19 may 2022-ci il tarixində Avropa Şurası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) ilə birgə Bakıda qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizədə milli parlamentlərin rolu mövzusunda məlumatlılığın artırılması üzrə tədbir təşkil etdi. Tədbirin məqsədi qadınlara qarşı zorakılıq və məişət zorakılığı sahəsində Avropa Şurası standartlarına və bu sahədə milli parlamentlərin roluna dair məlumatlılığı artırmaqdan ibarət idi.
Milli Məclisdə təmsil olunan Parlament üzvləri, AQUPDK-nin əməkdaşları və beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri də daxil olmaqla 30-dan çox iştirakçı tədbirə qatıldı. Avropa Şurasının Baş Katibi Xanım Marija Pejčinović Burić, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Xanım Bahar Muradova və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Səfir Peter Mixalko tədbirin açılış sessiyasında çıxış etdilər. Qadınlara qarşı zorakılıq və məişət zorakılığı sahəsində Avropa Şurası standartlarına həsr olunmuş birinci sessiyada Qadınlara qarşı zorakılıq əleyhinə Ekspertlər Qrupunun (GREVIO) prezidenti Xanım İris Luarasi və Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanlı hakimi Cənab Lətif Hüseynov Avropa Şurasının üzv dövlətlərə bu ciddi insan hüquqları pozuntusu ilə mübarizə aparmaqda necə kömək etdiyinə dair mövzuları işıqlandırdı. Bu standartların yerli səviyyədə təşviqində milli parlamentlərin roluna həsr olunmuş ikinci sessiyada Avropa Şurası Parlament Assambleyasının üzvləri, Azərbaycan da daxil olmaqla üzv dövlətlərin qadınlara qarşı zorakılığın qarşısının alınması və onunla mübarizə sahəsində təcrübələrinə dair təqdimatlar etdilər.
Müzakirələr zamanı iştirakçılar qadınlara qarşı zorakılıqla mübarizə sahəsində standartların təşviqində və cəmiyyətdə mövzu üzrə məlumatlılığın artırılmasında və siyasət və qanunvercilikdə düzgün dəyişikliklər istiqamətində parlament üzvlərinin əsas rolunu vurğuladılar.
Tədbir zamanı Avropa Şurasının nəşri olan “İstanbul Konvensiyası – Gender əsaslı zorakılığa son qoymaq üçün güclü vasitə. Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyası haqqında deputatlar üçün stolüstü kitab”ın Azərbaycan dilinə tərcüməsi iştirakçılara təqdim olundu.
Bu tədbir Avropa Ittifaqı və Avropa Şurası tərəfindən onların Yaxşı İdarəçilik üçün Tərəfdaşlığı II 2019-2022 çərçivəsində maliyyələşdirilən və Avropa Şurası tərəfindən icra olunan “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsi tərəfindən təşkil olunmuşdur.
Layihə haqqında daha ətraflı məlumat üçün layihənin səhifəsinə baxın.
Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II haqqında daha ətraflı məlumatı PGGII-nin səhifəsindən əldə etmək olar.