Çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi maliyyə sisteminin və bütövlükdə iqtisadiyyatın sabitliyi üçün ciddi risklər yaradır. Bu cür cinayətlər bizneslər, cəmiyyət və ayrı-ayrı şəxslər üçün ciddi nəticələrə səbəb ola bilər. Bu cinayətlətin qarşısının alınması və aşkar edilməsi müxtəlif sahələrdə çalışan mütəxəssislərin, o cümlədən auditorların birgə səylərini tələb edir. Auditorlar risklərin müəyyən edilməsində, habelə şübhəli və qeyri-adi fəaliyyətlərin aşkar edilərək diqqətə çatdırılmasında mühüm rol oynayırlar.
Avropa Şurası 8, 9 və 10 sentyabr 2026-cı il tarixlərində üç qrup auditor üçün ardıcıl olaraq birgünlük üç seminar təşkil edib. Azərbaycan Respublikasının Auditorlar Palatası və Maliyyə Monitorinqi Xidməti ilə əməkdaşlıq çərçivəsində keçirilən bu seminarlar ölkədə fəaliyyət göstərən auditorların təxminən yarısını əhatə edib. Seminarların əsas məqsədi auditorların peşə fəaliyyəti zamanı qarşılaşa biləcəkləri risklər barədə məlumatlılığını artırmaq, habelə bu risklərin müəyyən edilməsi və onların aradan qaldırılması ilə bağlı praktiki tövsiyələr təqdim etmək olub.
Müzakirələr zamanı auditorların öz peşə fəaliyyətlərini həyata keçirərkən mümkün risklərə qarşı daim diqqətli olmalarının və əsaslandırılmış peşəkar mühakimə yürütmələrinin vacibliyi vurğulanıb. İştirakçılar audit işinin düzgün planlaşdırılmasının, aparılmasının və sənədləşdirilməsinin təmin edilməsində keyfiyyətə nəzarətin əhəmiyyətini müzakirə ediblər. Həmçinin yol verilə bilən ümumi nöqsanlar və mümkün maliyyə cinayətlərinin müəyyən edilməsi məqsədilə aparılan yoxlamaların keyfiyyətinin necə təkmilləşdirilə biləcəyi nəzərdən keçirilib.
Bundan əlavə, şübhəli əməliyyatlara və ya fəaliyyətlərə işarə edə biləcək xəbərdaredici əlamətlərin müəyyənləşdirilməsinə xüsusi diqqət yetirilib. Praktiki nümunələr və konkret hallara əsaslanan situasiyalar üzərində işləyən iştirakçılar belə əlamətlərin gündəlik biznes fəaliyyətində hansı formalarda özünü göstərə biləcəyini və auditorların belə hallarla qarşılaşdıqda hansı addımları ata biləcəyini müzakirə ediblər.
Auditorların bu sahədə bilik və bacarıqlarının artırılmasına dəstək maliyyə cinayətlərinin qarşısının alınması və maliyyə sisteminin qorunmasına yönəlmiş daha geniş səylərin mühüm tərkib hissəsidir. Riskləri daha yaxşı müəyyənləşdirməklə və belə hallarda necə hərəkət etməli olduqlarını bilməklə, auditorlar şəffaflığın və hesabatlılığın daha da gücləndirilməsinə töhfə verə bilirlər. Davamlı təlim və məlumatlılığın artırılması isə daha təhlükəsiz, şəffaf və etibarlı maliyyə sisteminin formalaşmasına əlavə dəstək verir.
Tədbir Avropa İttifaqı və Avropa Şurası tərəfindən birgə maliyyələşdirilən və Avropa Şurası tərəfindən icra edilən Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq birgə proqramının “Azərbaycanda iqtisadi cinayətlərin qarşısının alınması və onunla mübarizə” Layihəsi çərçivəsində təşkil olunmuşdur.
