Aslanların öz tarixçiləri olana qədər ov hekayələri həmişə ovçuları tərənnüm edəcəkdir.

Afrika atalar sözü

Xülasə

İştirakçılar kollektiv şəkildə ictimai müharibə abidələrinin doğurduğu fikir və hisləri təqdim etmək üçün “etiket buludu” düzəldirlər

Əlaqədar hüquqlar

• Yaşamaq, azadlıq və şəxsi təhlükəsizlik hüququ
• Mədəni həyatda iştirak etmək hüququ
• Fikir və vicdan azadlığı

Məqsədlər

• Keçmiş müharibələr haqqında milli faktlar və miflər, eləcə də ictimai müharibə abidələrinin rolu barəsində öyrənmək
• Kreativlik və sərbəst düşünmək bacarıqlarını inkişaf etdirmək
• Təxəyyül və şəfqəti təşviq etmək

Materiallar

• Flipçart kağızının vərəqləri
• Skoç
• Çoxlu rəngli markerlər
• Müharibə xatirələrinin şəkilləri (istəyə görə)
• Etiket buludlarının nümunələri (istəyə görə)

Hazırlıq

Flipçart kağızının bir neçə vərəqini yapışdırmaqla böyük kağız düzəldin (təqribən 1.5m x 1.5m ölçüdə). Bu vərəq bütün qrup üzvlərinin onun ətrafında dura biləcəyi böyüklükdə olmalıdır. Vərəqin ortasında solğun xətt çəkin.

compass-key-date
  • 8-9 Mayİkinci Dünya Müharibəsində həyatını itirənlərin Xatırlanması və Barışma günü

Təlimatlar

1. Hər kəsin “etiket buludu” haqqında məlumatlı olduğundan əmin olun və qrupun ictimai müharibə abidələrinin oyatdığı assosiasiyaları və xatirələri nümayiş etdirmək üçün elektron olmayan etiket buludu hazırlayacağını izah edin.
2. İştirakçılardan fərdi qaydada müharibə xatirəsinə, məsələn, İkinci Dünya Müharibəsi xatirəsinə, yaxınlıqda ucaldılmış milli abidə haqqında düşünməyi xahiş edin. Onlar bu abidənin görüntüsünü xatırlamalı və onun oyatdığı hislər, fikirlər və assosiasiyaları – həm müsbət, həm də mənfi – müəyyən etməlidirlər.
3. Hər kəsi rəngli marker götürüb kağız ətrafında yer tutmağa dəvət edin. İştirakçılar fərdi işə davam edərək aşağıdakı ümumi prinsiplər əsasında böyük kağıza fərdi “etiketləri”ni yazmalıdırlar:
a. Etiketlər tamamilə fərdidir: onlar sadəcə sizin müəyyən obyekti necə qəbul etdiyinizi göstərir.
b. Mənfi assosiasiyalar mərkəzi xəttin sol tərəfinə yazılmalıdır; daha mənfi olan assosiasiyalar kağızın sol küncünə daha yaxın yazılmalıdır.
c. Müsbət hislər kağızın sağ tərəfində yazılmalıdır; daha müsbət hislər kağızın sağ küncünə daha yaxın yazılmalıdır.
d. Abidənin oyatdığı hislər güclü olduqda, onlar zəif şəkildə özünü göstərən hislərlə müqayisədə daha böyük hərflərlə yazılmalıdır.

4. İştirakçılar etiketlərini qeyd etdikdən sonra, onlardan oturub kollektiv nəticələrə baxmağı xahiş edin. Soruşun:
a. “Buludda” güclü mesajlar və ya nümunələr var?
b. Etiketlərin hər hansı biri onları təəccübləndirib?
c. Qeyd edilənlər arasında müsbət yoxsa mənfi hislər daha çoxdur?
d. Qeyd edilənlər arasında ən güclü hislər hansılardır?
e. Gələcək nəsillərin də müharibəni belə xatırlamalı olduğunu düşünürsünüz? Nə çatışmır – və ya balans harada bərpa olunmalıdır?
5. İndi isə iştirakçıları yenidən markerləri götürməyə dəvət edin. Bu dəfə onlar həqiqi, mövcud abidə haqqında deyil, özlərinin təsəvvür etdiyi – onların hər birinə görə - müharibə barəsində ən vacib mesajları verəcək abidə haqqında düşünməlidirlər. Onlar etiketləmək prosesini davam etdirməli, ilkin etiketləri yazdıqları ümumi vərəqə yeni etiketləri fərdi qaydada qeyd etməlidirlər. İlkin etiket buludunun artıq ictimai yer olduğunu və silinə bilməyəcəyini izah edin, buna görə də, yeni etiketlər əvvəlkilərdən yuxarıda
yazılmalıdır.
6. “Bulud” tamamlandıqda, iştirakçıları tam mənzərəyə baxmağa dəvət edin, daha sonra təhlil və qiymətləndirməyə keçin.

Təhlil və qiymətləndirməGoto top

Etiket buludu düzəltmək prosesini müzakirə etməklə başlayın, daha sonra, tarixi yaddaş və insan hüquqları məsələlərini nəzərdən keçirin:
• Yekun buludun şəklinə nə qədər təsir edə bildiniz? Təbliğ etməyi arzuladığınız fikirlərdən fərqli mesajların daha güclü səslənməsi sizi məyus etdi?
• İkinci buludla bağlı fərdi şəkildə çalışdınız yoxsa fikirlərinizi digərləri ilə müzakirə etdiniz və “etiketləmə” üçün güclərinizi birləşdirdiniz?
• Digər iştirakçıların etiketləri və ya artıq vərəqdə olan etiketlər sizə nə dərəcədə təsir etdi?
• Tamamlanmış bulud birincidən nə qədər fərqlənir və əsas mesajlar hansılardır?
• Yekun bulud birinci ilə müqayisədə gələcək nəsillərin İkinci Dünya Müharibəsi ilə bağlı bilməli olduğu fikirləri daha yaxşı əks etdirir? Niyə? Niyə yox?
• Niyə rəsmi abidələr müharibəni “tərənnüm edir”? Sizin fikrinizcə, müharibə tərənnüm olunmalıdır?
• Siz hətta müharibə zamanı döyüşən tərəflərin fəaliyyətini nizamlayan, Cenevrə konvensiyalarında əks olunan minimum standartların mövcudluğundan xəbərdarsınız? Onlardan hər hansı birini sadalaya bilərsiniz?
• Sizin fikrinizcə, əsgərlərin müharibədə yaşamaq hüququnu itirməsi düzgündür?
• Rəsmi abidələr qarşı tərəf, “düşmən” haqqında hansı mesajı verir? Hazırda onu necə başa düşməliyik?
• Müxtəlif növ abidələri təsəvvürünüzə gətirmək sizin üçün asan idi? Bu abidələr necə ola bilər? Sizin fikrinizcə, nə vacib idi və nəyi ən çətin hesab etdiniz?
• Abidə bizə, həqiqətən, müharibənin dəhşətlərini xatırlada bilər? Sizcə, buna çalışmalıyıq?
• Sizin fikrinizcə, müharibəni yaşayan və ya müharibədə həlak olan insanlar tarixin bu dövrünün xatırlanmasını istəyərdilər? Onların etiket buludu sizinkindən fərqlənərdi?
• Əgər yaxın adamınızı müharibədə itirmisinizsə, onun necə xatırlanmasını istəyərdiniz və gələcək nəsilə müharibə haqqında nə deyərdiniz?
• Bu məşğələ sizin insan hüquqları üzrə anlayışınızı genişləndirdi? Necə?

Fasilitator üçün məsləhətlərGoto top

Siz rənglərlə oynaya bilərsiniz. Məsələn, bütün mənfi assosiasiyaların qara rənglə, müsbət olanların isə başqa rənglə yazılmasını təklif edə bilərsiniz; və ya mərkəzi xətdən
uzaqlaşdıqca daha tünd və açıq kölgələrdən istifadə edə bilərsiniz; ya da ikinci buludun birincidən fərqlənməsini istəyirsinizsə, birinci buluddakı bütün etiketlərin bir rəngdə, 5-ci addımda əlavə edilən etiketlərin isə başqa rəngdə yazılmasını tələb edə bilərsiniz. Kömək edə biləcəyini düşünsəniz, abidələrin şəkillərindən istifadə edə bilərsiniz, lakin ilk etiketləmənin yaddaşdan tamamlanması daha effektiv olacaqdır; bu yolla, hansı mesajların daha davamlı olduğunu müəyyən edə bilərsiniz!
İlk təhlili (4-cü bənddə) qısa edin. Ondan keçmişin xatırlanması ilə bağlı müxtəlif üsulları müəyyən etmək və abidələrin alternativ formaları üzrə kreativ düşüncəni stimullaşdırmaq üçün istifadə edin. Əgər iştirakçıların fikrincə birinci buludun hadisələri lazımi şəkildə əks etdirirsə, 5-ci fəsildə Tarixi Yaddaş mövzusu üzrə məlumatdakı bəzi fikirlərdən istifadə edin.

İkinci etiketləmə zamanı, iştirakçılara mövcud buludu istədikləri kimi uyğunlaşdırmaq və bir-biri ilə fikirlərini müzakirə etmək azadlığı verin – baxmayaraq ki, əslində onlar fərdi qaydada işləməlidirlər.
İkinci turda yeni sözlərin əlavə edilməsi üçün çoxlu yer olmalıdır. Buludun qarışıq olacağını hiss edə bilərsiniz, lakin real həyatda da etiketləmə zamanı eyni hadisə baş verir– insanların əvvəlki etiketləri ilə üz-üzə qalırsınız. Yeni sözləri əvvəlkilərin üzərinə yazmağın çətinliyi yanaşmaların mədəni əsasının fərqli olduğu və hər kəsin özünəməxsus düşüncə tərzi olduğundan səsimizi eşitdirməyin çətin olduğu mesajını verməyə kömək edir. Buna baxmayaraq, əgər qrupunuz üçün fikir və hislərini təhlil etməyi asanlaşdıracağını düşünürsünüzsə, iki fərqli etiket buludu düzəldə bilərsiniz.

VariantlarGoto top

İştirakçılar etiketləri birbaşa kağızda yazmaq yerinə asanlıqla çıxarıla bilən birkalarda yaza bilərlər. Bu, ikinci etiketləmə mərhələsində dəyişikliklər etməyi asanlaşdıracaqdır,
məsələn, daha çox diqqət çəkməsi üçün bənzər etiketləri bir-birinə yaxın yerləşdirə bilərsiniz.

Əgər daha uyğundursa, İkinci Dünya Müharibəsi yerinə tarixdəki başqa hadisələrdən istifadə edə bilərsiniz – məsələn, Holokost, Birinci Dünya Müharibəsi, vətəndaş müharibəsi və ya regional müharibə önəmli olan bu hadisələrin müəyyən ictimai yolla xatırlanmasıdır.

Gənclərin müharibə ilə bağlı fikirlərini müharibəni yaşamış şəxslərin fikirləri ilə müqayisə etməsi maraqlı ola bilər. Siz ilk etiketləmə mərhələsindən sonra məşğələyə fasilə verə, iştirakçılara yaşlı nəslin nümayəndələrini müharibənin gələcək nəsillər tərəfindən necə xatırlanmasını istədikləri və onların fikrincə, mövcud müharibə abidələrinin bunun üçün yetərli olub-olmaması barəsində müsahibə etməyə imkan verə bilərsiniz.

Siz bir çox digər Kompas məşğələləri üçün, xüsusilə sərgi üçün vizual material hazırlamaq istədiyiniz halda, (əllə çəkilmiş və ya elektron) etiket buludundan istifadə edə bilərsiniz.

Alternativ əsas tarixlər, 27 yanvar – Holokostun Xatırlanması günü və ya 23 avqust – Kölə Ticarəti və Onun ləğvinin Xatırlanması üzrə Beynəlxalq gün ola bilər.

Sonrakı fəaliyyət üçün təkliflərGoto top

Yerli əhali arasında sorğu keçirməklə müharibə komandirləri və məhşur döyüşlərin şərəfinə adlandırılmış küçələrin və sülh uğrunda çalışmış məhşur şəxslərin xatirəsinə
adlandırılmış küçələrin sayını müəyyən edin. Bələdiyyədən küçələrin adlarına kim tərəfindən qərar verildiyini öyrənin və xatırlanmalı olduğunu düşündüyünüz şəxslərin adlarını təklif edin.
Əgər gənclər etiket buludlarının əslində necə göründüyünü görmək istəyirlərsə, 2 könüllüdən etiketləri sənəddə çap etməyi və http://www.wordle.net/create. linkindəki ekrana
yerləşdirməyi xahiş edə bilərsiniz Bundan sonra, onlar həmin sənədi çap edə və abidələr barəsində fikirlərinin əksi kimi ictimai qalereyada saxlaya bilərlər.

Tarixi Yaddaş, Berlində Hitlerin Olimpiya stadionu və bu tikili ilə nə edilməli olduğu ilə bağlı məsələləri əhatə edən “Bircə dəqiqə” məşğələsinə baxa bilərsiniz.

Əgər qrup qadın və kişi qəhrəmanlar, eləcə də onları xatırlayıb hörmət göstərməyimizin səbəbləri haqqında düşünmək istəyərsə, “Qadın və kişi qəhrəmanlar” məşğələsini edə bilərsiniz.

Fəaliyyət üçün fikirlərGoto top

Məşğələni bir sessiyada aparsanız belə, gəncləri yaşlı nəslin nümayəndələri ilə danışmağa və daha yaxşı məlumatlanmağa həvəsləndirə bilərsiniz. Sülh üçün çalışmış qəhrəmanı xatırlamaq məqsədilə tədbir keçirin. Bu, musiqi və rəqsli festival, sərgi və ya xatırlamaq üçün kollektiv abidə tikdiyiniz “mərasim” ola bilər.

Hadisəni elan edin və insanlardan onlar üçün xatırlamanı təcəssüm etdirən əşya ilə töhfə verməyi xahiş edin.  Bu, istənilən əşya ola bilər, məsələn, ağ lalə, müharibədə itirdiyiniz qohumunuzun şəkli və ya ölkənizə gəlib sığınacaq istəmiş şəxsin geyindiyi ayaqqabılar.

Əlavə məlumatGoto top

“Etiket buludu” və ya “söz buludu” (və ya vizual dizaynda “ölçülmüş siyahı”) “etiketlər” və ya açar sözlərin vizual təsviridir. Adətən, sözlər əlifba sırası ilə düzülür və etiketin əhəmiyyəti şriftin rəngi və ya ölçüsü ilə göstərilir; beləliklə, etiket buludu kreativ qrafik sayıla bilər. Bu fikirin yarandığı İnternetdə etiketlər adətən etiketlə bağlı məlumatlar toplusuna aparan hiperlinklər kimi verilir.

Növbəti səhifədə etiketlərin necə görünə biləcəyini göstərən nümunə verilmişdir.

Paylanmalı materiallarGoto top

PDF kimi yüklə

Təlimatlar
• Vərəqin ortasında solğun xətt çəkin.
• Mənfi assosiasiyalar mərkəzi xəttin sol tərəfinə yazılmalıdır; daha mənfi olan assosiasiyalar kağızın sol küncünə daha yaxın yazılmalıdır.
• Müsbət hislər kağızın sağ tərəfində yazılmalıdır; daha müsbət hislər kağızın sağ küncünə daha yaxın yazılmalıdır.
• Abidənin oyatdığı hislər güclü olduqda onlar zəif şəkildə özünü göstərən hislərlə müqayisədə daha böyük hərflərlə yazılmalıdır.

Etiket vərəqinin nümunəsi

Image: Example of a tag sheet