyğun sürətlə keçə bilərlər.

Kurs haqqında

İştirakçının özünə uyğun sürətlə keçirilən bu onlayn kurslar Avropa Şurasının HELP Proqramının tərkib hissəsidir və Uşaq Hüquqları Şöbəsi ilə sıx əməkdaşlıqla hazırlanmışdır. Kurslar ən mühüm beynəlxalq və Avropa sənədlərini təqdim edir, onların Avropada və ondan kənarda təcrübədə necə tətbiq olunduğunu nümayiş etdirir.

HELP metodologiyası əsasında hazırlanmış kurs uşaq hüquqları sahəsində çalışan hüquqşünasların və digər mütəxəssislərin, o cümlədən hakimlərin (xüsusilə mülki və cinayət işlərinə baxan), prokurorların, vəkillərin və məhkəmə aparatının rəhbər işçilərinin tədris ehtiyaclarına uyğunlaşdırılmışdır. Kurs həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları, milli insan hüquqları institutlarının və bərabərlik orqanlarının işçiləri, məhkəmə icraatında iştirak edən uşaq hüquqları üzrə ekspertlər, uşaqların müdafiəsi sistemində çalışan mütəxəssislər, ayrı-seçkiliyə yol verilməməsi sahəsində fəaliyyət göstərən şəxslər, eləcə də hüquq fakültələrinin tələbələri və digərləri üçün faydalıdır.

Kursun sonunda iştirakçılar uşaqların cinsi istismarı və cinsi zorakılığa məruz qalması, habelə qarşısının alınması, cinayət təqibi və müdafiə tədbirləri vasitəsilə bu hallarla mübarizə yolları barədə daha dərin anlayış əldə edəcəklər.

Kurs 2023-cü ildə Avropa Şurasının Hüquq Mütəxəssisləri üçün İnsan Hüquqları üzrə Təhsil (HELP) Proqramı tərəfindən Avropa Şurasının Uşaq Hüquqları Şöbəsi ilə sıx əməkdaşlıqla hazırlanmış və 2026-cı ildə Azərbaycan kontekstinə uyğunlaşdırılmışdır.

Hədəf auditoriya

Kurs hüquq və ədliyyə sahəsinin mütəxəssisləri, o cümlədən vəkillər, hüquq-mühafizə orqanlarının nümayəndələri, prokurorluq orqanlarının əməkdaşları və hakimlər üçün nəzərdə tutulmuşdur. Kursda həmçinin uşaqlarla və uşaqların maraqları üçün çalışan digər şəxslər, o cümlədən təhsil və sosial xidmət mütəxəssisləri, uşaqların müdafiəsi üzrə mütəxəssislər, icra və qanunvericilik orqanlarının nümayəndələri, təşviqat (advokasiya) qrupları, ombudsman aparatları və qeyri-hökumət təşkilatları, eləcə də bu sahəyə peşəkar marağı olan hər kəs iştirak edə bilər.

Kursa necə qoşulmaq olar

Kurs müstəqil öyrənmə formatında Avropa Şurasının HELP elektron təhsil platformasında ödənişsiz təqdim olunur. Kursun tamamlanması təxminən doqquz saat çəkir və onu müstəqil öyrənmə formatında başa vuran şəxslər elektron “Kursun başa vurulması haqqında arayış” əldə edə bilərlər.

Kursa daxil olmaq üçün HELP hesabınızın olması tələb olunur. Qeydiyyatdan keçmək cəmi bir neçə dəqiqə çəkir.

Bu tədbir Avropa Şurasının Azərbaycan üçün Fəaliyyət Planı (2022-2026) çərçivəsində həyata keçirilən “Azərbaycanda uşaqların zorakılıqdan, cinsi istismar və cinsi zorakılıqdan, o cümlədən rəqəmsal mühitdə müdafiəsi” layihəsi çərçivəsində təşkil olunmuşdur.

Baku, Azerbaijan 16 October 2026
  • Diminuer la taille du texte
  • Augmenter la taille du texte
  • Imprimer la page