Azərbaycan rəsmilərindən ibarət çoxsahəli qrup 2026-cı il oktyabrın 20-21-də Barnahus modelini öyrənmək məqsədilə Sloveniyaya təcrübə mübadiləsi səfəri həyata keçirdi. Nümayəndə heyətinə uşaqların müdafiəsi sahəsində fəaliyyət göstərən müxtəlif milli qurumların nümayəndələri daxil idi ki, bu da Barnahus modelinin əsasını təşkil edən qurumlararası yanaşmanı nümayiş etdirir.
Səfər proqramı Lyublyanadakı Barnahus Uşaq Evində başlamışdır. Burada iştirakçılar Sloveniyada Barnahus haqqında Qanunun qəbul edilməsinə və bunun ardınca Barnahus modelinin ölkədə fəaliyyətə başlamasına imkan yaratmış hüquqi islahatla tanış olmuşlar. Sloveniya Ədliyyə Nazirliyinin Uşaqlara yönümlü ədalət mühakiməsi departamentinin rəhbəri Andrej Del Fabro və Sloveniya polisinin Yetkinlik yaşına çatmayanlar arasında cinayət törədənlərlə iş üzrə şöbənin rəisi Robert Tekavec hüquqi və institusional çərçivəni təqdim etmişlər. Daha sonra Uşaq Evinin direktoru Ana Šutar qurumun fəaliyyəti barədə məlumat vermiş və nümayəndə heyətini binada gəzdirərək iştirakçılara uşaqlara dost obyektin necə təşkil olunduğu və idarə edildiyi ilə yaxından tanış olmaq imkanı yaratmışdır. Nümayəndə heyəti həmçinin Ədliyyə Nazirliyində Uşaq Evinin fəaliyyətinə cavabdeh Nina Kozelj, Sloveniya Respublikası Ədliyyə Nazirliyinin Cəza Hüququ və İnsan Hüquqları Direktoratının Baş direktoru tərəfindən qəbul edilmiş, burada müzakirə və rəy mübadiləsi sessiyasında iştirak etmişdir.
İkinci gün nümayəndə heyəti Barnahus modelinin daha geniş ədliyyə və uşaqların müdafiəsi sistemləri çərçivəsində praktikada necə işlədiyini görmək məqsədilə Koper şəhərinə səfər etmişdir. Koper Yerli Məhkəməsinin ev sahibliyi etdiyi görüşdə iştirakçılar yerli dövlət prokurorunun prokurorluq orqanı ilə Uşaq Evi arasında əməkdaşlığa dair, eləcə də yerli məhkəmənin sədrinin Sloveniya məhkəmələri ilə Uşaq Evi arasında əməkdaşlığa dair çıxışlarını dinləmişlər. Məhkəmə binasında keçirilən tanışlıq turu uşaqların ehtiyaclarına həssas prosedurların necə tətbiq edildiyi barədə praktiki təsəvvür yaratmışdır. Koper Sosial İş Mərkəzinin nümayəndəsinin zorakılıq hallarında uşaqların müdafiəsi prosedurlarına dair, habelə Koper Polis İdarəsinin cinayət axtarışı üzrə müfəttişinin uşaqlara qarşı zorakılığın aşkarlanması və araşdırılmasında polisin roluna dair təqdimatları hər bir qurumun əlaqələndirilmiş fəaliyyətə necə töhfə verdiyi barədə mənzərəni tamamlamışdır.
Təcrübə mübadiləsi səfəri bilik mübadiləsi ilə məhdudlaşmamış, Azərbaycan və Sloveniya mütəxəssisləri arasında səmərəli peşəkar fikir mübadiləsi və praktiki öyrənmə üçün imkanlar yaratmışdır. Modelin fəaliyyətini təmin edən ədliyyə, prokurorluq, polis və sosial iş mütəxəssislərinin təcrübəsi ilə bilavasitə tanışlıq uşaqların müdafiəsi sahəsində öz yanaşmalarını inkişaf etdirən Azərbaycan üçün xüsusilə aktual olmuşdur. İştirakçılar həmçinin Barnahus haqqında Qanun kimi xüsusi hüquqi bazanın idarələrarası əməkdaşlığın davamlılığının təmin edilməsində oynadığı rol barədə aydın təsəvvür əldə etmişlər.
Prosedur məsələləri ilə yanaşı, səfər əməkdaşlıq ruhunun formalaşmasına da təkan vermişdir. Yeni peşəkar tərəfdaşlıqların qurulması sayəsində səfər uşaqlara qarşı zorakılıqla mübarizənin gücləndirilməsi və zorakılığa məruz qalmış uşaqlar üçün təhlükəsiz və dəstəkləyici mühitin yaradılması istiqamətində Azərbaycan və Sloveniya mütəxəssisləri arasında davamlı əməkdaşlıq üçün zəmin yaratmışdır.
